Yuxarı

Ermənistan iqtisadiyyatı nə qədər davam gətirəcək?- "Müharibə 2 ay sürərsə…”

Ermənistan iqtisadiyyatı nə qədər davam gətirəcək?-

Ermənistan iqtisadiyyatı nə qədər davam gətirəcək?-

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları davam edir. Azərbaycan ordusunun əks-həmlələri nəticəsində düşmən tərəfi çoxsaylı itkilər verib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Həmçinin döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu sıradan çıxarılıb.

Məlumdur ki, Ermənistan iqtisadi cəhətdən heç də yaxşı durumda deyil.

Bəs, hərbi əməliyyatlar davam edəcəyi təqdirdə Ermənistan iqtisadiyyatı buna nə qədər davam gətirmək gücündədir?

Qeyd edək ki, Ermənistan Maliyyə Nazirliyinin cari ilin birinci yarısının nəticələri üzrə açıqladığı statistik göstəricilərə əsasən, ölkənin ümumi dövlət borcu 7 milyard 721 milyon ABŞ dollarına çatıb. Bu il üçün dövlət büdcəsinin gəlirləri isə 1,7 trilyon dramdır (3,5 milyard dollar). Bu isə xarici borcun dövlət büdcəsindən 2 dəfədən çox olması deməkdir. Dövlət borcunun 5 milyard 984 milyon dollarlıq hissəsi xarici borcun payına düşür.

Beynəlxalq Dövlət Borcunun İdarəedilməsi Şəbəkəsi iki ay öncə Ermənistanın maliyyə təhlükəsizliyinin təhdidlə üzləşməsi barədə məlumat yayıb. Qeyd olunub ki, Ermənistanın ümumi dövlət borcunun 80 faizi xarici valyutadadır və hazırda Ermənistanın xarici borcu maliyyə təhlükəsizliyi üzrə bütün normaları aşıb. Xarici borc ölkənin ÜDM-nin 42 faizi civarındadır. Qurumun məlumatında bildirilib ki, maliyyə təhlükəsizliyi, bütövlükdə iqtisadi təhlükəsizliyi təhdid altında olan bir ölkənin Azərbaycana qarşı provokasiyalara getməsi sonun başlanğıcıdır.

Dünya Bankı Ermənistanın dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin qarşıdakı dövrdə daha da pisləşəcəyini və ilin sonuna qədər 57,2 faizə çatacağını proqnozlaşdırıb.

İqtisadçı Rəşad Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Ermənistanın mövcud müharibəni uzunmüddətli davam etdirmək imkanı yoxdur:

"Ermənistanın iqtisadiyyatı Azərbaycanın deyil, Abşeronun iqtisadiyyatından 3 dəfə kiçikdir. Azərbaycanla müqayisədə ümumdaxili məhsul istehsalı təxminən 5 dəfə azdır. Müdafiə Nazirliyinin açıqlamalarından da görünür ki, Ermənistanın çox ciddi itkisi var, bu da çox xərcli bir prosesdir. Digər tərəfdən pandemiya səbəbindən Ermənistan iqtisadiyyatında ressesiya başlanıb, milli valyutanın dəyərsizləşməsi prosesi gedir. Artıq 23-25 faiz Ermənistan dramının öz dəyərini itirib. Ən yaxşı halda kənar güclər - Rusiya, İran tərəfindən dəstək olmasa, Ermənistan lobbisinin maliyyə çıxışları və dəstəyi nəzərə alınmaqla ölkə iqtisadiyyatının 2 ay müddətində müharibəyə davam gətirmə gücü var. Amma 2 ay davam edəcək müharibə Ermənistan iqtisadiyyatını 5-7 il geri sala bilər. Bu isə indiki şərtlər daxilində faktiki olaraq Azərbaycanın prosesdə üstünlüyü ələ alması üçün kifayət qədər əlavə imkan formalaşdırır”.

Belə olan təqdirdə Ermənistan buna gedəcəkmi?

İqtisadçı deyir ki, indiki şərtlər daxilində Ermənistan hökuməti çıxılmaz vəziyyətdədir:

"Bununla yanaşı da qərar qəbul etmək iqtidarında deyil. Hər kəsə məlumdur ki, müharibə Azərbaycanla Ermənistan arasında getmir. Bu Ermənistanın digər tərəfləri cəlb etdiyi müharibədir. Əsasən Rusiya, İran, Fransa, erməni lobbisi tərəfindən maliyyələşdirilən və qərarların qəbul edildiyi müharibədir. Bu baxımdan da Ermənistanın indiki siyasi hakimiyyəti ola bilsin ki, müharibənin uzun müddət davam etdirilməsində maraqlı deyil, hətta Azərbaycanın şərtlərini də qısa müddətdə qəbul etməyə hazırdır, amma digər tərəflərin marağını nəzərə alsaq, proses o qədər də asan olmayacaq”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları