Akif Nəsirli: "Qurumun bu cür təklif və çağırışları çox zərərlidir”
Bu gün ölkənin ərzaq bazarını ən yüksək həcm göstəricisi üzrə "Azersun” Holdinq ələ keçirib. Bu
qurumun inhisarçılığına çox böyük zəmin yaradılıb. Holdinqin aparıcı qüvvəsi isə əlbəttə ki, məmurların əlindədir. Bu fəaliyyətin altında məmurlara çatacaq böyük pullar yer
tutur. Son vaxtlar adıçəkilən qurumun rəhbərliyi ölkədə iddialı çıxışlar edir. Çıxışlardan açıq-aydın anlamaq mümkündür ki, "Azersun” Holdinq digər biznes qurumlarına "qırmızı işıq” yandırıb. Qurum rəqabətli
mühitin formalaşmasının qarşısını almaqla yolunda duran bütün sahibkarlara sədd
qoyub.
Bu günlərdə "Azersun” Holdinqin Müşahidə Şurasının sədri Abdolbari Goozalın qəribə və vurğulu
açıqlaması oldu. Müəssisə rəhbəri qeyd edib ki,
regionlarda müəssisələr yaranarkən elə etmək lazımdır ki, onlar bir-birlərinə mane olmasınlar və sərmayələr boşuna
zay olmasın: "Hökumət sahibkarları yönləndirə, onlara daha sərfəli regionları və sahələri məsləhət görə bilər. Məsələn, deyə bilər
ki, gəl, balıqçılıqla məşğul ol. Əgər
sahibkar fərasətlidirsə, o hər şeydən pul qazanar, hətta üzr istəyirəm, zibildən
də milyonlar qazanmaq olar -"Azersun” tullantılardan kağız buraxdığı kimi. Ona görə də yetər ki, hökumət bu məsələlərdə yönləndirici olsun ki, eyni kənddə
eyni zavodlar açılıb bir-birlərinə mane olmasınlar. Yoxsa,
ikisi də, işsiz qalacaq”. Açıqlamadan da görünür ki, qurum rəhbərliyi müəyyən dairələrə işarə edir və monopoliya iddiasındadır. Yəni ölkənin ərzaq
bazarını yalnız bu qurum təmin edə bilər, digər müəssisələr sadəcə "ayaqaltı” ola bilərlər ki,
onsuz da onlara imkan verilməyəcək.
Ekspertlər isə hesab edir ki, ümumiyyətlə, istər ərzaq bazarında, istərsə də digər
sahələrdə rəqabətli mühit formalaşdırmaq lazımdır. Rəqabətli mühit olan yerdə məhsulun
keyfiyyətlilik və qiymət münasibliliyi böyük rol oynayır. Buna isə bir çox oliqarxlar, məmurlar
imkan vermirlər. Sadəcə, öz mənafelərini güdmək və inkişaf etdirmək üçün
maneedici addımlar atırlar.
İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, inandırıcı deyil ki, regionda kimsə "Azersun” Holdinqə mane ola bilər:
"Hər halda
problemlərinin nə olduğunu bilmirəm. Amma regionlarda kiçik müəssisələrin açılmasında hökumət kimisə harasa yönəldirsə,
göstəriş verirsə, bu artıq bazar
iqtisadiyyatı olmur, bu inzibati amil metodu olur. Hesab edirəm ki, Azərbaycanda hökumət bu tip maneələri aradan qaldırmalı və müstəqil
sahibkarları stimullaşdırmalıdır. Məsələn, hökumət bu gün istəyirsə, balıqçılıq inkişaf eləsin, buna bir stimul
qoymalıdır. Dünya praktikasında stimullaşdırma mexanizmi
var. Sahibkara göstəriş vermək, onu yönəltmək məsələsi
heç də təqdirəlayiq deyil. Hətta bazar iqtisadiyyatı inkişaf edən ölkələrdə də bu müşahidə
edilmir. Əksi baş verərsə, monopoliyaya aparıb çıxarır. Bu gün Azərbaycanda kifayət qədər
monopoliya var. Monopoliyanın başında da
hökumətdə işləyənlər, oliqarxlar dayanır. Bu da bir tərəfdən problem yaradır. Artıq hökumət də göstəriş verməyə başlasa, təxminən Sovet hökuməti dövründə olduğu kimi inzibati amil metoduna gəlib çıxacaq. Adını isə inzibati amil metodu ilə idarə olunan iqtisadiyyat qoyacaqlar. İndiki sistem artıq buna yaxındır, adı bazar
iqtisadiyyatı olsa belə...
"Azersun”un hökumətdə kifayət qədər dayaqları var. Onlar düşünür ki, bazar iqtisadiyyatı olmasa da, iqtisadiyyat
inzibati amillik metodu ilə idarə olunsa da
onlar üçün ciddi problemlər yaranmayacaq. Əksinə bu proses həmin şirkətin
xeyrinə işləyəcək. "Azersun” Holdinqin rəhbərliyi sırf korporativ maraqlardan çıxış edərək belə açıqlama verib. Daha böyük, rəqibsiz, sərbəst, təkbaşına bazar istəyir. Ona görə də düşünür ki, hökumət
yönəltsə, "Azersun” kiçik sahibkarların fəaliyətini qadağan edəcək. Bu baxımdan qurumun bu cür təklif və çağırışları çox zərərlidir. Ona görə də bunun Azərbaycanda bazar iqtisadiyyatının oturuşmasına maneə olacağı istisna deyil”.
Alçina Amilqızı