Yuxarı

Fransanın Türkiyə qərəzi: NATO-nu da zəiflədir

Fransanın Türkiyə qərəzi: NATO-nu da zəiflədir

Fransanın Türkiyə qərəzi: NATO-nu da zəiflədir

Qardaş Türkiyənin hər gün daha da güclənməsi bir sıra ölkələri, xüsusən də Fransanı narahat edir.

Fransanın Türkiyəyə qarşı sərgilədiyi aqressiv və ədalətsiz mövqe bu iki dövləti bir sıra sahələrdə üz-üzə qoyur. Liviya məsələsində qardaş Türkiyə ilə qarşı-qarşıya gələn Fransa, Şərqi Aralıq dənizi məsələsində də eyni aqibəti yaşamasına səbəb oldu. Çünki Fransa Şərqi Aralıq dənizi ilə bağlı bir daha qanunsuz mövqedən çıxış edərək, haqsız tələblərlə çıxış edən Yunanıstanın tərəfində olduğunu bildirdi.

Hətta bununla yetinməyən Emmanuel Makron Avropa dövlətlərini də Yunanıstana dəstək verməyə çağırdı. Fransa Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələdə də Türkiyəni suçlamağa, ona təzyiq göstərməyə çalışdı. Lakin müstəqil xarici siyasət yürüdən Türkiyə Cümhuriyyəti bunları cavabsız qoymadı və diplomatik dillə Makrona dərs verdi. Türkiyənin Mərmərə Universitetinin professoru Okan Yeşilot qeyd edir ki, Qarabağda sonuncu qarşıdurma başlayanda Fransa tərəfləri dayanmağa çağırdı və Türkiyənin Azərbaycana verdiyi dəstəkdən narahat olduğunu açıqladı.

Fransanın bu açıqlamasına ölkədəki erməni diasporunun təsiri olsa da, bu reaksiyanın əsl səbəbi Parisin Liviya və Aralıq dənizinin şərqində Türkiyə ilə yaşadığı gəginlikdir. Göründüyü kimi, türkiyəli siyasilər də Makronun əsl niyyətinin müharibədən narahatlıq olmadığını qeyd edirlər. Fransa Senatının "DQR”-in tanınmasına çağıran məsləhətçi qərarı əslində onun əsl mahiyyətini və regionda münaqişələri həll etmək deyil, qızışdırmaq missiyasından çıxış etdiyini sərgiləmiş oldu. Professor Okan Yeşilot hesab edir ki, Fransa yürütdüyü beynəlxalq siyasəti nəzərdən keçirməsə, bundan sonrakı mərhələlərdə də Türkiyə ilə bir çox sahədə üz-üzə qalacaq.

Münasibətlər belə davam edərsə, bu perspektivdə NATO-da parçalanmaya yol aça bilərmi?

Politoloq Fikrət Sadıqov "Cümhuriyət”ə açıqlamasında deyib ki, Fransanın Türkiyəyə qarşı aqressiv mövqeyini davam etdirməsi perspektivdə NATO daxilində qarşıdurmaları gücləndirə və bu bloku zəiflədə bilər:

"Fransa ilə Türkiyə arasında gedən hazırkı proseslər çoxdankı vəziyyətin davamıdır. Türkiyə- Fransa münasibətlərinin gərginləşməsi son illərdə özünü qabarıq şəkildə əks etdirir. Fransa yalnız Dağlıq Qarabağ məsələsində deyil, Şimali Kipr, Liviya, Şərqi Aralıq dənizi məsələlərində də haqsız olaraq Türkiyəyə qarşı çıxır. Fransa uzun illər Türkiyəni qəbul etmirdi, onun Avropa İttifaqına girməsinə razı deyildi. Eyni zamanda Fransa Türkiyəni yaxın tərəfdaş kimi də tanımırdı. Baxmayaraq ki, bu dövlətlərin hər ikisi NATO üzvüdür. Bu da o deməkdir ki, Fransa özlüyündə Türkiyənin güclənməsindən çox narahatdır. Fransa Türkiyənin regionda güclənməsini və təsir gücünün artmasını özünə təhdid kimi dəyərləndirir. Artıq NATO-nun özündə də bir sıra proseslər gedir. Hətta ABŞ özü Trampın dili ilə bildirmişdi ki, biz NATO-nun tərkibinə və onun siyasi prioritetlərinə yenidən baxmalıyıq.

Digər tərəfdən Makron da NATO-da ABŞ kimi bir aparıcı dövlətin Fransaya lazım olmadığını bildirmişdi. Türkiyə NATO-da ən böyük hərbi gücə malik olan ikinci dövlətdir. Hesab etmirəm ki, Fransa ilə Türkiyənin bu mövqeyi qarşıdurmaya gətirib çıxara bilər. Amma münasibətlər belə davam edərsə, daha da ziddiyyətli proseslərə gətirib çıxaracaq. Yəni əgər NATO Türkiyənin maraqlarına zidd olan hansısa qərar qəbul edərsə, Ankara onu qəbul etməyəcək. Bunun özü NATO daxilində qarşıdurmadır. Son illər NATO-da belə qarşıdurmalar müşahidə olunur və Fransa bu məsələdə Türkiyəyə qarşı radikal mövqe tutur. Xüsusən onun Türkiyənin əleyhinə radikal çağırışları edib, xarici siyasət aparması qarşıdurmaları daha da dərinləşdirir. Bu isə müəyyən dərəcədə NATO-nun zəifləməsinə gətirib çıxara bilər. Əgər Türkiyə NATO-da olmasa və onun birgə addımlarına qoşulmasa, əlbəttə bu NATO-nun zəifləməsinə gətirib çıxara bilər. Bu birmənalıdır. Fransanın bu mövqeyi eyni zamanda Türkiyə-Rusiya yaxınlaşmasını zəruri edir ki, bu da NATO rəhbərliyini və xüsusən də Fransanı narahat edir.

Artıq Rusiya Türkiyə ilə həm Suriya, həm də Cənubi Qafqazda Dağlıq Qarabağ məsələsində bir araya gəlib. Amma Türkiyə ona diktə edilən məcburi məsələlərə heç vaxt baş əyməyəcək. Çünki Türkiyə əvvəlki deyil və kifayət qədər güclüdür”.

Politoloq hesab edir ki, Fransanın Türkiyəyə qısqanclıqla yanaşması həm də özünün müsəlman ölkələrindəki nüfuzunu itirmək qorxusundan da irəli gəlir:

"İstisna deyil ki, Makronun belə aqressiv davranışının bir səbəbi də Türkiyənin güclənməsi ilə Fransanın müsəlman ölkələrində öz nüfuzunu itirəcəyi qorxusudur. Yəni əsas məsələ Türkiyənin güclənməsi və müstəqil qərar qəbul etməsidir. Eyni zamanda Türkiyə İslam aləmində güclü rol oynayır. Bu isə Fransada qıcıq yaradır. Doğrudur, Fransanın ən çox nüfuz dairəsi Afrika ölkələridir. Lakin görünür ki, maraqlar bəzi hallarda müsəlman ölkələrində də toqquşur”.

Əli Bədir





Həftənin ən çox oxunanları