Yuxarı

Banklar krediti zorla ödətdirir

Banklar krediti zorla ödətdirir

Manatın kəskin dəyər itirməsindən sonra dollar kreditlərinin həcmi ən az 2-3 dəfə artdı. Bu da borcalanların ödəniş qabiliyyətini kəskin şəkildə aşağı saldı. Problemli kreditlərin həcminin artması da bununla bağlıdır. Ancaq son zamanlar bu sahədə qeyri-adi mənzərə yaranıb. Belə ki, problemli kreditlərin həcminin artmasına, əhalinin gəlirlərinin aşağı olmasına baxmayaraq sanki bilərəkdən bu məsələ gündəmdən çıxarılıb. Bəs problemli, xüsusilə də dollar kreditlərini banklar necə ödətdirirlər?

Bir müddət öncə bir sıra banklar bu problemi həll etmək üçün müxtəlif üsullardan istifadə etdilər. Bəzi banklar kreditlərində problem yaranan vətəndaşlara günün məzənnəsinə uyğun olaraq dollar kreditlərinin manata çevrilməsini təklif edirdilər. Təbii ki, bu banklar tərəfindən çıxış yolu hesab olunsa da, bu təklifin özü də əhalinin xərclərinin artmasına səbəb oldu. Belə ki, dollar kreditlərini manata çevirmək üçün banklar vətəndaşa yeni kredit xətti açmalıdır. Bununla yanaşı vətəndaş yenidən bank xərcləri və kredit faizi ödəməlidir ki, bu da aztəminatlı əhali üçün heç də əlverişli  sayıla bilməz. Digər tərəfdən banklar bu yolla xarici valyutada olan kreditlərin həcmini azaltsa da, milli valyutada olan problemli kreditlərin həcminin kəskin şəkildə artmasına rəvac verir. Nəzərə alsaq ki, əhalinin gəlir səviyyəsi bank faizlərinə adekvat deyil, bu baxımdan problemlərin dərinləşməsi qaçılmaz olur. Banklar dollar kreditlərini yığmaq üçün digər bir variant kimi ortaq məzənnə təklifi ilə çıxış etdilər. Belə ki, məzənnədən asılı olmayaraq problemlə üzləşən dollar kreditlərinin 1.35 məzənnə ilə manata çevrilməsi borclulara təklif edildi. Ancaq bankların bu təklifi də nəticə vermədi. Əslində bu günə qədər banklar vətəndaşa güzəştli şərtlər adı altında təklif etdiyi üsullardan ən cəlbedicisi də məhz bu idi. Ekspertlər bankların bu üsulunun işə yaramamasını, vətəndaşların banklara inamını itirməsilə izah etdilər. Xüsusilə, devalvasiyadan sonra bankların vətəndaşlara qarşı yürütdüyü maliyyə siyasəti və bir sıra bankların bazarda öz dayanıqlığını qoruya bilməməsi, əmanətlərin müqavilələrə uyğun qaytarılmaması, bir sıra bankın öhdəliklərini yerinə yetirməməsi cəmiyyətdə banklar barədə  mənfi imic formalaşdırdı. 

Banklarda bəziləri dollar kreditlərini yığmaq daha fərqli, radikal üsullara əl atdılar. Belə ki, bir müddət öncə kollektor şirkətlərinin bazarda at oynatması da məhz bankların fəaliyyətinin nəticəsi idi. Bu da ictimaiyyətdə kifayət qədər narazılıqla qarşılandı. Hətta bir çox hallarda kollektor şirkətlərinin vətəndaşlara qarşı zor tətbiq etdiyinə dair  məlumatlar yayılırdı. Borclulara qarşı müxtəlif təzyiq, təhqir vasitələrindən istifadə edən kollektor şirkətlər bankların imicinə ağır zərbə vurdular. Nəzərə alsaq ki, həmin şirkətlər vətəndaşlara məhz bankların adından müraciət edirlər, bu gün yaranan mənzərədə də bankların günahı az deyil.

Göründüyü kimi bank sektorunda  vəziyyət heç də ürəkaçan deyil. Bu gün problemli dollar kreditlərinin həcminin artması, görülən işlərin effekt vermədiyinin göstəricisidir. Ekspertlər də hesab edirlər ki, bu cür yollarla problemi həll etmək mümkün deyil. Xüsusilə, dollar kreditlərində yaranan ciddi problemləri həll etmək üçün devalvasiyanın yaratdığı yükü 3 tərəf-dövlət, bank və vətəndaş arasında bölünməlidir. Kompensasiya ödənilməsə, problemi həll etmək mümkün olmayacaq.

Digər tərəfdən bank-məhkəmə iş birliyi də vətəndaşların işini çətinləşdirən əsas məsələlərdən biri və hətta birincisi oldu. Belə ki, bu günə qədər bütün məhkəmə işlərində banklar qalib tərəf olub. Böyük həcmli kreditlər məhkəmə qərarları ilə qısa zamanda ödənilməsi üçün məhkəmə qərarlarının icrasına verilir. İcra orqanları isə məhkəmə qərarlarını icra etmək üçün fakt qarşısında qalırlar. Belə ki, bank-məhkəmə-kollektor şirkətlərin iş birliyi vətəndaşların narazılığını artırır. Sosial narazılığın artması isə dövlətin təhlükəsizliyini ciddi şəkildə təhdid edən amildir. Yəni, bir növ bu 3 qurumun "fəaliyyəti” əhalini dövlətə qarşı qoyur.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə şərhində bu problemin həllini bankların ciddi güzəştlərə getməsində gördüyünü deyib:

"Çox az banklar var ki, onlar dollar kreditini 1.40 məzənnə ilə manata çevirirlər. Yəni, bank bilə-bilə vətəndaşa 30 qəpik güzəşt edir. Vətəndaşların da bir qismi bununla razılaşır və borclarını ödəməyə davam edirlər. Amma bəzi müştərilər bankların bu şərtləri ilə razılaşmırlar. Bəzi vətəndaşlar bildirir ki, ya 1.05, ya da 0.78 məzənnə ilə kreditlərini ödəməyə razılıq verirlər. Bunlar o, şəxslərdir ki, onların itirəcəyi, yəni, girovluqda əmlakı yoxdur. Buna görə də onlar narahat deyillər. İnsanlar yavaş-yavaş da olsa, öz haqlarını qoruya bilirlər. Amma əksər banklar var ki, ümumiyyətlə, güzəştə getmirlər. Getsələr belə, borclular qarşısında əlavə və qəbuledilməz şərtlər qoyurlar. Bank güzəşt təklif edəndə faiz dərəcəsini artırır. Məsələn, kredit faizi normalda 15 faizdirsa, bunu artırıb 35 faiz edirlər. Yəni, əksər banklar bir yandan güzəşt etsə də, digər tərəfdən borcluları əlavə olaraq yük altında qoyurlar. Hesab edirəm ki, bütün bunlar bankların atdığı səhv addımlardır. Ən azından bir çox vətəndaşların ödəniş üçün rəsmi gəliri yoxdur. Bəzi borcalanlar var ki, onların faktiki əmlakları, gəlirləri var, amma onlar öz adına deyil. Yəni, praktiki olaraq bunu onlara sübut etmək qeyri-mümkündür. Bu baxımdan əslində bankların güzəştə getməsi lazımdır”. 

"Vətəndaşın ödəniş qabiliyyəti yoxdursa, bank heç nə edə bilməz”

Əkrəm Həsənov bankların güzəştə getməməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, banklar zora arxalandıqları üçün güzəştə getmirlər:

"Banklar bu məsələdə kollektor şirkətlərinə və bəzən bu şirkətlərin vəzifələrini öz üzərlərinə götürən icra məmurlarına güvənirlər. Çünki onlar vətəndaşları çağırırlar, həbslə təhdid edirlər. Təəssüf hissi ilə demək istəyirəm ki, əksər vətəndaşlar hələ də öz hüquqlarını bilmir və bu təhdidlərdən qorxuya düşürlər. Gedib borca pul götürüb həbs olunmamaq üçün kreditlərini qaytarırlar. Banklar da bunu bilir və bundan da sui-istifadə edirlər. Yəni, əgər banklar bilsə ki, əhalinin 60-70 faizi bu cür təhdidlərdən qorxmur, buna getməzlər. Bilərlər ki, bu üsulun heç bir xeyri yoxdur və banka əlavə problem yaradacaq. Vətəndaş məhkəməyə gedəcək və banklar üçün əlavə xərc olacaq. Vətəndaşlar bilməlidir ki, ödəniş qabiliyyəti yoxdursa, bank heç bir üsulla ona heç nə edə bilməz. Bir-iki dəfə qeyri-qanuni inzibati həbslər olub və indi də var. Amma biz buna qarşı mübarizə aparırıq. Təbii ki, bu heç bir nəticə vermir. Sadəcə olaraq kimsə vətəndaşa zəng edib harasa çağıranda, təhdid edəndə polisə şikayət etməlidir. Vətəndaşa heç bir halda kollektor şirkəti ilə danışmamalıdır. Ümumiyyətlə, bankın kollektor şirkətə vətəndaş haqqında məlumat verməsi bank sirrinin pozulmasıdır. Kollektor şirkəti vətəndaşa zəng edəndə, vətəndaş bankı və kollektor şirkətini məhkəməyə verməlidir. Bunları vətəndaş özü desə, daha heç kim onu təhdid etməyəcək, çünki biləcəklər ki, vətəndaş öz haqqını bilir. Son illər borcların qaytarılması təcrübəsini araşdırıram və xarici ölkələrin təcrübələrinə nəzər salıram. Çox təəssüf ki, həmin ölkələrdə-Rusiya, Qazaxıstan, Türkiyədə Azərbaycanda olduğu qədər qorxaq yoxdur. Bizim vətəndaşlar "paqonu” olan şəxsdən qorxurlar və həmin an həbs olunacağını düşünürlər”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları