Yuxarı

Minsk qrupu həmsədrinin təkbaşına səfəri: Qarabağ danışıqlarında yeni format?

Minsk qrupu həmsədrinin təkbaşına səfəri: Qarabağ danışıqlarında yeni format?

Minsk qrupu həmsədrinin təkbaşına səfəri: Qarabağ danışıqlarında yeni format?

ATƏT-in Minsk Qrupunun həmsədri Endryu Şaffer Dağlıq Qarabağa dair məsləhətləşmələr üçün Bakı və Yerevana səfər edəcək.

Bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) üzvləri üçün keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Vaşinqton Azərbaycan və Ermənistanı ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatında Qarabağ münaqişəsinin həllinə çağırmaqda davam edir. Bununla yanaşı, Riker Şafferin səfərinin dəqiq müddətini söyləməyib. Qeyd edək ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və Minsk Qrupunun fəaliyyətinin siyasi əhəmiyyətini itirməsi fonunda amerikalı həmsədrin bölgəyə səfəri aktual görünmür. Xüsusilə də Azərbaycanda ATƏT-in vasitəçiliyindən imtina çağırışlarının artdığı bir vaxtda E.Şafferin prosesi yenidən Minsk Qrupu formatına qaytarmaq təklifi rəsmi Bakının maraqlarına cavab vermir. Ona görə də Azərbaycan daha çox ərazi bütövlüyünü hərbi yolla işğaldan azad etməsinə əsas səbəb kimi həmsədrlərin fəaliyyətsizliyinə diqqət çəkməyə çalışacaq. Ermənistan tərəfi isə prosesin sözügedən format daxilində müzakirəsində maraqlıdır. Bununla, rəsmi İrəvan Dağlıq Qarabağın statusu məsələsini yenidən gündəmə gətirmək və Türkiyəni münaqişənin həlli prosesindən kənarlaşdırmaq istəyir. Lakin hazırda hərbi və siyasi üstünlük Azərbaycanın xeyrinə olduğundan Ermənistanın bu balansı dəyişmək şansı demək olar ki, yoxdur.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan tərəfi Minsk Qrupu həmsədrlərinin səfərinin mövcud vəziyyətdə reallaşmasını arzulamayıb. Çünki hazırda Minsk Qrupunun zamanı deyil və Azərbaycan statusu məsələsini müzakirə etmək istəmir.

"Azərbaycan vasitəçilərlə uzun illər müzakirələr apardı, amma heç bir nəticəsi olmadı. Onlar işğalçıya təzyiq etmədilər, həll planını qəbul etdirmədilər. İndi status məsələsini müzakirə etmək sanki yadlarına düşüb. Əgər onlar yeddi rayonun azad edilməsi məsələsini qaldırsa idilər, müharibə və itkilər də olmazdı. İndi biz Minsk Qrupunun fəaliyyətindən imtina edə bilərik. Diqqət çəkən məqam həmsədrin təkbaşına gəlməsidir. Bunun birinci səbəbi həmsədrlərin fəaliyyətindən narazılığın olmasıdır. Lakin ABŞ diplomatı gəlirsə, onu ayrılıqda qəbul edib fikir mübadiləsi aparmaq olar. İkincisi, ola bilsin ki, ABŞ-ın maraqlarını ortaya qoyurlar. Çünki ABŞ bu məsələdə çox geri qaldı. Əsas fəal ölkə Rusiya oldu. Fransa açıq şəkildə ermənipərəst mövqe tutdu. Amerika bir qədər neytral mövqedən çıxış etdi. Hətta buna görə Amerika mediası Tramp administrasiyasını tənqid edərək ABŞ-ın Cənubi Qafqazı itirdiyini yazdı. Doğrudur, prezident Tramp dövlət katibi Mayk Pompeoya Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərini Vaşinqtona dəvət etməyi tapşırdı və bunu bir uğur kimi təqdim etdi. Ancaq bu görüşün heç bir nəticəsi olmadı və Ermənistan atəşkəsi pozaraq Azərbaycanın şəhərlərini bombalamaqda davam etdi. İndi amerikalı diplomatın səfərinin məqsədləri olsa da bu yüksək əhəmiyyət daşımır. Çünki Endryu Şaffer sıradan bir diplomatdır.

Əgər dövlət katibinin köməkçisinin müavini gəlsə idi anlaşılan idi. Amma Mİnsk Qrupunun həmsədrinin səfəri heç nəyi dəyişməyəcək. Onun elə böyük statusu da yoxdur”.

Politoloq bildirdi ki, Azərbaycan özü işğal altındakı yeddi rayonla yanaşı, Şuşanı və Hadrutu da azad edib. Ona görə də rəsmi Bakı Dağlıq Qarabağ ermənilərinə hər hansı statusun verilməsində maraqlı deyil: "Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycandakı digər azsaylı xalqların və etnik qrupların malik olduğu hüquqlar verilə bilər. 28 ildir Azərbaycan danışıqları sürətləndirməyi və münaqişəni həll etməyi təklif edirdi. Buna ciddi yanaşmadılar. İndi əks vəziyyət yaranıb. Azərbaycan özü problemi həll etdikdən sonra onlar bizdən status məsələsini həll etməyi xahiş edirlər. Ermənilər də digər Azərbaycan vətəndaşları kimi yaşayır. Onlara ən yüksək halda mədəni muxtariyyət verilə bilər. Ondan artıq güzəştə gedə bilmərik. Çünki artıq şərtləri Azərbaycan diqtə edir. Azərbaycan prezidenti də onlara dünyada mövcud olan bir sıra yüksək statuslar təklif etdi. Ancaq razılaşmadılar ki, biz "müstəqillik” istəyirik. İndi şərtlər dəyişib. Şərtləri Azərbaycan diqtə edir. Uzaq başı mədəni muxtariyyətdən söhbət gedə bilər”.
Bəs Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasında ATƏT-in Minsk Qrupu iştirak edə bilərmi?
Elxan Şahinoğlu hesab edir ki, hazırda belə bir sənədin reallaşması inandırıcı görünmür: "Sülh sazişinin imzalanmasına hazırkı mərhələdə inanmıram. Çünki ermənilər yenə də öz iddialarından əl çəkməyəcəklər. Onlar Azərbaycanın mədəni muxtariyyət təklifi ilə razılaşmayacaq və öz separatçı mövqelərindən əl çəkməyəcək. Ermənistandan da müəyyən sağlam fikirlər səslənməyə başlayıb. Təklif edirlər ki, Azərbaycanla əlaqələr, diplomatik münasibətlər quraq. Bunlar mümkündür. Ancaq Azərbaycanın iki mühüm şərti var. Birinci şərt Ermənistanın Azərbaycana ərazi iddiasından imtina etməsindən ibarətdir. Yəni Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. İkincisi, Dağlıq Qarabağ xarici ölkələrdə müstəqillik fəaliyyətndən vaz keçməlidir. Bu iki şərti qəbul etsələr, Azərbaycanla və Türkliyə ilə diplomatik münasibətlər də qurula bilər. Ermənilər Türkiyəyə də ərazi iddiasından imtina etməlidir. Onlar öz mövqeyini dəyişməsə heç bir status da müəyyənləşməyəcək, sülh sazişi də uzun sürən danışıqlar kimi qalacaq. Əslində, belə bir saziş Azərbaycana lazım da deyil. Biz özümüzə lazım olan bir sıra məsələləri həll etmişik. Digər məsələləri də Rusiya-Türkiyə formatı çərçivəsində həll edəcəyik”.

Elxan Şahinoğlunun fikrincə, münaqişənin həllinə nail olmaq üçün Minsk Qrupunun vasitəçiliyinə ehtiyac olmasa da ondan imtina etmək lazım deyil. Buna paralel olaraq yeni vasitəçi format təşkil oluna bilər: "Minsk Qrupundan imtina etmək çətin prosedurdur. Digər tərəfdən, bu bizə problem yarada bilər. Minsk Qrupu fəaliyyətini davam etdirə bilər. Ancaq bizim öz şərtlərimiz var və bu nəzərə alınmalıdır. Əvvəllər ermənilər danışıqları uzadırdısa, indi Azərbaycan eyni cür davranış nümayiş etdirə bilər. Minsk Qrupundan tam imtina etmək isə mümkün deyil. Çünki o halda Azərbaycan ABŞ, Fransa və Rusiya ilə qarşı-qarşıya qalacaq. Lakin rəsmi Bakı Türkiyənin bu prosesdə iştirakını tələb edə bilər. Məlumdur ki, Türkiyənin həmsədr olması mümkün deyil. Çünki Ermənistanla yanaşı, həmsədr ölkələr də bunun əleyhinədir. Biz nə edə bilərik? Son zamanlar bölgədə faktiki olaraq, Azərbaycan-Ermənistan-Rusiya-Türkiyə formatı işə düşüb. Artıq Rusiya da Türkiyə amili ilə hesablaşır. Minsk Qrupu ilə paralel yeni format da yarana bilər. Suriyada ABŞ-ın da daxil olduğu Cenevrə formatı ilə yanaşı, Rusiya, Türkiyə və İrandan ibarət Astana formatı olduğu kimi, Azərbaycanda da Minsk Qrupu ilə bərabər dördlük ölkələrinin münaqişənin həllinə cəlb olunması mümkündür”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları