Yuxarı

Gediş haqqının artırılmasına hazırlıq?

Gediş haqqının artırılmasına hazırlıq?

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "BakuBus" ötən ili 55 milyon ziyanla başa vurub. Bu barədə məlumat qurumun hesabatında yer alıb. Qeyd edək ki, "Baku Bus” MMC-nin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 226,143 mln. manat təşkil edib. Son bir ildə "Baku Bus”ın cəmi öhdəlikləri 9,8% azalaraq 177,967 mln. manat olub. Şirkətin cəmi kapitalı 0,85% artaraq 48,177 mln. manata çatıb, nizamnamə kapitalı isə 39,8% azalaraq 18,049 mln. manata düşüb.

2016-cı ildə "Baku Bus”un əməliyyat (sərnişindaşıma) gəlirləri 12,629 mln. manat (2015-ci ilə nisbətən 2,9 dəfə çox), əməliyyat (sərnişindaşıma) xərcləri 28,39 mln. manat (82,1% çox), inzibati xərcləri 4,484 mln. manat (64,8% çox), məzənnə fərqindən zərəri 31,862 mln. manat (55% az), maliyyə xərcləri 2,49 mln. manat (36,7% az), mənfəət vergisi ödəmələri isə 40 min manat təşkil edib. Son nəticədə, şirkət ötən ili 54,638 mln. manat xalis zərərlə başa vurub. Bu, 2015-ci illə müqayisədə 42,6% azdır. Beləliklə, 2016-cı ildə MMC-nin xalis zərəri 54 mln. 637,619 min manat təşkil edib.

"Baku Bus”ın yığılmış ümumi zərəri isə 151,57 mln. manata çatıb. Zərərin qarşılanması üçün ötən il dövlət şirkətə investisiyaları 181,697 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 58,4% çoxdur. Sözügedən daşıyıcınınötən ili zərərlə başa vurması yeni iddialar ortaya çıxarıb. Ekspertlər hesab edir ki, bu il nəqliyyatda gediş haqqı bahalaşacaq. 

İqtisadçı ekspert Qadir İbrahimlinin fikrincə, həmin avtobusda gediş haqqı mütləq bahalaşacaq. O deyib ki, "əsas" artıq hazırdır: " "Bakubus" ilin əvvəlindən 151 milyon ziyana düşüb. İşığın, qazın qiyməti bahalaşanda da eyni "əsaslar" dövriyyəyə buraxılmışdı...”

Məsələ ilə bağlı BakuBus"ın mətbuat xidmətinin rəhbəri Mansur Piriyev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, gediş haqqı ilə bağlı məsələlər "BakuBus”un səlahiyyətlərinə daxil deyil: "BakuBus” daşıyıcı şirkətdir və sadəcə, sərnişindaşıma fəaliyyətini həyata keçirir. Diqqət yetirirsinizsə maliyyə hesabatlarında hər şey ən xırda detallarına qədər təhlil olunub və şəffaf şəkildə öz əksini tapıb. Hesabatı düzgün qiymətləndirmək üçün onun iqtisadi analizini aparmaq lazımdır. Başqa cür yanaşma qeyri-peşəkar yanaşma olar”. 

Ötən il "BakuBus”un marşrut xətləri az idi. Bu səbəbdən bu il kəsrlərin azalacağı gözlənilir. Bununla bağlı sualımıza gəlincə, Mansur Piriyev bu məsələyə də düzgün yanaşmadığımızı deyib. Bundan əlavə "kəsrlər təkrarlanarsa, qarşısının alınması ilə bağlı şirkət tərəfindən hansı tədbirlər planı nəzərdə tutula bilər” sualımızı da qurum rəsmisi cavabsız qoyub. 

Alçina Amilqızı






Həftənin ən çox oxunanları