Yuxarı

Abbas Lisaninin həyatı təhlükədə: "Öldürüb, adını "COVID-19-dan öldü” qoyacaqlar”

Abbas Lisaninin həyatı təhlükədə:

Abbas Lisaninin həyatı təhlükədə:

Güney Azərbaycan Milli Hərəkatının tanınmış liderlərindən biri Abbas Lisaninin həyat təhlükə qarşısındadır.

Ərdəbil həbsxanasında saxlanılan Abbas Lisaninin koronavirusa yoluxduğu bildirilir. Həbsxana yoldaşlarının dediyinə görə, Abbas Lisani nəfəs almaqda çətinlik çəkir. Onda quru öskürək və halsızlıq var. Tənəffüs sistemi zədələnən güneyli liderin səhhəti getdikcə pisləşir. Lakin buna baxmayaraq həbsxana rəhbərləri onunla maraqlanmır. Ona və digər koronaviruslu məhbuslara yalnız qrip əleyhinə siroplar verilib.

Lisaninin həbsxana yoldaşı Yusif Kari bildirib ki, kəskin ağciyər problemləri, öskürək, nəfəs çatımazlığı, yüksək qızdırma, şiddətli əzələ ağrıları olduğu üçün Lisani Ərdəbil həbsxanasının tibb mərkəzində müayinə edilib. Həkimlər ona yalnız şərbət, bromeksin, asetaminofen həbləri və tənəffüs spreyi veriblər. Onlar (həkimlər), hesabatlarında A.Lisaninin vəziyyətinin ciddiliyini nəzərə alaraq həbsxanadan kənar xəstəxanaya göndərilməsi ilə bağlı müvafiq orqanlara qəti rəy göndərdiklərini bildiriblər. Onlar Lisaninin vəziyyətinin ağırlığını nəzərə alaraq məsuliyyət daşımaq istəmədiklərini deyiblər.

Bir müddət əvvəl, Yusif Kari ailəsi ilə telefon danışığı zamanı Ərdəbil həbsxanasının səhiyyə işçilərinin dilindən bildirmişdi ki, yeddinci bölmədə (Abbas Lisani həmin bölmədə saxlanılır-red), o cümlədən, həbsxananın dördüncü və beşinci bölmələrində koronovirus simptomları müşahidə olunan və infeksiyaya yoluxmaqda şübhəli bilinən məhkumlar tibbi məzuniyyətə buraxılıb. Lakin Abbas Lisaninin vəziyyətini xeyli ağır olmasına baxmayaraq, həbsxana rəhbərliyi onu bu hüquqdan məhrum edib.

Bütöv Azərbaycan Ocaqları (BAO) Mərkəzi Şurasının üzvü, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli "Cümhuriyət”ə açıqlamasında bildirib ki, Abbas Lisaninin və digər güneyli məhbusların taleyinə biganə qalmaq olmaz:

"Azərbaycanın insan haqları təşilatlarını və siyasi patiyaları Abbas Lisani ilə bağlı susmamağa çağırıram. Bu məsələ güneydə gündəmdədir və mən bunu mətbuatdan izləyirəm. Hesab edirəm ki, İran hakimiyyətinin Abbas Lisaniyə qarşı etdiyi hərəkətin adı şovinizmdir. Bu Abbas Lisaniyə qarşı atılmış qeyri-insani addımdır. Ərdəbil həbsxanasında koronavirusla bağlı vəziyyət pisdir. Ona görə də bir çox məhbusu tibbi məzuniyyətə buraxıblar. Lakin Abbas Lisanini və bizim Urmiyadan həbs olunan siyasi məhbuslarımız var ki, onlar koronavirusa yoluxublar, amma həbsxanadan buraxmaq istəmirlər. İran rejimi Abbas Lisanidən elə qorxur ki, onu koronavirus vasitəsi ilə öldürməyə çalışır. Molla rejimi hesab edir ki, Lisanini öldürsələr, onun yolunu davam etdirən olmayacaq. Amma onlar unudurlar ki, bu müddət ərzində neçə Abbas Lisanilər yetişib. Milli Hərakat Abbas Lisaniyə qədər də var idi. Buradan Azərbaycan Milli Məclisinə müraciət edirəm ki, Abbas Lisani ilə bağlı vəziyyəti gündəmə gətirsin. Çünki soydaşımız Abbas Lisani ağır vəziyyətlə üzləşib”.

BAO təmsilçisi hesab edir ki, beynəlxalq təşkilatlar bu məsələdə qəribə susqunluk nümayiş etdirir:

"Dünya İnsan Hüquqları təşkilatları bu məsələdə susqunluq göstərir. Hətta heyvanın belə hüququ qorunur, amma Abbas Lisani və onun kimilərin hüquqlarının pozulmasına göz yumulur. Çox təəssüf edirəm ki, Azərbaycanda insan hüquqları təkilatları buna susqunluq göstərirlər, heç bir müvafiq hərəkət etmirlər. Azərbaycanın siyasi partiyalarını və ictimai təşkilatlarını da bizimlə həmrəy olmağa çağırıram. Onlardan istəyim odur ki, İran hökumətinin bu qanunsuz hərəkətinin qarşısını almaq üçün müvafiq addımlar atsınlar. Əks halda Abbas Lisani kimi bir mücahidin həyatına son qoyulacaq və İran rejimi arzusuna çatacaq”.

Qarabağın işğaldan azad olunması Güney Azərbaycanda böyük əks-səda doğurdu. Dilavər Əzimli hesab edir ki, İran hakimiyyəti ordumuzun uğurlarına sevinən güneylilərə divan tutub, onlara hər cür təzyiqlər edib:

"Cənubi Azərbaycandan olan soydaşlarımız Şuşanın azad edilməsi ilə bağlı qurbanlar kəsəndə onları həbs edirdilər. Ona görə də məsələ Şimali Azərbaycanda gündəmə gətirilib, qabardılmalıdır. Bütün ictimai təşkilatlar səslənirəm: gəlin İran səfirliyi qarşısında piket keçirək, ədalətsizliyə etirazımızı bildirək. Bunun üçün kimdənsə razılıq da gözləməməliyik. Çünki mücahidimizin həyatı ciddi təhlükə altındadır. Onu öldürüb, adını da "koronavirusdan öldü” qoyacaqlar. Məndə olan məlumatlara görə, Cənubda insanlar fərdi şəkildə bu məsələ ilə bağlı hökumətə müraciət ediblar. Ancaq onların kütləvi etirazına imkan verilmir”.

Əli Bədir





Həftənin ən çox oxunanları