Yuxarı

"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu

                                                                                                            

"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu


Rəqəmsal İnkişaf İctimai Birliyi Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi, Vətən müharibəsi  iştirakçılarının  tanıdılması və eləcə də gənc nəslin  vətənpərvərlik ruhunda inkişafını genişlətmək məqsədilə "44 Günün Yaddaşı” adlı layihə həyata keçirib.

"Cümhuriyət” qəzeti xəbər verir ki, layihə "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin” dəstəyi ilə icra olunub.

Rəqəmsal İnkişaf İB-nin rəhbəri Könül Ağayeva layihə haqqında danışarkən deyib ki, Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid və ya qazi olmuş qəhrəmanlarımız yetişən gənclik üçün böyük vətənpərvərlik məktəbidir:

"Bu, bütün gənclərin, eləcə də təhsil sahəsində tələbə və şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan amildir. Qeyd edək ki, bu gün biz azərbaycanlılar çoxəsrlik tariximizin ən şərəfli mərhələsini yaşayırıq. Bu şərəf hər bir gəncin qəlbində gələcəyə olan böyük inamdır. Gənclərimizə vətənpərvər ruhda inkişafına dəstək olmaq, onların vətənpərvərlik ruhunda tərbiyəsi hər zaman əsas hədəfimiz olmalıdır.  Ölkə rəhbərinin gənclərə istiqamətlənən fikirləri də məhz gəncliyin milli ruhda yetişməsində əsas göstəricidir. Elə bu məqsədlə də Vətənimizin bütövlüyü uğrunda döyüşmüş qəhrəmanlar - rəşadətli ordumuz haqqında, uğurlu döyüşlər haqqında, zəfərə gedən şərəfli yol barədə xatirələrini gənclərlə bölüşmək məqsədi ilə interaktiv və sərbəst görüşlərin təşkilini böyük uğurla həyata keçirdik”.

QHT sədri bildirib ki, beləliklə rəşadətli ordumuzun qəhrəmanları ilə gəncləri bir arada toplayaraq 7 günlük "Vətənpərvərlik akademiyasi” təşkil edib:

"7 gün ərzində gənclərlə qazilər birlikdə vətənpərvər mövzusunda maraqlı müzakirələr etdilər.  Qarabağ müharibəsində vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən rəşadətli ordumuzun, həmçinin vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirələri və qəhrəmanlıqları yad edildi. Qəhrəmanlarımız tərəfindən dinlədikləri  uğurlu döyüşlər haqqında maraqlı sərbəst müzakirələr əminik ki, gənclər tərəfindən böyük sevgi ilə qarşılandı. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Təşkil olunan "Vətənpərvərlik akademiyası”nın icrası nəticəsində gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, dövlətə və vətənə sevgi hissini formalaşması oldu.

Vətənpərvərlik Akademiyasının gündəlik görüşləri:

1-ci gün: Şuşa fatehləri və gənclər;

2-ci gün: Füzuli  fatehləri və gənclər;

3-cü gün: Xocavənd  fatehləri və gənclər;

4-cü gün: Kəlbəcər  fatehləri və gənclər;

5-ci gün: Ağdam fatehləri və gənclər;

6-cı gün: Cəbrayıl və Zəngilan fatehləri və gənclər;

7-ci gün: Laçın - Qubadlı fatehləri və gənclər.

Akademiyanın son 7- günü bizimlə birgə iştirak edən gənclərlə birlikdə Şəhidimiz Əsəd Əsədlinin evini, valideynlərini ziyarət etdik.

Eyni zamanda şəhərimizin gənc vətənpərvərlərindən "gənclərin gözündə qəhrəman” – 44 Günün Yaddaşı” haqqında gənclərimizdən vətən müharibəsində iştirak edən əsgərlərimizə göstərdikləri diqqət və qayğı barəsində sorğular aparıb video süjet hazırlandı”.     

K.Ağayeva onu da əlavə edib ki, lLayihə dövründə əsas fəaliyyətlərindən biri olan "44 Günün Yaddaşı” adlı veb səhifədə 44 günün xatirəsini yaddaşımıza daha dərin həkk etmək məqsədi və gələcək nəsilə ötürülməsinə təminat yaratmaq üçün məlumat bazası kimi hal-hazırda formalaşdırılır:

"Döyüş meydanlarında böyük şücaət  göstərən igid əsgər və zabitlərimiz, eləcə də vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz haqqında geniş informasiya toplusu yaradılmaqda davam edir.   Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Veb səhifənin hazırlanması onların varlığı və qəhrəmanlıqları haqqında həm indiki gənc nəsilə, həm də gələcək nəsilə bir yaddaş kitabçası kimi təqdim olunacaq”.


"Cümhuriyət” qəzeti






Həftənin ən çox oxunanları