Yuxarı

Baş bankirdən yanlış təklif

Baş bankirdən yanlış təklif

Ölkənin ağır iqtisadi böhran içərisində olduğunu artıq hökumət rəsmiləri də etiraf edir. Ötən gün  Mərkəzi Bnkının İdarə Heyətinin sədri Elman Rüstəmov 2017-ci ildə vəziyyətin heç də ürəkaçan olmayacağını deyib. Baş bankir hətta vəziyyəti 1990-cı illə də müqayisə edib. Bu isə vəziyyətin daha da kritik olacağından xəbər verir.

İqtisadçı ekspertlər vəziyyətin bu həddə çatacağını hələ 2014-ci ildən elan edirdilər. Ancaq o, dövr üçün Azərbaycan iqtisadiyyatının təməli olan neftin dünya bazarlarında yüksək qiymətə satılması hökümət rəsmilərini rahatlaşdırmışdı. Hökumət neftdən gələn gəliri apardıqları iqtisadi siyasətin nəticəsi hesab edirdilər. Ancaq 2016-cı il başlanan kimi əslində ölkədə heç də hər şeyin qaydasında olmadığı üzə çıxdı. Neftin qiymətinin kəskin ucuzlaşması hökumətin bütün iqtisadi siyasətinin üzərindən xətt çəkdi.

Manat faktiki 95 faiz ucuzlaşıb və bu ucuzlaşma hər gün davam edir. İstər birinci, istərsə də ikinci devalvasiya zamanı Mərkəzi Bankın müəyyən maliyyə resursları  var idi və qismən valyuta bazarına süni müdaxilələr edə bilirdi. Bu müdaxilədən istifadə edən Mərkəzi Bank uzun zaman manatın dayanıqlı olduğunu əhaliyə sübut etməyə çalışırdı. Vəziyyətin artıq kritik hal aldığını etiraf etmirdilər. Hazırda isə Mərkəzi Bankın maliyyə resursları demək olar ki, tam tükənib. Əvvəllər valyuta hərracına həftəlik 50 milyon çıxaran Mərkəzi Bank artıq hərracda 30-33 milyon dollarla iştirak edir.

Hökumət əlavə yüklərdən azad ola bilmir

Elman Rüstəmov da artıq etiraf edir ki, apardıqları siyasət effektli deyil. Əslində hökumət rəsmiləri yaxşı başar düşürlər ki, artıq valyuta bazarına hansısa müdaxilə etmək gücündə deyillər. 2017-ci ilin büdcə layihəsindən də bəlli olur ki, maliyyə resursları kifayət qədər azalıb. Ona görə də 2017-ci ilin büdcəsi kəsirlərlə formalaşıb. Ancaq hökumətin hələ də zamanı var ki, üzərində olan müəyyən əlavə yüklərdən azad ola bilsin. Amma əksinə olaraq, baş bankir indiki iqtisadi şəraitə adekvat olmayaraq, Beynəlxalq Bankın xarici borclarını da ödəmək təklifini səsləndirir. Təbii ki, əlavə resurslar olmadığından bu borclar da büdcə hesabına ödəniləcək. Beləliklə, büdcədə daha bir əlavə xərc yaranacaq.

Qeyd edək ki, Beynəlxalq Bankın gələn il özəlləşdirilməyə çıxarılacağı haqqında məlumatlar var. Bu məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatası yayıb. Ancaq hər hansı bir dövlət əmlakının özəlləşdirilməsi üçün ilk öncə onun aktivləri və passivləri sağlamlaşdırılmalıdır. Əks halda özəlləşdirməyə çıxarılan banka heç bir maraq olmayacaq.

Beynəlxalq Bankın xarici borcları isə kifayət qədər çoxdur və bunun büdcə tərəfindən qarşılanması maliyyə qıtlığı baxımından hökumətə ciddi problemlər yaradacaq.

Yanlış siyasətin “hesabatı” verilməlidir

Dünyanın inkişaf mərhələsinə keçdiyi bir dönəmdə, ölkənin valyuta bazarına rəhbərlik edən bir qurumun rəhbəri əgər qarşıdan gələn ili 90-cı illərlə müqayisə edirsə, bu çox ciddi problemlərdən xəbər verir. Əslində Elman Rüstəmov iqtisadi vəziyyətin durumundan yox, öz apardıqları siyasətin nəticəsindən danışıb. Əvvəllər neftin hesabına ölkəyə axan milyardlarla pulun hesabına apardıqları yanlış siyasətin üstünü örtə bilirdilər. İndi isə vəziyyət fərqlidir. Ölkədə baş verən ağır iqtisadi böhran vəziyyəti çılpaqlığı ilə üzə çıxardı. Yuxarıda dediyimiz kimi, Mərkəzi Bankın uzun illərdən bu günə qədər apardığı siyasətin yanlış olduğunu çılpaqlığı tam göründü. Manatın 95 faiz ucuzlaşması da aparılan həmin yanlış siyasətin nəticəsidir. Gözlənilən idi ki, hökumət maliyyə komandasına baxacaq və yenilikçi, indiki situasiyadan ölkəni çıxaracaq adamlar və onların dayanıqlı proqramları ilə prosesin qarşısını alacaqdır.

Bir müddət öncə hökumətin maliyyə komandasını dəyişəcəyi haqqında mətbuatda yayılan xəbərlər də bu qəbildən hesab edilirdi. Lakin bu, baş vermədi. İndi Baş bankirin də bunu müəyyən mənada etiraf etməsi zamanında yayılan informasiyaları bir növ təsdiq edir. Ancaq hələ də düşünməyə zaman var. Aparılan yanlış siyasətin “hesabını” kimlərsə verməlidir. Ölkədə böhran yaradan maliyyə komandası dəyişilərsə və yeni proqram və ideyalar cəlb edilərsə, vəziyyətdən çıxmaq şansları qalır. Amma maliyyə sektoruna cavabdeh olan komanda dəyişmədikcə və öz köhnə proqramları ilə davam etdikcə bu kimi daxili etiraflar hələ çox olacaq.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları