Yuxarı

Dollar satışı dayanıb

Dollar satışı dayanıb

Rəşad Həsənov: “Bu ehtimal yüksəkdir”

Azərbaycan bankları dollar satışına məhdudiyyətlər tətbiq edib. Bu günlərdə isə “Bloomberg”də bununla bağlı yazını ictmaiyyətin diqqətinə çatdırdı. Burada diqqət çəkən əsas məsələlərdən biri də dollar qıtlığıdır ki, bu da özü ilə bərabər devalvasiya gətirir. Əgər ölkədə dollar qıtlığı varsa, demək ki, növbəti devalvasiya artıq yaxındır və baş verməsi an məsələsidir.

Ancaq Mərkəzi Bank növbəti devalvasiyanın olacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərək bu xəbərin heç bir əsası olmadığını bildirdi. Mərkəzi Bankdan verilən məlumatda bildirilirdi ki, Azərbaycanda 3-cü devalvasiyanın baş verməsi gözlənilmir və bu haqda yayılan bütün xəbərlər həqiqəti əks etdirmir. Ancaq nəzərə alsaq ki, dollar günü-gündən manata qarşı müəyyən qədər möhkəmlənir. Bu özü də elə devalvasiya deməkdir. Yəni Mərkəzi Bankın gündəlik olaraq verdiyi rəsmi rəqəmlərə nəzər salsaq, görərik ki, manat ikinci devalvasiyadan sonra da 8-10 faiz nisbətində dəyər itirib.

Mərkəzi Bank ehtiyatlarını qorumağa çalışır

Hal-hazırda da ölkədə dollar qıtlığı yaranıb və tələb təklifi xeyli üstələyir. Mərkəzi Bank isə bazara lazımi qədər dollar çıxara bilmir. Bir müddət isə Mərkəzi Bankın əvəzinə bazarı dollarla Dövlət Neft Fondu təmin etdi. Ancaq Dövlət Neft Fondu artıq büdcə qarşısında öz öhdəliyini tam ödədikdən sonra bazardan çıxdı. Yenə də yük Mərkəzi Bankın üzərinə düşür. Məlumdur ki, Mərkəzi Bankın cəmi 4 milyard ehtiyatı qalıb. MB-da bu ehtiyatların azalmaması üçün hərraca çıxmağa elə də maraq göstərmir. Əgər MB bazara tələb olunan qədər dollar çıxararsa, o, zaman oktyabrın sonuna qədər iflas həddinə çatar. Hal-hazırda MB-nin yürütdüyü maliyyə siyasəti də məhz öz ehtiyatlarını qorumağa hesablanıb.

Bu səbəblərdən də kommersiya bankları öz tələbatlarını ödəmək üçün lazım olan dolları təmin edə bilmir və dollar satışını məhdudlaşdırır. Bu da ölkədə dollar qıtlığı yaradır və nəticədə manat ucuzlaşmağa başlayır. Mövcud durumda isə manatın bu təzyiqlərə tab gətirməsi çətin görünür. Bu baxımdan da növbəti 30-50 faizlik devalvasiyanın olacağı ehtimalları çox yüksək qiymətləndirilir.

Manata təzyiqlər artır

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət”ə şərhində deyib ki, devalvasiya ehtimalı daha çoxdur. Onun sözlərinə görə, maliyyə bazarında manata qarşı təzyiqlər getdikcə daha da artır:

“Bu bir az mürəkkəb məsələdir. Çünki Azərbaycanda bu məsələlərə hələ də tam aydınlıq gətiriliməyib. Baxmayaraq ki, Mərkəzi Bank 21 dekabrdan sonra üzən məzənnə rejiminə keçib. Amma manat tam üzən məzənnə rejimində deyil və eyni zamanda qərarlar administrativ formada qəbul olunur. Bu qərarın 3-5 ay içində qəbul olunacağını Azərbaycan reallığında proqnozlaşdırmaq mümkün deyil. Amma yaranmış şərait xeyli çətindir. Faktiki olaraq Mərkəzi Bankın bu günə qədər apardığı pul siyasəti effekt vermir. Manatın məzənnəsini qoruyub saxlamaq mümkün deyil. Bazarlarda isə situasiya günü-gündən manatın əleyhinə dəyişir və manata qarşı təzyiqlər güclənir. Hal-hazırda isə faktiki olaraq bazarlarda hərraclar keçirilmir və dollar təklifi demək olar ki, yoxdur. Belə bir vəziyyətdə Neft Fondunun həftədə 1-2 dəfə bazara çıxardığı 50 milyon ABŞ dolları tələblərin 5-8 faizini ödəmir. Belə bir şəraitdə isə devalvasiya ehtimalı təbii ki, artır”.

Neft daha da ucuzlaşacaq

Ekspert həmçinin əlavə edib ki, FED-in uçot dərəcəsini qaldırmaq ehtimalı yüksəkdir və bunun fonunda neftin qiyməti də aşağı düşəcək. Onun sözlərinə görə, bu da manatın növbəti dəfə devalvasiyaya uğramasına zəmin yaradacaq:

“Bu gün Amerika Birləşmiş Ştatlarında Bakı vaxtı ilə səhər saat 6 da FED rəhbərinin çıxışı gözlənilir. Bu da cari ilin növbəti 3-4 ayında uçot dərəcəsinin artırılması gündəmdədir. Belə bir şəraitdə dünya bazarlarında dollar möhkəmlənməyə başlayacaq. Bu da manata əlavə təzyiq formalaşdırır. Növbəti dövrlərdə neftinin qiymətinin ucuzlaşması ehtimalı daha çoxdur. Xüsusilə, sentyabrda OPEC görüş keçirəcək və bu görüşdən nəticə çıxmaq ehtimalı daha azdır. Nəticə çıxmaq ehtimalı az olduğuna görə neftin qiyməti daha da ucuzlaşacaq. İlin sonuna doğru isə ümumiyyətlə neftə tələbat daha da aşağı düşəcək. Belə bir şəraitdə devalvasiya ehtimalı var, amma daha bir ehtimal odur ki, mərhələli şəkildə indiki templə manatın ucuzlaşması prosesi davam edə bilər. Avqustun sonu sentyabrın əvvəli dollar tələbi daha çox olacaq. Amma ondan sonra tələbin aşağı düşməsi hökumətə müəyyən manevr imkanları yarada bilər”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları