Yuxarı

İranın aktivliyi nə vəd edir: Sabitlik, yoxsa...?

İranın aktivliyi nə vəd edir: Sabitlik, yoxsa...?

İranın aktivliyi nə vəd edir: Sabitlik, yoxsa...?

İran İslam Respublikası Cənubi Qafqaz regionunda fəallığını artırır. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif noyabrın 23-24-də region ölkə rəhbərləri ilə danışıq aparmaq məqsədilə Rusiya və Azərbaycana səfər edəcək.

Məlumata görə, Dağlıq Qarabağ və bölgədə baş verən proseslər Cavad Zərifin Azərbaycan və Rusiya rəsmiləri ilə danışıqlar mövzusudur. Görünür ki, İran artıq Azərbaycanın Cənubi Qafqazdakı əhəmiyyətini və qüdrətini 44 günlük Vətən müharibəsinin sonlarına doğru daha yaxşı anlayıb. İranın hazırda regionda siyasi iştirak prosesindən kənarda qalmaq istəmədiyi müxtəlif formalarda özünü açıq şəkildə göstərir.

Politoloq Elşən Manafov "Cümhuriyət”ə açıqlamasında deyib ki, İranın Azərbaycana qarşı ikili siyasəti Güney Azərbaycanla bağlı narahatlıqlarından irəli gəlir:

"İran ilk növbədə regional dövlətdir və Azərbaycanla uzun əsrlik iqtisadi, siyasi, mədəni və humanitar münasibətlərə malikdir. İranın bu mənada Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı məsələlərə münasibəti heç də birmənalı olmayıb. Xatırladaq ki, keçən əsrin əvvəllərində də Azərbaycan öz dövlət müstəqilliyini elan edəndə İran buna birmənalı mövqe sərgiləməyib və bolşeviklərin Azərbaycanı istilasına qədər bu mövqeyini davam etdirib. Yəni 1920-ci ilin martında İran rəsmən Azərbaycanı müstəqil olaraq tanıdı. Bu da təbii ki, İranın siyasi elitasının Güney Azərbaycanla bağlı narahatlıqlarından irəli gəlir. Çünki bütün dünya bilir ki, Azərbaycanın şimalı müstəqil olduğu halda, cənubda bu durum fərqlidir. Baxmayaraq ki, oradakı azərbaycanlı sayı şimaldakıların sayından 2 dəfə çoxdur. Amma bununla yanaşı Cənubi Azərbaycanda insan haqları problemi davam etməkdədir. 30 milyon əhalinin öz dilində təhsil almaq imkanı yoxdur, milli mədəniyyəti ilə bağlı məsələlər sıxışdırılır. Hərçənd, etiraf etmək lazımdır ki, azərbaycanlılar hər zaman İran siyasi elitasının yüksək məqamlarında təmsil olunublar. Məsələn, İranın Ali Dini lideri azərbaycanlıdır. Ölkə parlamentinin 2/4 hissəsi azərbaycanlılardan ibarətdir. Amma nədənsə İran azərbaycanlıları hələ də onlar üçün ümdə problem olan olan dil məsələsinin, yəni Azərbaycan dilinin də İranın dövlət dili elan edilməsi məsələsinin öhdəsindən gələ bilməyiblər. Necə ki, Əlcəzair ikidillidir:Fransız və ərəb dilləri və ya Hindistan iki dillidir: ingilis və hindu dili”.

Politoloq hesab edir ki, İran regionda sülh və sabitliyin qorunub saxlanılmasında maraqlıdır:

"Regionda sülh və sabitlik bölgə ilə bağlı geosiyasi layihələrin reallaşmasına imkan verir. Bu sabitlik İranın Azərbaycandakı layihələrə investisiya yatırmasına əlverişli şərait yaradacaq. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərimizdəki quruculuq işləri ilə bağlı layihələrə qonşu ölkələr investisiya yatırmaq təklifilə çıxış ediblər. Hətta qardaş Türkiyənin bu layihələrdə əsas iştirakçı olacağı və Şuşaya çəkilən yolun Türk şirkətinə verilməsi haqqında danışıqlar gedir. Rusiyanın özü də hazırda bölgədə sülh və sabitliyin qarşılıqlı anlaşma şəraitində yaşamağın tərəfdarıdır. Bu mənada regional dövlətlər olan Rusiya və İranın regionda sülh və sabitliyin qorunmasındakı maraqları anlaşılandır. Əksər hallarda bu maraqlar üst-üstə düşür”.

E. Manafov dövlətlərarası münasibətlərdəki ortaq olmayan, fərqli məqamlara da diqqət çəkib:

"Təbii ki, maraqların uzlaşmasında fərqli məqamlar da var. Bu məqamlar nədən ibarətdir: Heç şübhəsiz ki, İran da Rusiya kimi regionda üçüncü bir tərəfin, xüsusən Birləşmiş Ştatlar kimi NATO-nu təmsil edə biləcək tərəflərin təmsilçiliyində maraqlı deyillər. Bu da Xəzər hövzəsinin xüsusi statusu məsələsinin xeyli uzanmasına səbəb olub. Xüsusən İranın mövqeyi bu uzanmanı şərtləndirib. Əlbəttə, İranın Ermənistana olan münasibəti bizim üçün heç də normal qarşılanmır. Əgər İranın Ermənistana iqtisadi və enerji dəstəyi olmasaydı, işğalçı bu qədər dayana bilməzdi.

Çünki Türkiyə Ermənistanı blokadaya almışdı, Gürcüstan hakimiyyətinin İrəvandakı hakimiyyətə mövqeyi bəllidir, Rusiya da yükləri Gümrüdəki bazasına hava yolu ilə aparmalı olurdu ki, bu da Kreml üçün əlavə xərc demək idi. Bu mənada Ermənistanı iqtisadi çöküşdən qurtaran İran idi. Bu mövqe İranın konstitusiyası baxımından da anlaşılan deyil. Çünki onun konstitusiyasında qeyd olunub ki, İran islam dövləti olaraq dünyanın hansı bölgəsində olmasından asılı omlayaraq, zülmə məruz qalan müsəlmanların yanında olacaq və onlara dəstək verəcək. Lakin bunun əksini gördük. Bu farsların Güney Azərbaycan məsələsinə münasibətindən qaynaqlanır”.

Politoloq hesab edir ki, bütün bunlara rəğmən biz İranla ikitərəfli münasibətləri qarşılıqlı maraqlar və dostluq müstəvisində davam etdirməliyik:

"İranla münasibətləri hər iki dövlətin maraqları müstəvisində qurmağa və inkişaf etdirməyə çalışmalıyıq. İran tərəfi də bunu gözəl anlayır. Bundan sonra da hər iki dövlət bir-birinin iqtisadi layihələrində yer alacaq və investisiya yatıracaqlar. Hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyimiz quruculuq işləri layihələrində İran da yer almaq istəsə, Azərbaycan hökuməti bunu məmnuniyyətlə qəbul edəcək və mehriban əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olacaq.

Qaldı İranın bütünlüklə bizə qarşı mövqeyinə, təbii ki, bizim də mövqeyimizdə İranı qıcıqlandıran amillər var. Məsələn, bizim İsraillə olan münasibətimiz heç də İranın xoşuna gəlmir. Lakin Azərbaycan bildirir ki, bu iki dövlətin maraqlarına cavab verən müstəvi üzərindədir və biz hər zaman Fələstinin ərazi bütövlüyünü qorumuşuq. Fələstinlə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına müsbət dəyər vermişik. Bizim Ermənistana münasibətinə görə İrana yanaşmamız necədirsə, İranın da İsraillə münasibətlərimizə görə bizə qarşı mövqeyi oxşardır.

Ona görə də hesab edirəm ki, İranla Azərbaycan ortaq olmayan maraqlarında bir- birlərinə güzəştə getməli və bir-birlərinin daxili işlərinə qarışmamalıdırlar. Məhz münasibətləri bu kontekstdə inkişaf etdirməlidirlər. Hesab edirəm ki, bizim İranla münasibətlərimiz, Türkiyə ilə münasibətlərimizdən fərqlənir və bu uzun müddət belə qalacaq”.

Əli Bədir





Həftənin ən çox oxunanları