Yuxarı

Bahalaşma fəlakət həddində

Bahalaşma fəlakət həddində

Dövlət inzibati metodlara əl ata bilər Rəşad Həsənov: “Hökumət tənzimlənməni iqtisadi yollarla həyata keçirməlidir” Azərbaycanda qiymətlər artmaqda davam edir. Artıq bahalaşmanın baş verdiyini Dövlət Statistika Komitəsi də təsdiqlədi. Komitənin son məlumatına əsasən, yanvar-sentyabr ayları ərzində istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz bahalaşıb. Ərzaq məhsullarının qiymətində 12,7, qeyri-ərzaq mallarında 15,9, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətində isə 5,2 faiz artım var. 2016-cı ilin sentyabrında avqust ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 2,3 faiz, o cümlədən, ərzaq məhsulları 4, qeyri-ərzaq malları 1,6, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,6 faiz artıb. Bəzi ekspertlər hesab edir ki, inzibati yolla qiymət artımını dayandırmaq mümkündür. Amma bununla bağlı əks fikirdə olanlar da var. Onların fikrincə, hökumət inzibati yolla nələrisə etməyə çalışsa da, bu yol effektiv olmayacaq. Qıtlıq təhlükəsi artır Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə deyib ki, inzibati yollarla qiymət artımına qarşı mübarizə Azərbaycanda artıq aparılıb və biz buna devalvasiyadan əvvəl də, sonra da rast gəlmişik: “Hazırda da bu istiqamətdə müəyyən addımlar atılır. Amma bu davamlı ola bilməz. Çünki davamlı olaraq inzibati yolla qiymətlərin tənzimlənməsinə gedilərsə, bu zaman artıq bazar iqtisadiyyatının tələbləri pozular. Bazar iqtisadiyyatının tələblərindən əlavə yaranmış situasiya əgər sahibkarlıq subyektlərinə fürsət versə, o zaman onların fəaliyyətində daralmalar və fəaliyyətlərinin dayanmalarına gətirib çıxarar. Bu da son nəticədə qıtlıq və qıtlığın özünün yaratdığı qarşısıalınmaz qiymət artımına səbəb olar. Bu baxımdan da hökumət çalışmalıdır ki, qiymətlərin, yəni, inflyasiya səviyyəsinin nəzarət olunan səviyyədə saxlanılması, qiymətlərin artım tempinin, əhalinin sosial rifah göstəricilərinə uyğunluğu və gəlirlərinin alıcılıq qabiliyyətinin vəziyyətinə uyğunluğunu təmin etmək məqsədilə iqtisadi alətlərdən istifadə etməlidir. Bu baxımdan monetar, vergi və digər bu kimi yollarla tənzimlənməni həyata keçirə bilər”.  “Real inflyasiya 20 faizdir” Ekspert hesab edir ki, ölkədə hər hansı məhsulların qiymətlərində ciddi artım müşahidə olunursa, əgər hökumət hiss edirsə ki, həqiqətən də bu sahədə artım var, əslində bazarda təklifin azlığından yaranır: “O zaman görülməli iş bir dövlət qurumu nümayəndəsini göndərib sahibkarı cəzalandırmaq deyil, həmin məhsular üzrə rüsumların yenilənməsi, prosesin təşviq olunması yolu ilə bazarda təklifin artırılması ilə qiymətləri tənzimləməkdir. Hökumət yalnız bu şəkildə mövqe sərgiləməlidir. Yəni, barmaq silkələməklə, hansısa formada sahibkarı qeyri-qanuni şərtlər daxilində sanksiyalar tətbiq etməklə, Azərbaycansayağı hədələməklə bu kimi proseslərin davamlı olaraq qarşısını almaq mümkün deyil. Bunun nəticələrinin hamısını biz görürük. Birinci və ikinci devalvasiyalardan sonra da sahibkarlara deyilməyən söz qalmadı. Onlar üçün ən müxtəlif formalarda təzyiqlər edildi. Amma son nəticədə qiymətlərin artımı baş verdi. 2016-cı ilin rəsmi statistikasında inflyasiya 11 faizə çatıb. Bu o deməkdir ki, bazarlarda faktiki olaraq real inflyasiya 20 faizin üzərindədir. Əslində daha çevik iqtisadi siyasət həyata keçirməklə, iqtisadi alətlərdən çevik istifadə etməklə bazarların tənzimlənməsinə gedilməlidir”. Alçina Amilqızı Cebhe.info





Həftənin ən çox oxunanları