Yuxarı

“Çirkli pul” yuyan banklar

“Çirkli pul”  yuyan banklar

 

Cəzasız qalan banklar qanunsuz fəaliyyətə meyillənir

Əkrəm Həsənov: “Azərbaycan bankları “çirkli pulların” yuyulmasında fəal iştirak edir”

Fuad İbrahimov: “Ölkədən təkcə qanunsuz deyil, həm də qanuni yollarla kapital çıxır”

Ötən gün Rusiyada 4 bankın fəaliyyətinə xitam verilib. Bankların fəaliyyətinin dayandırılmasına səbəb isə birbaşa “çirkli pulların” yuyulmasında və digər şübhəli bank əməliyyatlarında iştirak etməsi göstərilib. Təbii ki, bu gün bütün dünya bankları birbaşa olmasa da, dolayısı yolla şübhləli bank əməliyyatlarının iştirakçısı olurlar. Bu Azərbaycan banklarına da aid olan məsələdir. Banklar tez bir zamanda külli miqdarda kapital cəlb etməsi və bank sahiblərinin oliqarxa çevrilməsinin də arxasında dayanan amil məhz budur.

Baxmayaraq ki, Azərbaycan “çirkli pulların yuyulması ilə mübarizə” konvensiyasının üzvüdür, ancaq bu günə qədər Azərbaycan banklarının heç birində bu tip yoxlamalar aparılmayıb. Aparılsa da bu gizli saxlanılıb və banklar cəzasız qalıb. Əgər hər hansı bank haqqında bu cür əməllərinə görə cəza tədbiri görülsəydi, hər bir halda bununla bağlı informasiya yayılardı və ictimaiyyətə müəyyən məlumatlar verilərdi. Banklarda “çirkli pulların” yuyulması və digər şübhəli əməliyyatların aparılması bir reallıqdır. Ancaq hal-hazırda Azərbaycanın bank sektorunda müşahidə olunanlar bütün bunları təkzib edir. O, zaman belə bir sual yaranır. Bəs ölkədən çıxarılan milyardlarla vəsait necə çıxarılır?

“Çirkli pullar”ın yuyulmasına oliqarx məmurlar nəzarət edir

Ölkədən milyardlarla kapitalı bankın iştirakı olmadan çıxarmaq qeyri-mümkündür. Son illər ərzində isə Azərbaycandan kifayət qədər kapital banklar vasitəsilə xarici banklara, əsasən də “ofşor” zonalara aparılıb. Bunun bariz nümunəsini isə ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin işi (“MTN işi”) ilə əlaqədar istintaq materiallarında görmək olar. Sabiq MTN şefi Eldar Mahmudov və o, zamankı Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyevlə birlikdə ölkədən 12 milyard dollar çıxarması bu gün hər kəsə məlumdur. Dövlət əmlakını mənimsədiklərinə görə həmin şəxslər vəzifəsindən uzaqlaşdırılsa da ölkədən çıxardıqları 12 milyard kapital hələ də geri qaytarılmayıb. Bu hələ bu cür halların ictimaiyyətə məlum olan tərəfidir. Azərbaycanda kifayət qədər oliqarx məmurlar və bir o qədər də böyük gücə sahib olan biznes sahibləri var. Onların bir çoxu bu gün müxtəlif üsullarla külli miqdarda “çirkli pullara” sahib olurlar. Qazanılan “çirkli pulların” yuyulması üçün və yenidən dövriyyəyə çıxarılması üçün bankların “fəaliyyətinə” ehtiyacı var. Banklar da məhz bu cür əməliyyatların aparılmasına görə külli miqdarda gəlir əldə edirlər. Məhz gəlirlərin bu qədər yüksək olduğu üçün banklar da bu “xidmətə” maraq göstərir. Bir növ banklar və “çirkli pul” qazananlar birgə mütəşəkkil şəbəkə kimi çalışırlar.

Məmuru oliqarxa çevirən “əməliyyatlar”

Bütün bu qanunsuz əməllərin üstünün açılmamasına yeganə səbəb isə oliqarx məmurların əməliyyatlara birbaşa rəhbərlik etməsidir. Hökumətin müxtəlif qurumlarında kreslo sahibi olan bəzi məmurlar məhz bu cür bank “əməliyyatları” vasitəsilə oliqarxa çevrilir. Əslində monopoliyanı yaradan səbəblər də məhz bunlardır. Çünki oliqarx məmurlar öz gəlirlərini bölmək istəmirlər və gördükləri işə birbaşa nəzarəti öz əllərində saxlamağa çalışırlar. Sahib olduqları güc isə bütün bu işləri görməyə kifayət edir. Onların müəyyən dövrlərdə cəzasız qalması isə vəziyyətin getdikcə daha da ağırlaşmasına səbəb olur. Hal-hazırda ölkə ağır iqtisadi durumdadır. Ölkədə xarici valyuta qıtlığı yaranıb və hökumətin atdığı addımlar heç bir fayda vermir. Çünki ölkənin iqtisadi dayanıqlığı yoxdur. İqtisadi dayanıqlığın olmaması isə məhz monopolist məmurların oliqarxa çevrilmək istəyidir. Banklar da öz gəlirlərini artırmaq üçün həmin monopolist məmurlara dəstək verirlər.

Bankları varlandıran “şübhəli əməliyyatlar”

Bu gün ölkədə kifayət qədər bank fəaliyyət göstərir. Ancaq həmin bankların 90 faizində müsbət saldo qeydə alınmayıb. Banklar isə bunu ölkənin düşdüyü iqtisadi böhranla əlaqələndirir. Banklar hökumətə və istimaiyyətə təqdim etdiyi hesabatlarda kəsirləri ört-basdır etmək üçün problemli kreditlərin həcminin çox olmasından istifadə edir. Amma əslində problemli kreditlərin həcminin həddindən artıq olması elə bankların öz günahıdır. Banklar zamanında yanlış maliyyə-kredit siyasəti yürütdüyü üçün indi banklar bu cür vəziyyətlə üzləşirlər. Kreditlərin dollarla verilməsi isə əslində bankların gəlirlərinin artmasına xidmət edir. Bu gün dollar manat qarşısında surətlə bahalaşır. Banklar isə dolların daha da bahalaşmasının marağındadırlar. Çünki ölkə böhranda olanda banklar “çirkli pulların” yuyulmasını və digər şübhəli bank əməliyyatlarına daha rahat şəkildə, təhlükəsiz həyata keçirirlər. Bu isə birbaşa olaraq ölkədən valyuta axınını daha da gücləndirir və ölkədə valyuta qıtlığının dərinləşməsinə səbəb olur.

“Bu günə qədər heç bir bank cəzalanmayıb”

Bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında deyir ki, Azərbaycan bankları da “çirkli pullar”ın yuyulmasında fəal iştirak edir. Onun sözlərinə görə, bu günə qədər Azərbaycanda heç bir bank bu tip əməllərinə görə cəzalanmayıb: “Təbii ki, hansısa ölkədə pul varsa, demək həmin ölkədə “çirkli pullar” da var. “Çirkli pulların” yuyulmasında və yenidən dövriyyəyə çıxarılmasında banklar önəmli rol oynayır. Bir ölkədə ki, korrupsiyanın həcmi böyükdür, orda “çirkli pullar” da çoxluq təşkil edir. Sadəcə Azərbaycan artıq 10 ilə yaxındır ki, “çirkli pulların yuyulması ilə mübarizə” konvensiyasına qoşulub və guya ki, bununla bağlı mübarizə aparır. Amma əslində baxsaq, görərik ki, son 10 ildə bankların külli miqdarda gəlir etməsinin səbəbi elə “çirkli pullardır”. Bu illər ərzində nəinki hansısa bank “çirkli pullar”ın yuyulmasına görə bağlanmayıb, ümumiyyətlə, belə bir fakt aşkar edilməyib. Maliyyə Monitorinq Xidməti 10 ilə yaxındır fəaliyyət göstərir. Amma bu günə qədər heç kim “çirkli pullar”ın yuyulmasına görə məsuliyyətə cəlb edilməyib. Maliyyə Monitorinq Xidməti internet saytına daxil olsaq, görərik ki, onlar nədən istəyirsən, yazırlar, amma Azərbaycanda bir nəfərin “çirkli pullar”a görə həbs olunması, nəzarətə götürülməsi və ya məsuliyyətə cəlb olunması haqqında heç bir xəbər yoxdur.

Yəni, bu baxımdan Azərbaycanda heç bir ciddi iş görülmür və “çirkli pullar”a qarşı heç bir mübarizə aparılmır. Yalnız boş-boş vədlər verilir. Banklar da bu vəziyyətdən istifadə edir və ona görə də heç biri cəzalanmır. Amma təbii ki, Azərbaycan bankları da “çirkli pullar”ın yuyulmasında fəal iştirak edir”.

“Pulların ölkəyə qaytarılma mexanizmi yoxdur”

Məsələnin ikinci tərəfinə toxunan iqtisadçı-ekspert Fuad İbrahimov deyir ki, ümumiyyətlə ölkədən qanunsuz yollarla çıxarılan pulların ölkəyə qaytarılması mexanizmi yoxdur. Ekspert qeyd edir ki, ölkədən təkcə qanunsuz deyil, həm də qanuni yollarla kapital axını var:

“Bunu ancaq stimullaşdırıcı üsullarla etmək olar. Sadə dildə desək, maliyyə amnistiyası elan olunsa, ancaq o, zaman bu müəyyən qədər mümkün olar. Eyni zamanda bununla paralel olaraq ölkədə normal biznes mühiti yaranmalıdır ki, həmin pullar ölkəyə gətirilsin və müəyyən sahələrə yatırılsın. Dəqiq şəkildə demək olmaz ki, ölkədən ümumilikdə nə qədər vəsait çıxarılıb. Ancaq proseslərə nəzər saldıqda proqnozlaşdırmaq olar ki, kimlər tərəfindən nə qədər pul ölkədən çıxarılıb. Amma şübhəsiz ki, ölkədən çıxarılan pulların geri qaytarılması da maraqlar çərçivəsində baş verə bilər. Maraq da ondan ibarət olar ki, azad ticarət zonası, biznes mühiti yaradılsın və maliyyə amnistiyası elan olunsun. Bu cür yollarla həmin pulların ölkəyə qayıtmasını stimullaşdırmaq olar. Ancaq bu da həmin pulların ölkəyə qayıdacağına tam təminat deyil. Digər tərəfdən ölkədən çıxarılan vəsaitlərin rəsmi tərəfləri də var. Ölkə rəhbərliyinin xüsusi göstərişilə səhiyyə sahəsinə avadanlıqların alınması üçün külli miqdarda vəsait ayrılır. Amma ən müasir avadanlıqlara uyğun mütəxəssis yoxdur, hazırlanmır.

Buna görə də, Azərbaycan vətəndaşları Cənubdan İrana, Şimaldan Rusiyaya, Qərbdən Gürcüstana, Türkiyəyə və digər Avropa ölkələrinə müalicəyə gedirlər. Bunun özü də ölkədən kapital axınıdır. Təhsil sahəsində də eyni problemlər yaşanır. Ali məktəbə qəbul oluna bilməyən  gənclər  Ukrayna, Gürcüstan, Türkiyə və digər ölkələrə üz tuturlar. Bütün bunlar ölkədən kapital axını gücləndirən amillərdir. Bu gün külli miqdarda vəsait əldə edən biznesmenlər yenə də gedib xarici ölkələrdə yatırım edirlər. Biz ilk növbədə ölkədən rəsmi şəkildə çıxarılan kapitalın qarşısını almalıyıq. Bundan ötrü də iqtisadi nəzəriyyədə göstərilən bazar münasibətləri və biznes mühitinin saxlanılması gündəmə gəlir. Bu işlər isə yazıda yox, əməldə görülməlidir. Əgər bu mühit qurulsa, ondan sonra xaricə axan kapitalların qaytarılması üçün heç bir mexanizmə ehtiyac qalmayacaq. Kapitalın özü Azərbaycana axacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları