Yuxarı

Adambaşına nə qədər qazanırıq?

Adambaşına nə qədər qazanırıq?

Oqtay Haqverdiyev: “Azərbaycanda əhalinin gündəlik gəliri orta hesabla 3-4 manat həcmindədir”Dünyada elə ölkələr var ki, əhalisinin gündəlik gəliri 1 dollar və ondan aşağıdır. Bu ölkələr əsasən “qara qitə” adlandırılan Afrikada yerləşir. Dünyanın ən kasıb ölkəsi hazırda Brundi hesab olunur. Bu ölkədə vətəndaşlarının adambaşına düşən illik gəliri 276 dollar civarındadır. Bu isə 11 milyon əhalisi olan ölkənin vətəndaşının gündəlik gəlirinin 1 dollardan da az olması deməkdir. Beynəlxalq hesabatlara görə, dünyada həftəlik ən az iş saatına sahibi olub, lakin illik ortalama gəliri ən yüksək həddə olan ölkələrin siyahısını dərc edib.Avropanın sıxıntılı ölkələrindən olan İtaliyada işçilər həftədə 36 saat çalışır. İtalyanların illik ortalama qazancları isə 34 min dollardır. Avstraliyada işçilər həftədə 36 saat çalışır. İldə isə ortalama 45 min dollar gəlir qazanırlar. İsveçdə işçilər həftədə 36 saat çalışır. İllik gəlirləri ortalama 38 min dollardı. Belçikada işçilər həftədə 35 saat çalışır. İllik gəlirləri isə 44 min dollardır. İsveçrədə həftəlik çalışma saatı 35-dir. İsveçrəlilər ildə ortalama 50 min dollar qazanır.Almaniyada işçilər həftəlik 35 saat çalışır. Almanlar ildə ortalama 40 min dollar qazanır. İrlandiyada işçilər həftədə 34 saat çalışır. İllik ortalama qazancları  51 min dollardı. Norveçdə işçilər həftədə 33 saat çalışırlar. İllik ortalama gəlirləri 44 min dollardır.Danimarkada işçilər həftəlik 33 saat çalışırlar. Ölkədəki illik ortalama əmək haqqı 46 min dollardır.Hollandiyada həftəlik çalışma saatı 29-dur. Hollandiyalıların illik ortalama gəlirləri 47 min dollardır. Bu hesabatdan sonra yalnız bir sahə üzrə apardığımız maraqlı bir məlumatla Azərbaycanı da bu siyahıya əlavə etdik. Belə ki, Azərbaycanda çörək sexində çalışan işçilər gündə 20 saat çalışır. Növbəli iş sistemi olduğuna görə, həftəyə 60 saat çalışır. Aylıq gəlir 200 manat, illik gəliri 2 min 400 manatdır. Yəni, indiki məzənnə ilə 1 387 dollar. Azərbaycanda ünvanlı sosial yardım alan şəxslərin sayı ölkəəhalisinin 6,98 faizinə çatıb. Bir il əvvəl ölkədə rəsmi yoxsulluq səviyyəsi 4,9 faiz idi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, son bir ildə yardım təyin olunan ailələrin sayı 55,5 faiz artıb. Yanvarın 1-nə 163 min 300 ailənin 684,3 min nəfər üzvü dövlətdən ünvanlı sosial yardım alıb. Əvvəlki illə müqayisədə yardım alanların sırasına daha 58 min 300 ailə və ya 225,4 min nəfər qoşulub.Ötən ilin əvvəlinə ünvanlı sosial yardım alan şəxslərin sayca ölkə əhalisinin 4,7 faizi olduğu və yardıma ehtiyac duyanların heç də hamısının buna nail olmadığı nəzərə alınsa, hazırda ölkədə yoxsulluq səviyyəsinin 6,98 faiz deyil, daha yüksək olduğunu düşünmək mümkündür.Ötən il ehtiyac meyarı yaşayış minimumunun 80,2 faizi səviyyəsində idisə, bu il həmin göstərici 74,8 faizə düşüb. İqtisadiyyat Nazirliyinin məlumatında belə deyilir.Maraqlıdır, görəsən Azərbaycanda adam sayına düşən gəlir necə hesablanır? Ölkəmiz hansı onluqda yer alır?Mövzu ilə bağlı “Cümhuriyət” qəzetinə fikirlərini bölüşən iqtisadçı-ekspert Oqtay Haqverdiyev bildirib ki, devalvasiyadan öncə Azərbaycanda vəziyyəti qənaətbəxş hesab etmək olardı: “O mənada ki, adam sayına gündəlik 10 manat düşürdü. Amma indi bu gəlir iki dəfə azalıb. Nəzərə alaq ki, Azərbaycanda gündəlik gəlir manatla hesablanır. Yəni, manat hesabına bu göstərici ən azı iki dəfə aşağıdır. Orta əmək haqqı 400-500 manat (231- 289 dollar) olmasına rəğmən, işləyən əhalinin gündəlik gəliri 13-14 manat həcmində müəyyənləşdirilir. Bu göstərici yalnız işləyənin özünə düşür. Ola bilər ki, həmin şəxsin də 2-3 nəfər çalışmayan ailə üzvü var, bu zaman təbii ki, gəlir aşağı düşür. Qənaətimcə, Azərbaycanda əhalinin gündəlik gəliri orta hesabla adam sayına 3-4 manat həcmindədir. Yəni, orta əməkhaqqı 400-500 civarında olsa da, ailədə işləmək qabiliyyəti olan bütün insanlar heç də bu əməkhaqqını almır”.İqtisadçı hazırda ölkədə 1 milyon 300 minə yaxın təqaüdçünün olduğunu da deyib: “Rəsmi elan edirlər ki, orta aylıq pensiya 200 manata yaxındır. Bu isə o deməkdir ki, pensiyaçının gündəlik xərci 10 manatdan aşağıdır. Yəni, 5,78 dollar civarında. Əgər 10 manat olsaydı, bu, aylıq 300 manat edərdi. Pensiyaçının da təqaüdü ailə sayına görə bölünür. Göründüyü kimi gündəlik göstəricini dollara çevirdikdə, bu məbləğ iki dəfə azalır”. Oqtay Haqverdiyevin qənaətincə, dörd nəfərlik ailənin normal dolanması üçün aylıq 1000 manat gəliri olmalıdır: “O, doğrudan da hiss edə bilsin ki, bu ölkədə yaşamaq olar. Tutaq ki, 4 nəfərlik ailədə bir nəfər çalışır 600 manat əməkhaqqı alır. Amma bu əməkhaqqını 4 yerə böləndə çox az olur.Azərbaycanda ünvanlı dövlət sosial yardımı o ailələrə təyin olunur ki, onların adambaşına düşən aylıq gəliri hər il yenidən baxılan ehtiyac meyarına uyğun gəlsin. Ötən il onun məbləği 105 manat, bu ilsə 116 manatdır. Yəni, 116 manatdan aşağı gəliri olan şəxslər yoxsul hesab edilir. Rəsmi məlumatlarda isə deyilir ki, ölkədə yoxsulluq həddi 5 faizdir. Azərbaycan Afrika ölkələrindən heç də o qədər kənarda qalmır”.Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları