Yuxarı

Vergilər Nazirliyi ləğv edilir?

Vergilər Nazirliyi ləğv edilir?

Erkin Qədirli: “Korrupsiyanın bu həddə çatması iki dövlət qurumu arasındakı çəkişmənin nəticəsidir”

Azərbaycan hakimiyyətində struktur islahatlarının növbəti dalğasının başlanacağı barədə yazmışdıq. Bu dəyişikliklər çərçivəsində bir sıra nazirliklərin və komitələrin birləşdirilməsi, yaxud ləğv ediləcəyi gözlənilir. İqtidar ötən ilin sonundan başlayan maliyyə-iqtisadi böhranı aradan qaldırmaq üçün zəruri olan islahatlara əvvəlcə getmək istəməsə də, sonradan bunun qaçılmaz olduğunu anladı.

Hələ ki, islahat xarakterli qərarlar geniş miqyasda həyata keçirilmir. Ancaq bir sıra qurumların struktur və funksiyalarının yenidən müəyyən olunması, eləcə də Azərbaycan idarəetmə təcrübəsi üçün yeni sayılan qurumların yaradılması müşahidə olunur.

Son günlər mediada yayılan məlumatlarda islahatların növbəti hədəfinin Vergilər Nazirliyi olacağına dair informasiyalar yayılır. İqtisadçılar isə Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsini təklif edirlər.

Bu günlərdə Vergilər Nazirliyində iki yüksək vəzifəyə yeni təyinatın olması bu qurumda dəyişikliklər məsələsini yenidən aktuallaşdırıb. Xatırladaq ki, prezident İlham Əliyevin sərəncamı ilə Sahir Məmmədxanov vergilər nazirinin 1-ci müavini, İlkin Vəliyev isə müavini təyin ediliblər. Bu təyinatların arxasınca vergi sistemində dəyişikliklərin davamlı olacağı ehtimal olunur. Ancaq bəzi ekspertlər kadr təyinatlarının islahat kimi qəbul olunmasını düzgün hesab etmir. Yəni Vergilər Nazirliyi sistemində gözlənilən yeniliklər daha çox hakimiyyətdaxili çəkişmələrin tərkib hissəsi kimi nəzərdən keçirilir. Gerçək islahatlar olmadan vergilər nazirinin işdən çıxarılması və ya yerinə başqa bir şəxsin təyin edilməsi yalnız oliqarxların nüfuz savaşı müstəvisində baş verən proses kimi qiymətləndirilə bilər.

Respublikaçı Alternativ Hərəkatının Məclis sədri Erkin Qədrilinin fikrincə, Vergilər Nazirliyindəki son vəzifə təyinatlarını islahat adlandırmaq olmaz. Çünki həmin vəzifələr boş olduğundan yeni kadrların gətirilməsi gözlənilən idi. Bununla yanaşı, hüquqşünas Vergilər Nazirliyinin ləğv edilməsini zəruri sayır:

“Biz həmişə təklif etmişik ki, həmin orqanları bir-birindən ayırmaq yanlış qərar olar. Dövlət Gömrük Komitəsinin və Vergilər Nazirliyinin səlahiyyətləri birləşdirilərək Maliyyə Nazirliyinə verilməlidir. Maliyyə Nazirliyi gücləndirilməlidir. Çünki bütün yığımlar dövlət büdcəsinə gedir. Ona görə də Maliyyə Nazirliyinin funksiyası artırılmalıdır. Azərbaycanda Maliyyə Nazirliyinin funksiyaları zəif olub və proseslərə fəal müdaxilə edə bilməyib. Düşünürəm ki, nə Vergilər Nazirliyinə, nə Gömrük Komitəsinə bu şəkildə ehtiyac yoxdur. Bu qurumların funksiyası saxlanılmaqla Maliyyə Nazirliyinin tabeliyinə verilməlidir. Bu həm korrupsiyanı azaldar, həm də dövlət orqanları arasında mənasız rəqabəti yox edər”.

Erkin Qədirli hesab edir ki, hazırda Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsi arasında ziddiyyət müşahidə olunur. Hər iki qurumun ləğv edilərək vahid bir struktur daxilində öz funksiyalarını həyata keçirməsi mövcud qarşıdurmaya son qoya bilər:

“Son 20 il ərzində istər idxal olunan malın dəyərində, aktlaşdırılmasında, anbarlaşdırılmasında həmişə problemlər olub ki, bu da sahibkarlara ziyan vurub. Korrupsiyanın indiki həddə çatmasının əsas səbəblərindən biri Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsi arasındakı çəkişmələrdir. Əgər islahat niyyəti varsa, bu problemlər aradan qaldırılmalıdır. Buna hələ radikal islahat adı vermək olmaz. Əlbəttə, müəyyən addımlar atılıb, eyni zamanda, kosmetik xarakterli dəyişikliklər də olub. Ona görə də sistemi dəyişmək lazımdır. Kadrların yerini dəyişməklə heç bir müsbət dəyişiklik baş verməyəcək”.

Müşfiq





Həftənin ən çox oxunanları