Yuxarı

Hökumətin yalançı “inkişaf” ritorikası

Hökumətin yalançı  “inkişaf” ritorikası

 

40 min iş yeri bağlanıb, işsiz əhali rayonlara qayıdır

Yeni istehsal müəssisələri əhalinin istehlak tələbatını ödəmir

Rəşad Həsənov: “Dövlət qeyri-neft sektorunda fəaliyyət göstərmir”

2015-ci ildən dünyada iqtisadi böhran daha dərinləşib. Ekspertlərin qənaətincə, hələlik dünya iqtisadiyyatı ağır vəziyyətdə qalacaq. Dünya iqtisadiyyatının böhrandan çıxa bilmədiyi bir vaxtda Azərbaycanda iqtisadi inkişafın olduğunu göstərən bir sıra zavod və müəssisələr istifadəyə verildi. İstifadəyə verilən müəssisələrin əksəriyyəti də sosial sferanı əhatə edir. Ən əsası bu zavodlarda istehsal olunan məhsullar idxalı əvəz etmir və ixracyönümlü deyil. Özəl sektor çoxşaxəli olsa da, onun iqtisadiyyatdakı çəkisi davamlı deyil. Yeni yaradılmış istehsal müəssisələri əhalinin istehlak tələbatını ödəmir. Həmçinin ixrac potensialını da genişləndirməyə imkan vermir.

2016-cı ilin yanvarında “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans keçirildi. Konfransda çıxış edən ölkə başçısı qeyd edib ki, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütövlükdə tarixi hadisədir və tarixi nailiyyətdir: “Bu illər ərzində ölkəmiz sürətlə inkişaf edib. İnfrastruktur layihələrini icra etmişik. Bu illər ərzində - 2004-cü ildən bu günə qədər ölkəmizdə 25 elektrik stansiyası tikilib. Ümumi elektrik stansiyalarının sayı 34-dür, 25-i son 12 il ərzində tikilib”.

Prezident sosial sahədə də böyük işlərin görüldüyünü də vurğulamışdı: “Sosial infrastruktur yaradılıb. 12 il ərzində üç minə yaxın məktəb, 600-ə yaxın xəstəxana tikilib, təmir edilib. Cəmi məktəblərimizin sayı təqribən 5 minə yaxındır, üç mini 12 ildə tikilib. Bölgələrdə 41 Olimpiya Mərkəzi tikilib”. Həmin konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev də qeyd etmişdi ki, özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən hesabat ilində 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 12600-dək yeni iş yerinin açılması üçün şərait yaradılıb: “Kreditlərin 40 faizi büdcə, 60 faizi isə qaytarılmış vəsaitlər hesabına verilib. Həmin kreditlərin 64 faizi regionların payına düşür”.

İş yerlərinin açılmasından danışan nazir ümumilikdə, ötən il 84 mini daimi olmaqla 110 min yeni iş yeri açıldığını, eyni zamanda, müxtəlif səbəblərdən 40 min iş yeri bağlandığını da deyib.

Maraqlıdır, görülən işlər, verilən vədlər son 1 ildə Azərbaycanın iqtisadi gücünü nə dərəcə artıra bilib? Ümumiyyətlə, istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və əhalinin həyat və fəaliyyət şəraitinin yaxşılaşdırılması istiqamətində hansı nailiyyət əldə edilib?

“Dövlətin işi investisiya axını təmin etməkdir”

İqtisadçı-Rəşad Həsənov “Cümhuriyət” qəzetinəaçıqlamasında dövlətin istehsalat müəssisəsi formalaşdırmadığını bildirib. Ekspert Azərbaycanda 1990-cı ildən bu günə qədər real iqtisadiyyatın təmərküzləşdirilməsi üçün dövlətin fəaliyyət göstərdiyi əsas sferanın neft sektoru olduğunu da deyib: “Dövlət qeyri-neft sektorunda fəaliyyət göstərmir. Eyni zamanda dövlətin işi istehsal müəssisəsi, zavod, fabrik tikmək, yaratmaq deyil. Dövlətin işi bu prosesəsə investisiya axınını təmin etməkdir. Regionların sosial inkişafı proqramları həyata keçirilir. Təbii ki, bu proqramlar bir çox hallarda bir-birini təkrar edir. Proqramlar çərçivəsində yeni iş yerlərinin açılması iqtisadiyyatın təşviqini nəzərdə tutmur. İş yerləri dövlət sektoru hesabına sadəcə idarəetmə, təhsil, səhiyyə kimi sosial sahələrdə yaradılır. 2014-cü ilin sonu, 2015-ci ilin əvvəlində dövlət sektorunda çalışanların bir çoxunun ixtisara düşdüyünü müşahidə etdik. Sonradan situasiya nisbətən mürəkkəbləşdi və sosial gərginlik dərinləşdi. Bu zaman bəzi dövlət müəssisələrinə tapşırıq verildi ki, əlavə iş yerləri yaradaraq vətəndaşları işə cəlb etsinlər. Bu isə statistik rəqəmlərdə özünü göstərir ki, bu qədər iş yeri açılıb və bu sayda vətəndaş işə cəlb olunub. Həmçinin müxtəlif proqramlar çərçivəsində dövlət vəsaiti hesabına güzəştli kreditlər verildi. Bu kreditlər verilərkən 1 illik biznes planları tələb olunur. Təbii ki, proses nizamçısı müəssisəni yaradan özəl sektordur. Amma burda güzəştli şərtlərlə maliyyə təminatı həyata keçirən dövlətdir. Bu zaman biznes planda müəyyən rəqəmlər öz əksini tapır. Belə ki, hansısa müəssisə qurulur və burda 60 nəfər işlə təmin olunur. Son nəticədə hesabatlarda daimi və mövsümi iş yerlərinin açılması barədə rəqəmlər əks olunur. Bu rəqəmlər realdır. Amma son 4 ildə hər şey göz önündədir. Ötən 9 ayın nəticəsinə görə, ölkə iqtisadiyyatında 3.9 faiz kiçilmə var. Belə bir şəraitdə hansısa inkişafdan, böyümədən söhbət gedə bilməz”.

“Bakıdan rayonlara axın başlayıb”

Rəşad Həsənov regionların yükünün artdığına da diqqət çəkərək qeyd edib ki, ölkə iqtisadiyyatının 90 faizinin cəmləşdiyi Abşeronda Bakı şəhərində urbanizasiyanın istiqaməti regionlara doğru dəyişib: “Bu günə qədər regionlarda yaşayanların çoxu iş üçün Bakıya üz tuturdusa, hazırda bu insanlar ixtisarların qurbanına çevrilib. Onlar Bakıda gündəlik yaşayışını təmin etdirmək üçün regionlara gedirlər ki, bu da rayonlar üzərində təzyiqi daha da artırır. Əvvəllər paytaxtdan regionlara ciddi miqdarda vəsaitlər göndərilirdi. Bu insanların çoxunun ailəsi regionda yaşayır. Hazırda həmin vəsaitlərin kəsilməsi müşahidə olunur. Bütün bunların fonunda kimsə güllük-gülüstanlıqdan, inkişafdan danışa bilməz”.

“Turizm yeganə valyuta gətirən sahədir”

İqtisadçı qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində canlanmanın müşahidə olunduğunu da deyib: “Bunu tam nailiyyət kimi qiymətləndirmək olar. Burda əsas istiqamətlərdən biri turizm və kənd təsərrüfatıdır. Kənd təsərrüfatının inkişafı ilə bağlı müəyyən addımlar atılıb. Bu istiqamətdə ayrılan dövlət vəsaitlərinin həcminin artırılması, əvvəlki illərlə müqayisədə kreditləşmənin rahatlaşdırılması, subsidiyalaşma mexanizmlərinin təkmilləşdirilməsində rəqəmlərin nisbətən gözəçarpan şəkildə artırılması prosesi təşviq edib. Bu istiqamətdə az da olsa, aktivlik var, amma bu, regionlara axın nəticəsində yaranmış gərginliyi kompensasiya etmir. Turizm ölkə iqtisadiyyatında inkişafın prioritet istiqaməti hesab olunur. Nağd dolları birbaşa ölkəyə gətirən yeganə sahələrdən biridir. Kənd təsərrüfatı riskli sahədir. Bir çox hallarda istehsal olmur, bəzən məhsulu mühafizə etmək mümkün olmur. Bunun üzərində proqnoz vermək çox çətindir. Eyni zamanda uzunmüddətli dövrdə bu vəsaitlərin bir hissəsinin Azərbaycana qayıtmasından söhbət getmir. Amma turizm birbaşa ölkəyə valyuta axınını təmin edir. Bu baxımdan bu istiqamətdə daha çevik siyasətin həyat keçirilməsinə ehtiyac var. Son 1 ildə bu sahədə Azərbaycanda və regionlarda dirçəliş müşahidə olundu.Digər istiqamətlərdə gərginlik var. Ölkə iqtisadiyyatına vəsait buraxılmır, banklar kredit vermir, büdcə xərcləmələri azalıb. Xaricdə yaşayan azərbaycanlı miqrantların əksəriyyəti ailələrinə pul göndərə bilmir. Belə bir şəraitdə inkişafla bağlı müsbət fikir söyləmək çətindir”.

“İnvestisiya ilə bağlı vəziyyət ürəkaçan deyil”

Son 1 ildə xarici şirkətlərin Azərbaycana investiya yatırması qənaətbəxşdirmi? İqtisadçı bu göstəricinin çox cüzi miqdarda olduğunu bildirib: “Ümumiyyətlə investisiya ilə bağlı Azərbaycanda vəziyyət ürəkaçan deyil. Ölkənin reputasiyasının dəyişilməsinə ehtiyac var. Çünki bir çox hesabatlarda Azərbaycanın mövqeyi məlumdur. Təbii ki, investor da ilk növbədə Azərbaycan haqqında informasiyanı bu hesabatlardan alır. Əgər ortada korrupsiya, məhkəmə azadlığının və insan hüquqlarının məhdudlaşdırılması kimi amillər varsa, belə bir şəraitdə investiya axını çətin baş verir. Azərbaycana xarici investisiya əsasən neft sektoruna hədəflənib. Neft sektorunda olan qaydalar fərqli olduğu üçün müdaxilə qeyri-mümkündür. Demək olar ki, qeyri-neft sektoruna xarici investisiya yox səviyyəsindədir”.

Yeganə Oqtayqızı

 





Həftənin ən çox oxunanları