Yuxarı

Pandemiyada göyə sovrulan pullar: "250 milyon dollara təhsildə çalışanların maaşını 2 dəfə artırmaq olar”

Pandemiyada göyə sovrulan pullar:

Pandemiyada göyə sovrulan pullar:

Pandemiya Azərbaycan iqtisadiyyatını kiçildib, ölkənin gəlirləri əhəmiyyətli dərəcədə azalıb.

Məşğul əhalinin böyük bir təbəqəsi işsiz qalıb. Digər tərəfdən işğal olunmuş ərazilərimizin azad olunması ilə nəticələnən, ölkəmizə zəfər gətirən 44 günlük müharibə həm də əlavə xərcləmə demək olub. Belə bir şəraitdə 2021-ci il dövlət büdcəsində pandemiyadan zərər çəkən əhalinin, o cümlədən də sahibkarların dəstəklənməsi, işsizlərə verilən kompensasiyanın əhatə dairəsinin genişləndirilməsi vacib məsələyə çevirilib.

Dövlətin qarşısında duran digər başlıca məsələ isə azad edilmiş ərazilərimizin bərpası, gələcəkdə əhalinin həmin ərazilərə köçürülməsinin təmin edilməsi üçün orada infrastrukturun yaradılmasıdır. Mövcud durumda tamam fərqli istiqmətlərə böyük miqdarlarla maliyyənin ayrılması təəccüb doğurmaya bilmir. Xatırladaq ki, hökumət bir neçə dövlət qurumunu yeni inzibatı bina ilə təmin etməyə hazırlaşır.

Belə ki, "Tekfen Holding”-in törəmə şirkəti olan "Tekfen İnşaat” Azərbaycan Mərkəzi Bankının inzibati binasının inşasına başlanması ilə əlaqədar rəsmi bildiriş məktubu aldığını və müqavilə danışıqlarına başladığını açıqlayıb. Müqavilənin təxminən 250 milyon dollar olaraq qiymətləndirildiyi bildirilib. Qeyd olunub ki, müqavilənin imzalanmasından sonra yeni açıqlama veriləcək. Digər bir bina isə Dövlət Gömrük Komitəsi (DGK) üçün tikiləcək. Komitə yeni inzibati binasının tikintisi üçün bünövrə işlərinin görülməsi tenderinin qalibini açıqlayıb.

DGK-nın yeni binasının bünövrə işlərini "Progress” Sənaye İstehsalat Şirkəti görəcək. DGK işlərin yerinə yetirilməsi üçün şirkətə 1 milyon 331 min 833 manat ödəyəcək.

İqtisadçı Razi Abbasbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan mövcud dövrdə bu cür layihələrə vəsait ayrılmasına ehtiyac görmür:

"Qarabağda yenidənqurma işlərinin aparılması üçün bizə daha çox vəsait lazımdır. Doğrudur, gələn ilin büdcəsindən 2,2 milyard manat bərpa işləri üçün ayrılıb, amma bununla belə hesab edirəm ki, əlavə iri tikinti layihələrinə, tikinti- abadlıq işlərinə vəsaitlərin ayrılması 2021-ci il üçün heç də məqsədəuyğun deyil. Mərkəzi Bankın faktiki olaraq bina təhcizatı ilə bağlı heç bir problemi yoxdur. Həm yerləşdiyi məkana, həm mərtəbələrinin sayına, həm binanın görkəminə görə bankın fəaliyyət göstərməsi üçün kifayət qədər imkanlar var. Mərkəzi Bank struktur baxımından genişlənməyib, əksinə, işçilərin sayının azalması, müəyyən ixtisarlara gedilməsi baş verib. Bu baxımdan yeni binanın tikintisi üçün əlavə 250 milyon dollar ayrılmasına lüzum görmürəm”.

İqtisadçı 2021-ci ilin büdcəsində bu kimi lüzumsuz iri investisiya xərclərinin nəzərdə tutulmasını təəssüflə qeyd edib:

"”Azərsu” ASC-nin indiki inzibati binası da kifayət qədər böyük binadır və qurumun fəaliyyəti üçün imkanlar var. 400 milyon dollar da ayrılaraq, "Azərsu” üçün bina inşa edilir. Qeyd edim ki, "Azərsu” ASC 2018-ci ildə ümumi yığım göstəricilərinə görə ili 24 faiz zərərlə başa vurub, 2019-cu ildə xalis zərəri 57 faizə qədər yüksəlib. Faktiki olaraq bu ASC heç bir rentabeli olmayan, dövlət büdcəsinə zərər vuran, xalis zərəri ildən-ilə artan dövlət strukturudur, buna baxmayaraq, 400 milyon dollar - təxminən 1 milyard manata yaxın vəsait ayrılaraq, "Azərsu” üçün yeni inzibati binanın tikilməsi üçün vəsait ayrılıb. Bu kimi faktlar təəssüf ki, 2021-ci ilin büdcəsində kifayət qədər çoxdur. Əhalinin sosial təminatını yaxşılaşdırmaq, işğaldan azad olunmuş torpaqlarımıza abadlıq - bərpa işlərini sürətləndirmək, ordu quruculuğumuzu daha da müasirləşdirmək lazım olduğu təqdirdə Mərkəzi Banka və ya hər hansı inzibatı dövlət qurumlarına milyonlarla dollar vəsaitin ayrılması doğru deyil”.

Razi Abbasbəyli deyir ki, 250 milyon dollar Azərbaycanda təhsil sektorunda çalışanların bir illik əmək haqlarının 2 dəfə artırılmasına imkan verir:

"Digər tərəfdən, 1 milyondan çox pensiyaçının, sosial müavinət alanların müavinətlərinin artırılmasına sərf oluna bilər. Və ya hazırda gündəmdə olab başqa bir istiqamətə - zavodların modernləşdirilməsi, benzin və dizel istehsalının artırılmasına ekologiyanın korlanması kimi səbəblər əsas gətirilirsə, həmin 250 və ya 400 milyon dolları dotasiya şəklində neft emalı zavoduna ayırardılar və əhalinin indiki ağır sosial vəziyyəti nəzərə alınaraq benzin və dizeli bahalaşdırmaz, əksinə 10 qəpik də aşağı salardılar. Bu daha doğru, əhalinin qayğısına qalınması istiqamətində addım olardı”.

Xatirə Nəsirli