Yuxarı

Məğlub Ermənistanı kimlər təhrik edir?

Məğlub Ermənistanı kimlər təhrik edir?

Məğlub Ermənistanı kimlər təhrik edir?

Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin Qarabağda müharibənin dayandırılması haqqında imzaladıqları Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu, 1 dekabrda isə Laçın rayonu işğalçılardan təmizlənib, Azərbaycana təhvil verilməlidir.

Lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, sazişin icrasına mane olmaq istəyən qüvvələr var. Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı müşavirədəki çıxışında Putin də bu məsələyə toxunub.

V.Putin qeyd edib ki, Moskva, Yerevan və Bakı arasında Qarabağla bağlı üçtərəfli Sazişin icrasını əngəlləməyə çalışan şəxslər başa düşməlidirlər ki, bu sənədə alternativ variant müharibədir. Putin əlavə edib ki, sazişə alternativ addımlar üzündən müharibə başlayarsa, bu addımları atanların əli qurbanların qanında qalacaq. Yəni baş verə biləcək müharibənin səbəbkarları və eyni zamanda günahkarları qurbanlara görə məsuliyyət daşıyacaqlar. V.Putin həmin şəxslərə bu addımı atmazdan öncə bir daha düşünmələrini tövsiyə edib.

Digər tərəfdən məlum olduğu kimi, Ermənistanın hərbi texnikasının 85 faizini Azərbaycan Ordusu müharibə zamanı sıradan çıxarıb. Ordunun böyük hissəsi məhv edilib və dağınıq vəziyyətdədir. Maliyyə resursu demək olar ki, yox vəziyyətində olan Ermənistanın xarici borcları da tavana dirənib.

Belə bir halda, Ermənistan müharibəyə başlamağa bir daha risk edə bilərmi?

Politoloq Fikrət Sadıqov "Cümhuriyət”ə açıqlamasında deyib ki, biz hər zaman ayıq olmalı və lazım gələrsə, mövqe sərgiləməliyik:

"Rusiya Prezidenti Vladimir Putin də çıxışında saziş məsələsinə torxunaraq dedi ki, bu sazişin pozulması özünəqəsd planına çevrilə bilər. Mən elə başa düşdüm ki, Putin bütün vəziyyəti təhlil edib və açıq şəkildə Ermənistana mesaj verərək deyir ki, əgər siz özünüzü yığışdırmasanız, Azərbaycan gəlib müharibə yolu ilə özü hər şeyi həll edəcək. Beləliklə də, işğal olunmuş torpaqlarını azad edəcək. Aydın məsələdir ki, burada başqa fikir də ola bilməz, çünki qalib gələn bizik. Başqa bir tərəfin burada nəsə etməyə nə hüququ, nə də səlahiyyəti var. Amma digər reallıq da odur ki, Ermənistanda bəzi radikal qüvvələr bu sazişi qəbul etmirlər və ona qarşı çıxırlar. Doğrudur, ən çox da Paşinyanı tənqid atəşinə tutmaq məqsədi ilə belə bəyanatlar səslənir, amma eyni zamanda narazılığın olduğu da inkaredilməzdir. Hesab edirəm ki, biz bu məsələyə sağlam düşüncə ilə yanaşmalı və təbii ki, sakitləşib oturmamalıyıq. Baxmayaraq ki, Rusiya sülhməramlıları regiondadır, biz özümüz də lazım olan təqdirdə birmənalı formada mövqe nümayiş etdirməliyik. Çünki bu bizim torpaqlarımızdır. Əgər kimsə bəyanatdan razı deyilsə, alternativ təkliflər irəli sürsün. Ermənilər atəşkəs sazişini qəbul etmədikləri halda, hansı alternativ təklifi irəli sürüblər? Heç bir təklif irəli sürməyiblər. Biz öz gücümüzlə qələbə çalmışıq və torpaqlarımızı azad etmişik. Bundan sonra da öz rayonlarımıza nəzarət edəcəyik. Qoy ermənilər də özlərində bunu aydınlaşdırsınlar”.

Politoloq Ermənistanın yaxın gələcəkdə müharibə etmək riskinə gedəcəyini istisna etdiyi vurğulayıb:

"Düşünmürəm ki, Ermənistan yaxın gələcəkdə riskə gedib, müharibə başlatsın. Çünki buna Ermənistanın nə hərbi potensialı, nə gücü, nə də iradəsi var. Ermənistanda vəziyyət çox dəyişib və hökumət mürəkkəb bir siyasi vəziyyətin içindədir. Paşinyanın istefası tələb olunur. Hər halda, Ermənistanın siyasi elitası da anlayır ki, sazişə əməl etməyib, Azərbaycanla yenidən müharibəyə başlamaq özünəqəsddir. Onu da qeyd etmək lazımdır ki, Qarabağda Rusiya sülhməramlıları dayanıb və onların da bu məsələyə yanaşması hələ ki, bizim maraqlarımıza cavab verir. Eyni zamanda bu məsələdə Türkiyə amili var və o bizim yanımızdadır. Türkiyə ilə Rusiyanın birgə Monitorinq Mərkəzi yaranıb. Bundan sonra Türkiyə də bu məsələnin gedişatına nəzarət edəcək və Azərbaycanın maraqlarını da qoruyacaq. Belə bir şəraitdə ermənilərin hansısa bir müqavimət göstərmək gücləri yoxdur”.

F.Sadıqov əlavə edib ki, ermənilər sazişin öhdəliklərinə əməl etməyib, torpaqlarımızın boşaldılması vaxtını uzatmağa çalışsalar, biz güzəştə getməməliyik:

"Biz bir dəfə alicənablıq nümayiş etdirdik və ermənilərin Kəlbəcəri boşaltmaları üçün əlavə 10 gün verdik. Lakin bu heç də o demək deyil ki, eyni güzəşt digər rayonun da qaytarılmasına və başqa məsələlərə də şamil olunacaq. Düşünmürəm ki, biz yenidən hansısa güzəştlərə gedək. Qrafik tərtib olunub və ona əsasən, ermənilər bizim torpaqlarımızı tərk edir. Amma bütün hallarda ermənilər tərəfindən hansısa təxribatların törədilməsini də istisna etmirəm. Onlar bütün təxribatları törədə biləcək qüvvələrdir. Yəni onlardan bunun gözləməmək doğru olmaz. Biz bir sistem şəklində daimi olaraq buna nəzarət etməliyik. Bundan sonra Qarabağ məsələsində heç bir güzəştə getməməliyik”.

Əli Bədir





Həftənin ən çox oxunanları