Yuxarı

İflas növbəsi SOCAR-a çata bilərmi?

İflas növbəsi SOCAR-a çata bilərmi?

İlham Şaban: "Sərmayə qoyulmuş əməliyyatların istifadəsinə 2018-ci ildən başlanacaq”

Azərbaycan Beynəlxalq Bankının iflası ölkəni maliyyə və enerji sektorlarında qarşılıqlı risklərə məruz qoyur. Bu haqda "Global Risks Insight” portalında təhlilçi Jeremy Luedi  Azərbaycan iqtisadiyyatının acınacaqlı durumu haqqında sensasiyalı məqalə ilə çıxış edib. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 3,3 milyard dollar həcmində borcun restrukturizasiyasına nail olmaq məqsədi ilə mayın 11-də Nyu-Yorkda məhkəməyə müraciət edib. Restrukturizasiya kreditin və ya onun qaytarılması şərtinin dəyişdirilməsi deməkdir.

ABB-ın ən azı 2,3 milyard dollar borcu və Dövlət Neft Fondundan 1 milyard dollar depoziti olduğu bildirilir. Martda bankın iri kreditor Cargill Financial Services International Inc. -ə 715 milyon dollar həcmində kreditə görə ödəniş etmədiyi iddia olunub. 2016-cı ilin iyun ayına olan vəziyyətə görə, bankın aktivləri 8,3 milyard dollara yaxın olub. Müştərilərin hesabları da daxil olmaqla, öhdəliklərin ümumi məbləğinin 8 milyard dollar təşkil etdiyi bildirilir.Mayın 11-də Azərbaycan hökumətinin bankın öhdəliklərinin dövlətə ötürülməsinə qərar verdiyi açıqlanıb.Bu öhdəliklərin cəmi məbləği barədə isə rəsmi bilgi verilmir.Məqalədə deyilir ki, Beynəlxalq Bankın bu cür iflası yalnız başlanğıcdır.İndi yıxılmaq növbəsi borcunun 80 faizi xarici valyutada olan SOCAR-ındır.Bundan əlavə hər iki qurumun bir-birilə sıx əlaqəsi olduğu da bildirilir.

Mayın 14-də ABB bankı üzərinə düşən bəzi öhdəlikləri dayandırmaqla Azərbaycanın ciddi maliyyə institutlarından birinin büdrədiyini əks etdirdi.ABB xarici bank və investorlardan problemli kreditləri idarə etmək üçün yardım istəyib.İddiaya görə ABB-nin portfelinin 80 faizini bu cür kreditlər təşkil edir.ABB-nin SOCAR-la münasibətləri göz önünə alındıqda ARDNŞ-nin buraxdığı istiqrazlara olan inam-etibar daha da zəifləyir.ABB-nin öhdəliklərini dayandırması, neftin qiymətinin aşağı düşməsi, neftdən asılı olan ölkənin çöküşünə bir işarədir.

Azərbaycandakı maliyyə aktivlərinin 1/3-nə nəzarət edən ABB iflas etməyəcək qədər böyüyüb və elə 2015-ci ildə hökumətin banka nəzarəti ələ alması da bu faktı sərgiləmiş oldu. Hökumət bankın 80 faizinə nəzarət edir, bu səbəbdən bankın defoltu hökumətin etibarını zərbə altında qoyur.Hazırda ABB-nin "Eurobond” investisiya şirkətinə iki kreditdən ibarət olan 908 milyon borcu var. ABB-nin Dublində yerləşən "Rubrika Financ” maliyyə təşkilatına 100 milyon dollarlıq borcunun ödənişi gecikir. Məqalədə deyilir ki, mayın 23-də maliyyə naziri Samir Şərifov Londonda beynəlxalq inverstorlarla görüşəcək.Bu görüş faydasız olsa, ABB 2019-cu ildə 500 milyon avro "Eurobond” investisiya şirkətinə ödəniş etməlidir. Bu il oktyabrın 26-da isə 185 milyon dollarlıq borc qaytarılmalıdır. ABB-nin 2017-ci ilin ilk rübünədək əməliyyat gəlirləri illik 24 faiz artımla 128 milyon dollara çatmasını proqnoz verməsi ilk baxışda müsbət görünsə də, müəyyən qarışıqlığa səbəb olub.

Məqalədə Azərbaycanın qaz infrastrukturu layihələrinin qurulmasından ötrü 5 milyard dollarlıq borca girdiyi də vurğulanır. Hökumət ABB-yə nəzarəti gücləndirdiyi il SOCAR-a 10 illiyə 2 milyard dollarlıq güzəştli kredit ayrılıb. Azərbaycan Avropa enerji ehtiyacının 10 faizini təmin etməyi planlaşdırır.Bu boru xətləri 45 milyard dollarlıq olan Cənubi Qaz Dəhlizini formalaşdırır. 2025-ci ilədək hər il 40 milyard kubmetr qaz ixracatı planlaşdırılır. Lakin bütün bunlarla belə hökumətin maliyyə sıxıntıları aradan qalxmayıb.Bu göstəricilər şirkətin zəif olmasına işarədir.Bununla yanaşı Azəri-Çıraq-Günəşli boru xəttində də müəyyən problemlər özünü göstərir.

Müəllif qeyd edib ki, SOCAR-ın borclarının çoxunun dövlət zəmanəti yoxdur.Üstəlik, borcların 80 faizi xarici valyutadadır, şirkət isə gəlirlərinin böyük hissəsini manatla qazanır. SOCAR EBİT-ta (faiz və vergidən əvvəl mənfəət) investisiya təşkilatına olan 4 qat borc nisbətini nizamlamaq üçün 2016-2018-ci il proqramında 17-20 faiz borc götürüb. Ən böyük vergi ödəyicilərindən və işçi qüvvəsinə malik olan SOCAR-ın da nəhəng ABB kimi yıxılmağı real görünür.ABB kimi SOCAR yıxılması hökumət üçün bıçağı sümüyə dirəyəcək.Dövləti çıxılmaz vəziyyətə salacaq.Hökumət bankları müəyyən mənada təmin etməsinə baxmayaraq, SOCAR-ın heç bir zəmanəti yoxdur.Çünki ARDNŞ-nin borclarının 80 faizi xaricdəndir.Şirkət daha çox manatla qazandığı üçün SOCAR-ın adı həm də bank sektorunun zəiflədilməsində ifşa edilib.2016-cı ildə və 2017-ci ildə ÜDM 1.3 və 3.8 faiz təşkil edib.Hazırda Azərbaycanda iqtisadi və maliyyə vəziyyəti daha da gərginləşib.

"Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban "Cümhuriyət” qəzetinə bildirib ki, təhlilçinin məsələyə hansı biçimdə baxmasından çox şey asılıdır:

"Dövlət Neft Şirkətinin 2017-ci il yanvarın 1-ə qədər 7 milyard dollar həcmində kredit borcu var. Bəzi analitiklər fikirləşir ki, ARDNŞ 7 milyarda borcu qaytara biləcəkmi? Bu statistikadan çıxış edərək belə qərara gəlirlər ki, Dövlət Neft Şirkətinin maliyyə durumu ürəkaçan deyil.Hətta fikirləşirlər ki, şirkətin 10 milyard dollara qədər borc yükü arta bilər. Nəticədə SOCAR-ı ABB-nın aqibəti gözləyir. Ancaq sırf statistik bir hesablamaya görə vəziyyət bu həddə gəlib çıxa bilər.Dövlət Neft Şirkəti enerji sektorunda kapital yönümlü iqtisadiyyatın bir sahəsidir.

Burada 5 il ərzində həddən artıq böyük investisiyalar etmək mümkündür. Şahdəniz-2 qaz layihəsi üçün 25 milyard investisiya qoyurlar.Orada hələ ki, quyuların qazılması, hasilat işi yoxdur. Amma iştirak edən şirkətlər, o cümlədən, Dövlət Neft Şirkəti 25 milyard investisiyanı ancaq 5 il müddətinə qoyur və 25 milyard onların borclanma aktivinə yazılır. Adətən, həmin vəsait hasilat başlayandan sonra 10 il müddətinə geri qaytarılır. Necə ki, Azəri -Çıraq- Günəşlidə 1997-ci ildə hasilat başladı bundan sonra faza-1, faza-2, faza-3 yerinə yetirildi.Həmin layihəyə təqribən 20 milyard investiya qoyulmuşdu.2008-ci ilin yarısında investisiyalar hamısı geri qayıtdı.Yəni, 11 il çəkdi”.

Ekspert onu da vurğulayıb ki, Dövlət Neft Şirkəti 2012-ci ildən qazlaşmadan tutmuş, özünün daxili və xarici neft əməliyyatlarına böyük kapital xərcləri qoyur:

"Bütün bu layihələr qoyulan vəsaitlər 2019-cu ildə faktiki olaraq başa çatacaq. Sərmayə qoyulmuş əməliyyatların istifadəsinə 2018-ci ildən başlanacaq.Bu yatırımlar gəlir gətirdikcə əldə olunan vəsait ödənməyə yönələcək.Görünür həmin analitiklər bu layihələrə dəqiqliklə baxmırlar. Məsələn, Türkiyədə "Star" neft emalı kompleksinin tikintisi layihəsinin bir hissəsi Dövlət Neft Şirkəti tərəfindən maliyyləşdirilib. Götürülən kredit layihə işə düşəndən sonra qaytarılacaq.Zavodun gətirdiyi gəlirlə Neft Şirkətindən qoyulan məbləğ ödəniləcək. O cümlədən, TANAP layihəsinə nə qədər vəsait qoyulubsa, layihə gəlir gətirdikcə kreditorlara həmin vəsait ödənəcək. Buna görə də, istər Dünya Bankı, istər Asiya İnkişaf Bankı, istərsə də digər kredit verən törəmə qurumlar olsun, krediti 15 ildən 30 il müddətinə ayırırlar.

SOCAR-ın dövlət qurumu olduğunu xatırladan İlham Şaban bildirib ki, dövlət şirkəti həm dövlət büdcəsinə vəsait ödəyir, həm də dövlətə divident gətirir:

"Yəni, dövlət şirkəti hökumət üçün əlavə işlər də görür. SOCAR-ın rəsmi məlumatlarına baxsaq, hər il 1.4, 1.5, hətta 1.8 milyard manat büdcəyə transfert edir. Bundan əlavə də 2010-2014-cü illərdə hər il 200-250 milyon manatlıq hökumət üçün müxtəlif işlər görür. Dövlət şirkəti dövlət üçün idman kompleksləri, müxtəlif sosial obyektlər tikir və yaxud da təmir etdirir.Əgər Dövlət Neft Şirkətinə bir şey olsa, dövlət onun arxasında bir qarantdır.Buna görə SOCAR-ın ABB kimi çökməsi reallıqdan uzaqdır”.

İlham Şabanın qənaətincə, Beynəlxalq Bank ona görə müflis olub ki, o, arxasında heç kimin dayanmadığı kreditləri verib və həmin vəsaitlər gedər-gəlməzə yönəldilib:

"Müqayisə üçün götürdükdə Dövlət Neft Şirkətinin layihələrində gedər-gəlməz layihə yoxdur. Ən bəd ayaqda Dövlət Neft Şirkəti həmin layihəni borc aldığı kreditora verər və yaxud da obyekti satışa çıxarar.Beynəlxalq Bankın əlində heç nə yox idi. O ancaq kağızın üzərində müqavilə imzalayıb, bugünkü gündə satmağa heç nəyi oxdur. Azərbaycan vətəndaşları menecmenti sıfır səviyyəsində olan ABB-nın əziyyətini çəkir.

2015-ci və 2016-cı illərdə dövlət büdcəsindən ABB-nin problemli kreditlərinin bağlanmasına görə milyardlarla vəsait köçürülüb.Ancaq bankı sağlamlaşdırmaq mümkün olmayıb.İndi də 3.3 milyard dollar xarici kreditorlara ödəniləcək borcu var ki, bankın da o vəsaiti yoxdur.Əgər o bank normal olsaydı, dövlət tərəfindən ödəniləcək o məbləği Azərbaycan vətəndaşlarının rifahı naminə xərcləmək olardı.3.3 milyard dollar isə manat ifadəsində 5 milyard manat deməkdir.5 milyard manat da Azərbaycan büdcəsinin 33 faizidir.Buna görə də Dövlət Neft Şirkətini ABB ilə bir müstəviyə qoymaq tamamilə yanlışdır”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları