Yuxarı

Ərzaq qıtlığı təhlükəsi

Ərzaq qıtlığı təhlükəsi

Transmilli şirkətlərin məkrli planı

Elçin Bayramlı: “Satışa şərait yaradılsa ucuzluq olacaq”

Ölkənin ərzaq təhlükəsizliyi onun iqtisadi və milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Əhalinin ərzaq məhsulları ilə təmin edilməsi dövlət üçün mühüm əhəmiyyət kəsb edən və həlli vacib olan sosial-iqtisadi problemlərdən biridir. Ərzaq təhlükəsizliyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Belə ki, bu problemin həlli milli, iqtisadi, sosial, demoqrafik və ekoloji faktorların geniş spektrini əhatə edir. Buna görə də dövlət səviyyəsində sosial-iqtisadi sistem ərzaq təhlükəsizliyi ilə sıx əlaqədardır. Məlumdur ki, idxalsız keçinmək mümkün deyil. Xaricdən bu və ya digər növ qida məhsulları gətirmədən daxili bazarı bütün növ yeyinti ilə təmin etmək real deyil. Bunun üçün inkişaf etmiş, həmçinin ən çox ərzaq məhsullarının ixracı üzrə ixtisaslaşmış ölkələrin bazarlarına nəzər salmaq kifayətdir. O da məlumdur ki, ölkədə bütün sahələrdə bahalaşma, iqtisadi gərginlik hökm sürür. Azərbaycanda ərzaq qıtlığı təhlükəsi gözlənilirmi? Bunun qarşısını almaq üçün hansı tədbirlər həyata keçirmək lazımdır?

“Təbii toxumları sıradan çıxarırlar”

“Altay” Araşdırma Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı “Cümhuriyət”ə bildirib ki, meyvə-tərəvəz, broyler və ət məhsulları istisna olmaqla digər sahələrdə idxaldan asılılıq çoxdur: “Bu, əlbəttə, ərzaq təhlükəsizliyi cəhətdən ciddi problemdir. Bahalaşma isə aydındır ki, manatın ucuzlaşması ilə bağlıdır. Dəfələrlə qeyd edildiyi kimi, ölkə daxilində ərzaq istehsalını genişləndirmək lazımdır, xüsusilə də texniki bitkilərdən daha çox ərzaq məhsulları əkinlərini. Heyvandarlıq və quşçuluq, demək olar ki, daxili tələbata kifayət edəcək həddədir. Lakin əsas problem burda da deyil. Məlum olduğu kimi, bəzi qlobal qüvvələr transmilli şirkətlərin əli ilə GMO məhsulların, toxumların geniş miqyasda yayılmasına çalışırlar. Bu prosesdə yerli təbii toxumlar sıradan çıxır, yerinə reproduksiya verməyən toxumlar keçir. Bu halda əkinçilər əkdikləri məhsuldan toxum əldə edə bilmir, həmin toxum satıcılarından asıl olurlar. GMO məhsullar əhalinin sağlamlığı cəhətdən xeyli ciddi təhlükə olsa da, bundan da böyük təhlükə ölkələrin ərzaq təhlükəsizliyinə son dərəcə ciddi təhdid yaratmasıdır. Yəni, ərzaq istehsalı hansısa qlobal qüvvənin əlində olur və istədikləri ölkəni çökdürmək üçün rıçaqlar əldə edirlər. Bu problemə diqqəti artırmaq lazımdır. İlk növbədə prezidentin sərəncamları ilə yaradılmış toxumçuluq təsərrüfatları genişləndirilməli, bütün yerli toxumlar çoxaldılmalı və təsərrüfatlara güzəştlə verilməli, GMO toxumlara qarşı mübarizə güclənməlidir. Düzdür, Azərbaycanda GMO məhsulların əkilməsi, istehsalı və idxalı çoxsaylı qanunlarla qadağan edilib, lakin bu qanunların icrasına nəzarəti son dərəcə gücləndirmək lazımdır. Dövlət ərzaq istehsalını planlaşdırmalı, tənzimləməlidir”.

“Bazarlar alverçilərdən təmizlənməlidir”

Ekspert hesab edir ki, ölkədə idxalı yüksək olan kənd təsərrüfatı məhsullarının becərilməsi üçün stimullaşdırıcı addımlar çoxalmalıdır: “Ərzaq buğdası əkinləri artırılmalıdır. Xüsusilə də, kiçik təsərrüfatlara güzəştlər artırılmalıdır. Bunlar işin ilk mərhələsidir. Burada vacib məqamlardan biri də odur ki, kəndlilərə öz məhsullarını ölkə bazarlarına rahat çıxarması üçün şərait yaradılmalıdır, bazarlar alverçilərdən təmizlənməlidir. Kənd təsərrüfatı məhsullarını gətirib şəhərlərdə səyyar satanlara maneələr götürülməlidir, təbii ki, küçələrdə meydanlarda yox, həyətlərdə. Hər şəhərdə bir və ya bir neçə daimi yarmarkalar təşkil olunmalı, orada öz məhsulunu gətirənlərdən heç bir haqq alınmamalıdır. Bununla həm ölkədə ucuzluq yaranacaq, həm də məhsulunu yaxşı sata bilmiş təsərrüfatçı gələn il daha çox əkəcək. Nəticədə, ölkədə ÜDM artacaq, dövlət büdcəsinin gəlirləri çoxalacaq, işsizlik azalacaq. Ən əsası, ərzaq təhlükəsizliyi tam təmin olunacaq”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları