Yuxarı

ABŞ-da dollar qarşıdurması

ABŞ-da dollar qarşıdurması

FED artırır, Tramp azaltmaq istəyir 
 
Vüqar Bayramov: "Dolları qızılla əvəz etməyi gözləmək doğru olmazdı”

 
ABŞ Mərkəzi Bankı Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcələrini mərhələli şəkildə artıracaq. Bunu Londonda çıxışı zamanı FED sədri Janet Yellen deyib. O, bankların daha güclü olduğunu bildirib. Yellen FED-in gördüyü tədbirlər sayəsində çox uzun bir müddət maliyyə böhranının mümkün olmadığını da deyib. Sədr, FED-in böhranlardan dərslər çıxardığını və sistemdəki riskləri tapmaq məsələsində tədbirli olduqlarını da qeyd edib. Yellen məhsuldarlıq artımının yavaş, gəlirlərin də dəyişməz olduğunu dilə gətirib. İnflyasiyada cüzi geriləmə olduğunu deyən FED sədri bəzi aktivlərin qiymətlərinin də yüksək olduğunu ifadə edib. 

Yellen faizi mərhələli artıracaqlarını da təkrarlayıb. Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) iyunun 14-də uçot dərəcəsini artırdı. Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclasında yekun qərarla uçot dərəcəsini 0,75-1 faizdən səviyyəsindən 1-1,25 faizədək artırıb. Bundan əvvəl FED martın 15-də uçot dərəcəsini illik 0,5-0,75 faiz səviyyəsindən 0,75-1 faizədək artırıb. 2016-ci ilin dekabrın 14-də isə tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75 faiz artırılması barədə qərar qəbul edib. ABŞ-ın dövlət siyasəti milli valyutaları təzyiq altında saxlayır. Maraqlıdır, əgər sədrin də dediyi kimi ABŞ-ın makroiqtisadi və məşğulluq göstəriciləri, eləcə də bankı bankları güclüdürsə, onda nədən faiz dərəcəsini artırır? Kəskin artımlar mərhələli artımlarla əvəz olunur. Maliyyə bazarları bu artımlara kəskin reaksiya vermir. Bunun fonunda isə dollar dünya maliyyə bazarlarında möhkəmlənir. Ekspertlər bildirir ki, dolların möhkəmlənməsi ABŞ-ın ixrac qabiliyyətinin azalmasına səbəb ola bilər.

İqtisadçı-alim Vüqar Bayramov "Cümhuriyət” qəzetinə bildirib ki, FED-in uçot dərəcəsinin artırması ilə bağlı qərarı heç də ABŞ-ın makroiqtisadi vəziyyətin pis olması ilə bağlı deyil: "Sadəcə ABŞ-da inflyasiya və digər faktorları nəzərə almaqla inflyasiya səviyyəsi qorunur. Nəzərə alsaq ki, ABŞ-da mövcud məzənnə siyasəti daha çox daxili bazarı qorumağa, ixrac qabiliyyətini artırmağa yönəlir. Bu kontekstdə FED növbəti dövrlərdə uçot dərəcəsinin artıracağı ilə bağlı qərar qəbul edəcək. Amma FED-in uçot dərəcəsini artırmaqla bağlı qərarı valyuta bazarına əvvəlki kimi ciddi təsir göstərmir. Əgər diqqət yetirilsə, sonuncu dəfə FED uçot dərəcəsini iyunun 14-də artırsa da, amma son günlər avronun dollara nisbətən məzənnəsinin möhkəmlənməsi müşahidə edilir. 

Bu isə ondan xəbər verir ki, hələlik FED bazardakı mövcud balansı qoruyub saxlamağa çalışır. Həmçinin cəhd göstərilir ki, dolların mövcud məzənnəsində ciddi dəyişikliklər baş verməsin. Nəzərə alsaq ki, Ağ Ev dolların məzənnəsinin ucuzlaşmasında maraqlıdır. Tramp Administrasiyası da bunu onunla əlaqələndirir ki, bu, ABŞ şirkətlərinin ixrac imkanlarının artırılmasına gətirib çıxara bilər. Bu baxımdan FED-lə Ağ Evin yanaşması arasında fərq var. Bu fərq də özünü FED-in qərarlarında göstərir”.

Ekspert ABŞ-ın, xüsusən də FED-in uçot dərəcəsini artırmaqla digər ölkələrin valyuta bazarlarına təsir etməyə çalışması kimi bir fikirlə razılşamadığını da deyib: "Qeyri-rəsmi olaraq 100 ilə yaxındır ki, ABŞ dolları dünya pulu rolunu oynayır. 100 il ərzində ən çox dünya pulu rolunu oynamış valyuta funt-sterlinq olub. Görünən odur ki, ABŞ dolları bu rekordu təzələyəcək. Çünki növbəti dövrlər üçün də dollara qarşı alternativin olacağı inandırıcı deyil. Yığımların 64 faizi ABŞ dolları ilə aparılır, eyni zamanda aparıcı dövlətlərdə, o cümlədən, Çin Xalq Respublikasında rezervlər dollarla saxlanılır. Artıq dolların qorunmasında yalnız Amerika deyil, həm də digər ölkələr də maraqlı görünür. Çünki rezervlərin əhəmiyyətli hissəsi məhz ABŞ dolları ilə saxlanılır. Bu da Amerikaya imkan verir ki, super güclü mövqeyini qoruyub saxlasın. Xüsusilə də Amerikaya imkan verir ki, digər ölkələrin iqtisadiyyatına təsir rıçaqlarını qoruyub saxlasın. Reallıq bundan ibarətdir ki, dollar dünya puludur. Bu valyuta növbəti dövrlərdə də bu rolunu qoruyub saxlayacaq”.

Doların dünya pulu mövqeyini qızılla əvəz etmək olarmı? Vüqar Bayramov qeyd edib ki, hələlikdə qızılla ticarət əlaqələrinin qurulması inandırıcı deyil: "Əslində, əvvəllər qızıla bağlılıq olub. 1978-ci ildə Yamayka konfransından sonra qızıl dünya pulunun yeganə forması kimi qəbul edilmişdi. Lakin hazırda dollar rezervləri daha çoxdur, nəinki qızılın. Qızıl məhduddur. Bu baxımdan dolları qızılla əvəz etməyi gözləmək doğru olmazdı”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları