Yuxarı

Nüvə aliminin ölümündə müəmma: Rejim düşmən axtarışına başlayır

Nüvə aliminin ölümündə müəmma: Rejim düşmən axtarışına başlayır

Nüvə aliminin ölümündə müəmma: Rejim düşmən axtarışına başlayır

İranın məşhur nüvə alimi Möhsün Fəxrizadənin ölümü ilə bağlı qalmaqal getdikcə böyüyür.

İddia olunur ki, Möhsün Fəxrizadəni İsrailin İran daxilində 62 nəfərlik bir sui-qəsd dəstəsi qətlə yetirib.

Belə ki, elm adamının o gün Absarddakı villasına gedəcəyi haqqında məlumat "Mossad”ın Təl-Əvivdəki mərkəzinə çatan kimi, bu 62 nəfərlik sui-qəsd dəstəsinin liderinə "Hərəkətə keç!” əmri verilib. Bu 62 nəfərlik sui-qəsd dəstəsinin 50 nəfərinin vəzifəsinin "lojistik” dəstək vermək olduğu, 12-nin isə sui-qəsdi həyata keçirəcək "Çirkli onikilik” adlandırılan qrupu təşkil etdiyi söylənilir.

İddiaya görə, iki mühafizə avtomobili ilə evinə gedən alimin mühafizə avtomobilləri sıradan çıxardılıb. Mühafizə avtomobilləri yox edildikdən sonra hədəfin olduğu avtomobilə qrup rəhbərinin liderliyilə 12 nəfərlik qrup, - 4-ü motosikllə, digərləri avtomobillə, - yaxınlaşmış, iranlı elm adamı avtomobildən çıxarılıb və birbaşa qrup rəhbəri tərəfindən ortadan qaldırılıb. Eyni zamanda hadisədə İranın daxilindəki əks fikirli qüvvələrin bu cinayətdə əli ola biləcəyi iddiaları da səslənməkdədir.

Sabiq Prezident Əbülfəz Elçibəyin köməkçisi, politoloq Oqtay Qasımov "Cümhuriyət”ə açıqlamasında deyib ki, İranda hakimiyyətdəki mühafizəkar və islahatçı qüvvələr M. Fəxrizadənin ölümündən bir-birlərinə qarşı istifadə edə bilərlər:

"Möhsün Fəxrizadə İranın öldürülən sayca 5-ci nüvə alimidir. Bu süi-qəsdlərin İranı özünə rəqib görən və ya onunla düşmənçilik edən dövlətlər tərəfindən həyata keçirildiyi düşünülür. Bununla bağlı İran KİV-lərində və dövlətin rəsmi dairələrində iki dövlət günahlandırılır. Bunlardan birincisi İsrail, ikincisi isə Amerikadır. Hesab olunur ki, bu sui-qəsd aktları İsrailin xüsusi kəşfiyyat orqanı olan "Mossad” tərəfindən həyata keçirilib. Bu barədə İran rəsmiləri hər hansı bir məlumat verməsə də ən çox xəbərlər bu istiqamətdə yayımlanır. Təbii ki, bunlar versiyalardır və həqiqət payının olub-olmadığını bilmirik. Ona görə də İran daxilində günahkar axtarışına başlana və əks düşüncəli insanlar aradan götürülə bilər. Məlum olduğu kimi, İranın daxilində müxtəlif cərəyanların təmsilçisi olanlar var. Onlar hakimiyyətdəki dini rejimlər razı deyillər və aralarındakı çəkişmələr inkişaf edir. O baxımdan mümkündür ki, həmin qüvvələrə qarşı Fəxrizadənin ölümü hadisəsindən istifadə olunsun. Yəni bu baxımdan tərəflərin bu hadisədən bir-birlərinə qarşı istifadə etməsi mümkündür və istisna etmirəm. Əgər bu baş tutarsa və qarşıdurma dərinləşərsə, hakimiyyətdə parçalanma baş verə bilər”.

Politoloq hesab edir ki, Fəxrizadənin ölümündə 62 nəfərlik "Mossad” üzvünün günahlandırılması o qədər də həqiqətə oxşamır:

"Möhsün Fəxrizadənin ölümündə İsrail və ya ABŞ günahlandırılsa da ölkə rəhbərliyi səviyyəsində kimin öldürdüyü barədə konkret fikirlər səslənmir. Lakin Fəxrizadənin qisasının alınacağını Xamneyi, Ruhani və ölkənin digər güc strukturlarının rəhbərləri də bəyan etdilər. Amma konkret olaraq kimdən şübhələndiklərini demirlər. Ona görə də Fəxrizadənin 62 nəfərlik "Mossad” qüvvələri tərəfindən qətlə yetirilməsi və digər fikirlər daha çox jurnalist təxəyyülünün məhsuluna bənzəyir. Amma sözsüz ki, digər ölkələrlə bərabər, İsrailin də İran ərazisində kəşfiyyat qrupları ola bilər”.

Əli Bədir





Həftənin ən çox oxunanları