Yuxarı

Ermənistan qanlı toqquşma ərəfəsində: Paşinyanın yerinə kim gətirilə bilər?

Ermənistan qanlı toqquşma ərəfəsində: Paşinyanın yerinə kim gətirilə bilər?

Ermənistan qanlı toqquşma ərəfəsində: Paşinyanın yerinə kim gətirilə bilər?

Ermənistanda siyasi qarşıdurma artır. Müxalifət və minlərlə insan ərazilərin Azərbaycana qaytarılmasına dair bəyanatı imzaladığına görə, Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

Mitinqlərə Dağlıq Qarabağdan təxliyə olunmuş ermənilərin də qoşulması etirazların miqyasının artması ilə müşahidə olunur. Onlar Paşinyanı satqınlıqda ittiham edirlər. Lakin hələlik siyasi dirəniş göstərən N.Paşinyan istefa vermək niyyətində görünmür. Müxalifət baş nazirin səlahiyyətlərinə xitam vermək üçün parlamentin toplaşmasını tələb etsə də hakim "Mənim addımım” fraksiyası Milli Məclisə gəlməkdən imtina edib. Deputatların bu addımı Paşinyanın göstərişi ilə atdıqları şübhə doğurmur. Ermənistan Milli Məclisində 123 deputat yerinin 88-i, yəni üçdə iki səs çoxluğu "Mənim addımım” blokuna malik olduğu üçün Paşinyanı qanunverici orqanın vasitəsilə impiçment etmək real görünmür.

Ona görə də Ermənistanda Paşinyana qarşı hərbi çevrilişin və ya terrorun ola biləcəyi istisna edilmir.

Təbii ki, Paşinyan da bunu bildiyindən aksiyaların qarşısını güc yolu ilə almağa çalışır. Artıq 10 müxalifət partiyasının lideri Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Buna baxmayaraq, kütləvi etirazlar səngimir. Narazi kütlə hökumət evinin, parlamentin qarşısında və "Matenadaran” meydanında toplaşaraq Paşinyanın istefasını tələb edir. Hətta bəziləri onu tapacağı təqdirdə öldürəcəyi ilə hədələyir. Polis yüzlərlə aksiya iştirakçısını həbs edib. Bu gün Ermənistanda baş verən proseslər siyasi partlayış həddinə çatıb. Hakimiyyət strukturlarında, ordunun rəhbərliyində də parçalanma yaranıb. Hətta Paşinyanın ailəsinin Kanadaya qaçdığına dair məlumatlar var.

Mövcud vəziyyəti Cebhe.info-ya şərh edən BDU-nin Erməni Araşdırmaları Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi hesab edir ki, Paşinyanın istefası qaçılmaz görünür:

"Paşinyan ABŞ səfirliyində gizlənmişdi. Bu gün çıxıb xalqa müraciət etdi. Lakin onun çıxışının yayımını kəsdilər. Bunu texniki problem kimi qələmə verdilər. Amma mənim bildiyimə görə, bunu müxalifət etmişdi. Sonra müxalifət saytlarından biri Paşinyanın çıxışını təkrar verdi. O "Biz razılaşmaya imza atmasaydıq, qalan 25 min əsgərimizi də itirəcəkdik. Bu barədə Silahlı Qüvvələrin Baş qərargah rəisi də məruzə etmişdi. Araik Arutunyan da bildirmişdi ki, vəziyyətimiz çox gərgindir, artıq gücümüz qalmayıb. Ona görə də mən bu sənədi imzalamalı oldum”,-dedi. Amma Paşinyan çıxışında Dağlıq Qarabağın müstəqilliyi ideyasından imtina etmədiklərini və bu mübarizəni davam etdirəcəklərini bəyan etdi. Qeyd edim ki, Paşinyan bu ifadəni xalqı sakitləşdirmək üçün də işlədə bilər. O, daha çox müxalifəti müharibəyə getməkdən yayınmaqda ittiham etdi. Müxalifət isə bəyan edir ki, Paşinyan İrəvana topladığı polisi Qarabağa göndərsə qalib gələrdi. Lakin ictimai rəy göstərir ki, Paşinyanı müdafiə edən tək-tük insan qalıb. Hesab edirəm ki, ermənilər onu yaxın günlərdə qovacaq”.

İsmayıl Tanrıverdi bildirdi ki, Paşinyan istefaya gedəcəyi təqdirdə, onun yerinə Rusiyanın dəstəklədiyi siyasətçi gələ bilər.

"Əvvəlcə baş nazir postuna "Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan real namizəd hesab edilirdi. Lakin Tsarukyan vaxtilə Rusiyanın maraqlarına qarşı çıxmış adamdır. Həm də Tsarukyanın siyasi təcrübəsi çox azdır. Paşinyanın yerinə Rusiyanın mövqeyini müdafiə edən adam gətiriləcək. Bu baxımdan, Rusiya çox güman ki, Paşinyanın yerinə Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi Artur Vanesyanı gətirməyə çalışacaq. Əgər yeni hökumət imzalanmış bəyanatdan imtina etsə, bu, Rusiyanın qəzəbinə səbəb olacaq. Bu isə Azərbaycanın xeyrinədir. Digər tərəfdən, müxalifət razılaşmadan imtina edəcəyini və danışıqlara yenidən başlayacağını bəyan edib. Buna da Azərbaycan razı olmayacaq. Çünki Paşinyan səlahiyyətli şəxs kimi işğalçı qoşunların çıxmasına imza atıb”.

Qeyd edək ki, siyasi ekspertlər Rusiyanın hazırkı situasiyada Paşinyanın hakimiyyətdə qalmasında maraqlı olduğunu bildirir. Yəni dekabrın 1-ə qədər Paşinyanın baş nazir postunu əlində saxlaması üçtərəfli razılaşmanın şərtlərinin yerinə yetirilməsini təmin edə bilər:

"Rusiya çalışacaq Paşinyanın yerinə öz adamını gətirsin. Paşinyanın ABŞ səfirliyində gizlənməsi onun Qərbpərəst olduğunu sübut etdi. Yeni baş nazirin "Mənim addımım” fraksiyasından seçiləcəyi də inandırıcı görünmür. Çünki xalq onlardan narazıdır. Eyni zamanda, onlar parlamentə toplaşa bilmədiklərinə kvorum olmur. Yeganə yol Paşinyanın istefa verməsidir. Erməni diasporunun nəzdində "Diasporanın səsi” komitəsi fəaliyyət göstərir. Onun nümayəndəsi Geras Avetisyan hazırda Xankəndidədir. O, ABŞ-dan gəlib. Avetisyan üç dəfə ermənilərə videomüraciət edib. O, çıxışında belə bir ifadə işlətdi ki, biz Şuşanı almasaq, Qarabağın sütunu sınacaq. İstər pul hesabına, istər güc hesabına Şuşanı almalıyıq. Sonra Paşinyana müraciət etdi. Dedi ki, Paşinyan, mən bilmirəm sən haradasan? Biz postları gəzirik. Döyüşən əsgərlər əvvəlki döyüşən əsgərlər deyil. Onların arasında satqınlar var. Generallarınız satqınlıqla məşğuldur. Ona görə də yaxşı olar ki, sən istefa verəsən. Hazırda Xankəndidə vəziyyətə Avetisyan nəzarət edir. Bu isə o deməkdir ki, artıq erməni diasporu Paşinyanı dəstəkləmir”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları