Yuxarı

"Fransa Senatının qətnaməsi hüquqi ekspertizadan keçməyib” – POLİTOLOQ

"Fransa Xarici İşlər Nazirlyinin qondarma Dağlıq Qarabağ Respulikasını tanımadığını bəyan etməsi Senatın qəbul etdiyi qətnamənin məntiqsiz və savadsız atılmış addım olduğunu təsdiq edir”.

Politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında Fransa hakimiyyətində müşahidə olunan fikir ayrılığını şərh edərkən belə deyib.

Qeyd edək ki, Fransa Xarici İşlər Nazirliyinin yayımlanmış açıqlamasında rəsmi Parisin "Dağlıq Qarabağ Respublikası”nı tanımadığı deyilir.

"25 noyabrda Senat qətnamə qəbul edib və bu qətnamədə öz müstəqilliyini elan etmiş "Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı Fransa hakimiyyətinə çağırış edilib.

Səsvermədən əvvəlki müzakirələr zamanı Xarici İşlər Nazirliyinin Dövlət katibi Jan-Batist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini bir daha xatırladıb – Fransa özünü müstəqil elan etmiş "Dağlıq Qarabağ Respublikası”nı tanımır”, - deyə məlumatda qeyd olunub.

Eyni zamanda Jan-Batist Lemuan qətnaməyə baxış zamanı bildirib ki, Fransanın "Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini birtərəfli qaydada tanıması heç kimə fayda verməyəcək və sülh prosesinin irəliləməsinə kömək etməyəcək.

Ekspertlərin fikrincə, Fransa Konstitusiyasının 34.1-ci maddəsinə görə, Senatın qəbul etdiyi qətnamə tövsiyə xarakteri daşıyır və onun icrası məcburi deyil. Buna baxmayaraq, qanunverici orqanın yuxarı palatası tərəfindən qəbul edilmiş qətnamə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün təhlükə yaradır. Erməni diasporasının güclü olduğu digər dövlətlərdə də sözügedən qətnamə mənfi presedentə çevrilə bilər. Fransa Senatının qətnaməsi eyni zamanda, beynəlxalq münasibətlər sistemində siyasi paradoksdur. Artıq Rusiya siyasətçiləri Fransanı Krımı müstəqil dövlət kimi tanımağa çağırır. Eyni tələblər Rusiya tərəfindən Abxaziya, Cənubi Osetiya, Dnestraynı bölgəyə və Donbasdakı separatçı rejimlərlə bağlı da irəli sürülə bilər. Bu isə ABŞ-ın və Avropa Birliyinin strateji maraqları üçün təhlükədir. Yaxud, belə presdentlər Kataloniyanın İspaniyadan, Şotlandiyanın, Şimali İrlandiyanın, Uelsin Böyük Britaniyadan, Korsikanın Fransadan ayrılması üçün hüquqi nümunə ola bilər.

Fransanın dünyanın xəritəsini yenidən çəkmək cəhdi 150-dən artıq xalqın yaşadığı Rusiya Federasiyası üçün də arzuolunan deyil. Ona görə də Fransa Senatının qətnaməsi Makron administrasiyası ilə nə qədər razılaşdırılmış olsa da, hökumət üçün ciddi siyasi başağrısına çevrilib.

Xarici İşlər Nazirliyi məsuliyyıti hazırda Senatın üzərinə atmaqla vəziyyətdən çıxış yolu tapmağa çalışsa da, ciddi səhvə yol verdiyini anlayır.

İlqar Vəlizadə hesab edir ki, bu qətnamənin qəbulunda anormal məntiq Fransa senatorları ermənilərə dəstəyini emosional şəkildə nümayiş etdirib:

"Digər tərəfdən isə göstərmək istəyirdilər ki, üçtərəfli bəyanatda Fransanın maraqlarının nəzərə alınmamasından narazıdırlar. Bununla da onlar belə addım atıb öz etirazını bildirirdilər. Amma burada bir çox ziddiyyətlər var. Qətnamənin qəbulu Fransanın xarici siyasətində ziddiyyətin olduğunu göstərir. Türkiyəyə qarşı qondarma erməni soyqırımının tanınmasına dair qanun hansı məntiqə söykənirdi? Yüz il bundan qabaqkı hadisələri gündəmə gətirməklə Fransa heç nə əldə etmədi. İqtisadi əlaqələr zərbə altına düşdü, investisiyaların həcmi azaldı. Ənənəvi məntiqsiz siyasi davranış yenə də özünü göstərir. Təəssüflər olsun ki, emosional, məntiqsiz addımlar Fransanın gələcək xarici siyasətini müəyyənləşdirən əsas cəhət ola bilər. Ona görə də Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində Fransaya hüquqi müstəvidə dərs verməlidir. Avropa Şurası Parlament Assambleyası 2014-cü ildə Krımı ilhaq etdiyinə görə Rusiyaya sanksiya tətbiq edib. İndi Fransa da öz öhdəliklərini pozaraq oxşar addım atıb və separatçı rejimi müstəqil dövlət kimi tanıyıb. Ona görə də Azərbaycan və Türkiyə Fransaya sanksiya tətbiq olunması barədə AŞ PA-da məsələ qaldıra bilər. Belə məsuliyyətsiz addımlara adekvat cavab verilməlidir.

Senatdakı siyasi xadimlər özlərini yeniyetmə uşaq kimi aparmamalıdır. Beynəlxalq təsisatlar, xüsusilə də Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində məsələ qaldırmaq lazımdır ki, bu cür sənədlərin qəbulu hüquqi ekspertizadan keçməlidir. Ekspertiza həmin qətnamə və ya qanun layihələrinin beynəlxalq hüquqa nə dərəcədə uyğun olub-olmadığını araşdırmalıdır. Fransa Senatının qəbul etdiyi qətnamə də hüquqi ekspertizadan keçməyib. Görünür, Senat savadsız bir qurumdur. Bununla da onlar özlərini biabır ediblər. Biz də bunu dünya səviyyəsində qaldırmalıyıq”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları