Yuxarı

Banklar kasıblara qapını bağlayır

Banklar kasıblara qapını bağlayır

Devalvasiyadan sonra banklar məhdudiyyət tətbiq etsə də, yenidən kreditlərin verilməsinə başlayıblar. Ancaq bankların kredit üçün tətbiq etdiyi şərtlər  çətindir. Minimum əmək haqqı alanlar və özəl müəssisədə işləyənlərin kreditə çıxış imkanları demək olar ki, yoxdur.Belə ki, banklar artıq vətəndaşa kredit xətti açmaq üçün çalışdığı müəssisənin Elektron Hökumət Portalında qeydiyyatının olmasını tələb edir.Hal-hazırda bu bankların əsas şərtlərindən biridir.Nəzərə alsaq ki, EHP qeydiyyatı olan müəssisələr əsasən dövlət qurumlarıdır, bu da onu deməyə əsas verir ki, artıq banklar özəl müəssisələrə, biznesə kredit xətti açmır.

Bunun özü də iqtisadi canlanmaya mənfi təsir göstərən amillərdən biridir.Digər tərəfdən banklar sanki öz aralarında kredit bölgüsü aparıblar.Bəzi banklar var ki, yalnız ipoteka krediti verirlər.Əslində bu bankın özünü sığortalaması anlamına gəlir.Belə ki, ipoteka kreditlərin problemli kreditə çevrilmək ehtimalı çox aşağıdır.Ekspertlər də hazırkı durumda bankların bu addımını özünüqoruma kimi dəyərləndirirlər.Ekspertlər hesab edir ki, banklar bu gün düşdüyü vəziyyətdən çıxmaq üçün kredit portfelini artırmaq məcburiyyətindədir.Çünki bankların kredit gəlirlərini əvəzləyə biləcək alternativ gəlir mənbəyi yoxdur.Bu baxımdan banklar daha da ciddi problemlərlə üzləşməmək üçün maksimum ehtiyatlı davranmağa çalışır.Kredit üçün müraciət edən vətəndaşın gəlir və xərcləri daha dəqiq araşdırılır və ödəmə qabiliyyətinə uyğun kredit xətti açılır.Bunun müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də çoxdur.Banklar şərtləri ağırlaşdırdıqca biznes pulsuz qalır və bu da ilk növbədə iqtisadi aktivliyin azalmasına və işsizliyin artmasına səbəb olur.

Ekspertlər hesab edir ki, bankların problemini həll etmək üçün hökumət müəyyən addımlar atmalıdır.Çünki hazırda demək olar ki, bütün yük vətəndaşın üzərindədir. Hökumətin bankları sağlamlaşdırması üzrə apardığı proses davam etməlidir. Maliyyə durumu yerində olmayan, hesabatlarda müsbət gəlir əldə edə bilməyən banklar ya bağlanmalı, ya da birləşdirilməlidir.Bank sistemində yaranan problemləri həll etməyin başqa yolu yoxdur.Digər tərəfdən bütün qeyd olunan neqativ halların fonunda iqtisadi aktivlik zəiflədikcə əhalinin gəlirləri azalır.Bu da problemli kreditlərin həcminin artmasına səbəb olan baçlıca amillərdən biridir.Araşdırmalara görə Azərbaycanda problemli kreditlərin həcmi ümumi kredit portfelinin 25 faizini təşkil edir.Ekspertlər hesab edir ki, bu rəqəm geri qayıtmaq ehtimalı olan kreditlərə aiddir.Geri qayıtma ehtimalı olmayan "ölü kreditlər"in həcmini isə 13 faiz təşkil edir.Araşdırmalara görə ümumi halda problemli kreditlərin həcmi artıq 3 milyard manata yaxındır.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyət" qəzetinə şərhində problemli kreditlərin böyük hissəsinin bəzi bank rəhbərlərinin özləri tərəfindən götürüldüyünü deyib. Ekspert hesab edir ki, problemin həlli üçün ilk növbədə həmin kreditlər banklara qaytarılmalıdır:

 "Bu əslində çox ciddi problemdir. Bu gün problemli kreditlərə nəzər saldıqda zaminsiz, girovsuz götürülən bütün kreditlərin məhz yüksək vəzifəli bank rəhbərlərinə aid olduğunu görürük.Götürülən pullar geri qaytarılmadıqca bu problem də öz həllini tapmayacaq".

Belə görünür ki, bu gün bankların kredit şərtlərini ağırlaşdırmasında səbəb məhz bank rəhbərləri özüdür.Çünki problemli kreditlərin həcminə nəzər saldıqda görünür ki, istehlak kreditləri həcm baxımından daha azdır.Bir müddət öncə iqtisadçılar da bildirirdilər ki, bank sistemində yaranan problemin yeganə həlli bir sıra bankların bağlanmasından asılıdır.Bu gün 10-a yaxın bank var ki, yalnız valyuta mübadiləsi aparmaq gücündədir.Ancaq həmin banklar bu gün də öz fəaliyyətlərini davam etdirir.Aidiyyatı qurumların bu məsələdə mövqeyi bəlli olmadığından, proseslərin hansı yöndə inkişaf edəcəyini demək çətindir.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları