Yuxarı

Qlobal ticarətin bərpası mümkün olacaq? - "2021-ci ildə pandemiya tamamilə yox olsa belə...”

Qlobal ticarətin bərpası mümkün olacaq? -

Qlobal ticarətin bərpası mümkün olacaq? -

Koronavirus pandemiyası qlobal ticarət dövriyyəsinə ciddi zərbə vurub.

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) koronavirus pandemiyası fonunda 2020-ci ildə dünya ticarətində 9,2% azalma olacağını proqnozlaşdırır.

Bu məlumat təşkilatın Cenevrədə dərc olunan hesabatında verilib.

"ÜTT 2020-ci ildə qlobal əmtəə ticarətində 9,2% azalma proqnozlaşdırır. Bunun ardınca 2021-ci ildə 7,2%-lik artım olacaq”, - təşkilatdan bildirilib.

Xatırladaq ki, apreldə ÜTT bu il dünya əmtəə ticarətində 13%-dən 32%-ə qədər azalma olacağını proqnozlaşdırmışdı.

Məlumdur ki, pandemiya şəraiti davam etsə də, artıq Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyəsi ilə dünya ölkələri iqtisadiyyatlarını tam qapamırlar. Karantin tədbirləri lokal olaraq həyata keçirilir. Bununla belə, ölkələr arasında gediş-gəlişin tam bərpa olunmasından danışmaq mümkün deyil. Ekspertlər hələ bu məsələdə ölkələrin ehtiyatlı yanaşacağını düşünürlər.

Belə olan təqdirdə gələn ildən etibarən qlobal ticarət dövriyyəsinin bərpa ediləcəyini gözləmək olarmı, yoxsa bu azalma sonrakı illərdə də müşahidə olunacaq?

İqtisadçı Pərviz Heydərov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, cari ildə pandemiya şəraiti bütün iqtisadi sahələrdə aktivliyi demək olar "0” səviyyəsinə endirmiş oldu:

"Dünyanın ən strateji məhsulu olan neftin qiyməti son on il ərzində heç zaman qeydə alınmayan bir həddə çatdı - qiymət 20 dollara qədər endi. Bu da tələbin hədsiz dərəcədə aşağı enməsi ilə əlaqədar idi. Təbii ki, bu dünya iqtisadiyyatının digər sahələrinə də aiddir. Hazırda dünya ölkələri pandemiyadan post pandemiya dövrünə keçid mərhələsini yaşayır. Hələ tam olaraq dünyanın post-pandemiya dövrünə qədəm qoyduğunu demək çətindir. Amma hazırda daha əvvəl olduğu kimi tam karantin vəziyyəti yoxdur. Müəyyən dərəcədə iqtisadi sahələr açılıb, işgüzarlıq səviyyəsi artım nümayiş etdirməkdədir. Pandemiyadan əvvəlki səviyyədə olmasa da, müəyyən canlanma var”.

Bununla belə iqtisadçı hesab edir ki, ticarət dövriyyəsinin də birdən-birə artaraq, pandemiyadan əvvəlki səviyyəyə çatacağını gözləmək əbəsdir:

"Qarşıdan gələn 2021-ci ildə pandemiya tamamilə aradan götürülsə belə, dünya üzrə ticarət dövriyyəsi ancaq bərpa olunmağa başlanacaq. Pandemiyaya qədərki göstəricilərin qısa müddətə qeydə alınacağını gözləmək olmaz”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları