Yuxarı

Manat üçün 3 illik proqnoz: Ekspertlər nikbin görünür - RƏYLƏR

Manat üçün 3 illik proqnoz: Ekspertlər nikbin görünür - RƏYLƏR

Manat üçün 3 illik proqnoz: Ekspertlər nikbin görünür - RƏYLƏR

Dolların manata qarşı məzənnəsi növbəti 3 il üçün açıqlanıb.

Belə ki, "S&P Global Ratings" Reytinq Agentliyi Dollar/Manat məzənnəsinin 2024-cü ilin sonunadək dəyişməyəcəyini nəzərdə tutur. Agentliyin Dollar/Azərbaycan Manatı üzrə proqnozu 2021-2024-cü illər üzrə 1.70 manatdır. Agentliyə görə, stabil məzənnə dövlətin xarici valyuta bazarına müntəzəm müdaxilələri ilə dəstəklənəcək.

"S&P" bildirir ki, karbohidrogen qiymətlərinin uzun müddət aşağı qalarsa, 2015-ci ildəki kimi, xarici valyuta buferlərinin oxşar itkisinə yol verməmək üçün məzənnənin tənzimlənməsinə icazə verilə bilər.

Məsələni "Cümhuriyət” qəzetinə şərh edən iqtisadçı- ekspert Natiq Cəfərli hesab edir ki, agentliyin bu açıqlaması heç də növbəti üç ildə manatın devalvasiyaya məruz qalmayacağı anlamına gəlmir:

"Beynəlxalq Reytinq Agentlikləri Azərbaycan hökumətinin atdığı addıma adekvat olaraq proqnozlar verirlər. Hətta bu proqnozun özündə də devalvasiya təhlükəsinin qalmaqda olduğu bildirilir. "S&P Global Ratings" Reytinq Agentliyinin açıqlamasında bildirilir ki, əgər karbohidrogen, yəni neft və qazın qiyməti uzun müddət aşağı qalarsa, məzənnə 2015-ci ildəki kimi tənzimlənə bilər. Bunun özü elə devalvasiyaya gediləcəyi, yəni məzənnənin dəyişilməsi deməkdir. "S&P Global Ratings" kimi nüfuzlu agentliyin proqnozu Azərbaycan hökumətinin verdiyi qərarlara əsaslanır. Yəni bu proqnoz indiki şəraitdə Azərbaycan hökumətinin və Mərkəzi Bankının rəsmi mövqeyini əks etdirir. Amma ehtimal olaraq söhbət neft qiymətlərinin üç il aşağı qalmasından da gedir”.

Ekspertin sözlərinə görə, nə qədər ki, manatın məzənnəsi inzibati qaydalarla tənzimlənir, devalvasiya təhlükəsi qalıcı olacaq:

"Əgər neft qiymətləri növbəti 2 ildə də neft qiymətləri aşağı qalarsa, çox güman ki, belə də olacaq, o zaman manatın məzənnəsində dəyişiklik gözlənilir. Yəni devalivasiya təhlükəsi həmişə var və nə qədər manat inzibati yollarla tənzimlənir bu təhlükə qalıcı olacaq”.

İqtisadçı Akif Nəsirli isə deyib ki, manatın məzənnəsi hökumətin qərarından asılı olacaq:

"İqtisadçılar hər hansı pul vahidinin məzənnəsini ona təsirlərə əsasən proqnozlaşdırır. Lakin bizdə manatın məzənnəsi inzibati yolla nizamlandığı üçün bu mümkün deyil. İqtisadçılar manata bütün təsir amillərini nəzərə alır, lakin yeganə faktoru hesaba qatmaq olmur ki, o da hökumətin qərarıdır. Yəni manatın məzənnəsi hökumətin qərarından asılıdır. Bu gün manatla bağlı hökumətin qərarı nə olacaqsa, məzənnə ona əsasən tənzimlənəcək. Ona görə də biz hökumətin imkanlarını hesablamalıyıq. Yəni hökumət hansı şəraitdə manatın məzənnəsini sabit saxlaya bilər? Hökumətin qərarı isə neftin qiymətindən asılıdır”.

Ekspert qeyd edib ki, əgər neftin qiyməti 50 dolların üzərində qalarsa, reytinq agentliyinin verdiyi 3 illik proqnoz özünü doğruldacaq:

"Hesab edirəm ki, qarşıdakı illərdə neftin qiyməti 50 dollar və onun üzərində olacaqsa, növbəti üç ildə manatın məzənnəsini sabit saxlamaq mümkün olacaq. Amma neftin qiyməti 50 dollardan aşağı düşərsə, təxminən il yarım sonra manatın məzənnəsi məcburən dəyişəcək. Neftin qiyməti 50 dollardan aşağı düşərsə, dövlət ehtiyat fondundan xərcləməyə məcbur olacaq. Ehtiyatlarla da məzənnəni il yarım və ya iki ildən artıq sabit tutmaq olmaz. Manata təzyiqlər ötən il də çox idi və cəmi bir il ərzində hökumət devalvasiyaya gedib-getməməsi barədə tərəddüd edirdi.

Lakin sonradan neftin qiyməti qalxdı və manat ucuzlaşmaqdan xilas oldu. Yəni Azərbaycanda manatın məzənnəsi neftin qiymətindən asılıdır. Əgər neftin qiyməti 50 dollar və onun üzərində qalarsa, "Standart POOR”S reytinq agentliyinin üç illik proqnozu özünü doğruldacaq”.

Əli Bədir





Həftənin ən çox oxunanları