Yuxarı

Baş bankirdən manat açıqlaması

Baş bankirdən manat açıqlaması

Natiq Cəfərli: "Manat maksimal həddə, 1.92 səviyyəsinə qədər ucuzlaşa bilər”

Son aylarda manatın rəsmi məzənnəsi 1.70 civarında dəyişib. Son olaraq Azərbaycan Mərkəzi Bankının verdiyi rəsmi məzənnə də 1,7020 manata bərabər olub. Bu isə dolların hələ bir müddət kəskin bahalaşmayacağı fikrini formalaşdırıb. Digər tərəfdən bu günlərdə AMB-nin İdarə Heyətinin rəhbəri Elman Rüstəmov "İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyyələr” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib ki, Azərbaycan manatının məzənnəsi 5 aydır ki, üzən rejimdə müəyyən edilir: 

"Bu dövrdə 1 ABŞ dolları 1,92 manata qədər bahalaşdı, lakin qısa müddətdə Azərbaycan manatının məzənnəsi sabitləşdi və hazırda pik həddən 11% aşağıdır. Ümumilikdə isə manatın real effektiv məzənnəsi 50%-dən çox azalıb, bu da məqsədəuyğundur. Çünki güclü manat idxalı artıra, əlavə problemlər yarada bilər. Qeyri-neft sektorundan ixracın artımı isə manatın məzənnəsinin bazar iştirakçıları üçün əlverişli olmasını tələb edir”.

"Bu ilin sonuna qədər manatın məzənnəsində ciddi dəyişiklik gözləmirik. Onu qeyd edim ki, məzənnənin möhkəmlənməsi riski zəifləmə riskindən böyükdür və iqtisadi subyektlər arasında çaşqınlıq yaranmasına ehtiyac yoxdur”, - deyə AMB sədri qeyd edib. Bəs bütün buları nəzərə alaraq manatın sabitləşdiyini demək mümkündürmü?

"Məzənnəyə ciddi şəkildə inzibati müdaxilələr var”

"Cümhuriyət” qəzetinə açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, manatın məzənnəsinə inzibati müdaxilələr var və məzənnə bu cür formalaşır: "Bir məsələ dəqiqdir ki, hökumət üçün də, Mərkəzi Bank üçün də aşağı hədd 1.70 civarında müəyyənləşib. Məzənnənin 1.70-dən aşağı düşməsi hökumətin büdcə ilə bağlı planlarına ziyan vura bilər. Ona görə də hökumət məzənnənnin 1.70-dən aşağı düşməsini istəmir və uzun müddətdir ki, məzənəni bu səviyyədə saxlayır. İndi isə söhbət manatın yuxarı həddindən gedir. Maraqlı məqam isə odur ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov israrla manatın üzən məzənnə rejimində olduğunu deyir və bazarın fundamental dəyərlərinə uyğun olaraq məzənnənin formalaşması prosesi gedir. Hərçənd ki, bu belə deyil. Dəfələrlə vurğulamışıq ki, məzənnə inzibati yolla tənzimlənir. Çünki bazarda dollar satan və dollar alan oyunçuların sayı bəllidir. Banklardan başqa heç bir oyunçu hərracda dollar almırsa, deməli, bu üzən məzənnə rejimi ola bilməz.

Üzən məzənnə rejimində hərraclarda ən az onlarla, yüzlərlə oyunçu olmalıdır. Məsələn, Rusiyada rublun məzənnəsini müəyyən etmək üçün gündəlik hərraclarda 11 min fiziki və hüquqi şəxs iştirak edir. Azərbaycan isə üzən məzənnə deyil, amma hər halda Mərkəzi Bank israrla üzən məzənnə deyirsə, həm də bunu Mərkəzi Bankın rəhbəri özü deyirsə, o, zaman manatın bundan sonra ucuzlaşacağı ehtimalını azaltmaq mümkün deyil. Əgər məzənnə bazarın tələb və təkliflərinə uyğundursa, nə bilmək olar ki, bazar 1 aydan sonra hansı reaksiyanı verəcək və manatın məzənnəsi hansı səviyyəyə qalxacaq. Bu nöqteyi-nəzərdən Elman Rüstəmovun açıqlamasında təzad var. Əgər məzənnəni bazar müəyyən edəcəksə, o, zaman hər ehtimal gündəmdə olmalıdır. Əgər bu ehtimallar heçə sayılırsa, bu o, deməkdir ki, məzənnəyə ciddi şəkildə inzibati müdaxilələr var”.

"Manata beynəlxalq təzyiqlər var”

Fundamental məsələlərdə də Mərkəzi Bankın rəhbəri ilə fikir ayrılığının olduğunu deyən Natiq Cəfərli hesab edir ki, manata beynəlxalq təzyiqlər mövcuddur: "Elman Rüstəmov deyir ki, fundamental səbəb yoxdur. Amma bu belə deyil. İyun ayının 15-də Federal Ehtiyatlar Sistemi (FES) növbəti qərarını açıqlayacaq. Çox böyük ehtimallar var ki, dolların uçot dərəcəsinin artırılması məsələsi gündəmə gələcək. Bundan sonra isə ilin sonuna qədər daha bir dəfə faiz artımının olma ehtimalı çox yüksəkdir. Güman ki, ya sentyabr, ya da ilin sonunda FES növbəti faiz artımına gedəcək. Belə olan halda isə təbii ki, dollar indeksinin dünyada bahalaşması prosesi müşahidə olunacaq. Bu da ətraf ölkələrə, o, cümlədən, Azərbaycana təsir edəcək. Hətta Rusiya maliyyə və baş naziri də buna hazırlaşdıqlarını deyir. Rəsmilər rublun dəyərdən düşməsi ehtimalının çox olduğunu açıq şəkildə bəyan edirlər. Amma Azərbaycanda nədənsə baş verən prosesləri gizlətməyə və heç bir analiz olmadan yalnız pozitiv açıqlamalar verdiyinin şahidi oluruq”.

"Manatın "yumşaq” ucuzlaşması baş verəcək”

Ekspert sonda vurğulayıb ki, bütün gedən proseslər manatın 1.92 həddinə qədər ucuzlaşacağı ehtimalını artırır: "Digər tərəfdən neftlə bağlı da ciddi proseslər gedir. OPEC-in son toplantısına böyük ümidlər var idi. Obrazlı desək, bu toplantı OPEC-in son gülləsi idi. Amma neft qiymətlərinə heç bir müsbət təsir edə bilmədi. Əksinə, qiymətlər bir qədər də aşağı düşdü. Bu gün neftin qiyməti ucuzlaşmaqda, aşağı düşməkdə davam edir. 

Əgər FES uçot dərəcəsini qaldıracaqsa, neftin qiyməti ucuzlaşacaqsa, o, zaman manata olan basqılar çox kəskin şəkildə arta bilər. Bu nöqteyi- nəzərdən ilin sonuna qədər manatla bağlı ciddi proseslərin baş verməsi ehtimalı var. Ancaq Elman Rüstəmovla bir məsələdə razılaşmaq olar ki, kəskin addımlar olmayacaq. Yəni, Azərbaycanda son 2 ildə baş vermiş kəskin devalvasiyaya bənzər proseslərin gedəcəyi ehtimalı çox aşağıdır. Bir gecədə manat 35, daha sonra isə 48 faiz ucuzlaşdı. Bu cür prosesin təkrarlanması gözlənilən deyil. Amma yumşaq şəkildə manatın ucuzlaşması baş verəcək. Yəni, manatın maksimal həddə, 1.92 səviyyəsinə qədər uzulaşa bilər”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları