Yuxarı

Beynəlxalq Bankı kim alacaq?

Beynəlxalq Bankı kim alacaq?

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktor Şurasının sədri Rüfət Aslanlının sözlərinə görə, növbəti ildən etibarən Beynəlxalq Bank özəlləşəcək. R.Aslanlı özəlləşmə prosesinin müəyyən zaman aldığını söyləyib. Məhz bu səbəbdən də bankın özəlləşməsi növbəti ilə təxirə salınıb.  

İqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı Cebhe.info-ya bildirib ki, Beynəlxalq Bankla əlaqədar il ərzində görülən işlər belə hazırlığın olmasına işarədir: “İl ərzində bankın təxminən 10 milyard manata yaxın problemli kreditləri silindi. Neft Fondunun Beynəlxalq Banka 1 milyard manat dollar depozit yerləşdirməsi də bu il ərzində sağlamlaşdırma istiqamətində atılan addımlardan biridir. Bankı sağlamlaşdırıb, problemlərini həll etdikdən sonra özəlləşdirməni həyata keçirmək olar. Çalışmaq lazımdır ki, ciddi beynəlxalq maliyyə qurumları da bu prosesə cəlb olunsun”.

İqtisadçının sözlərinə görə, beynəlxalq maliyyə qurumları, inistitutlar prosesdə iştirak etməsə, bankın yerli resusrlar hesabına özəlləşdirilməsi effektli olmayacaq: “Təqaüd, dövlət, hökumət, o cümlədən də bir sıra hesabların bank vasitəsi ilə əldə olunması Beynəlxalq Bankın özəlləşdirilməsinə cəlbediciliyi artırır. Maliyyə dövriyyəsi nə qədər çox olsa, bank xidmətlərinə görə əlavə vəsait ala biləcək. Beynəlxalq Bank xarici investitorlar tərəfindən alınarsa, bu, Azərbaycana əlavə yatırım və vəsaitlərin gəlməsinə şərait yaradacaq. Əgər yerli holdinqlər tərəfindən özəlləşmə olacaqsa, bu, elə də ciddi efekt verməyəcək. Çünki Beynəlxalq Bankın hazırki durumu kəskin pisləşib. Növbəti sağlamlaşdırmada daha ciddi fəsadlar ortaya çıxa bilər. Sağlamlaşdırma prosesinin düzgün aparılmaması 2017-ci ildə dövlətin üzərinə ciddi yüklər qoyacaq”. 

Ekspert bildirib ki, bankın daha uğurlu fəaliyyəti, şəbəkəsinin genişləndirilməsi, kreditləşmənin aktivləşdirməsi üçün beynəlxalq inistitutlarla iş birliyi vacibdir. Bu, Azərbaycan iqtisadiyyatı üçün də ciddi töhfələr verə bilər.

Qeyd edək ki, Azərbaycanda yeganə dövlət bankı Beynəlxalq Bankdır. Bununla yanaşı Azəri-Türk Bankın bir hissəsi də dövlətə aiddir. Digər banklar formal da olsa özəldir. Əmanət bazarında böyük yer tutan Beynəlxalq Bankda təxminən bazarın 50 faizi cəmlənib. Ümumi əmanətlərin həcmi 8 milyarda yaxındır ki, bunun da təxminən 4 milyardı Beynəlxalq Bankdadır.

Xatırladaq ki, ABB-nin özəlləşdirilməsi məqsədi ilə onun problemli aktivləri “Aqrarkredit” – bank olmayan kredit təşkilatı (BOKT) QSC-yə ötürülüb. Bundan sonra BOKT ABB-nin səhmlərinin 27,26%-nə sahib olub.

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları