Yuxarı

Yeni agentlik nazirliklərin səlahiyyətlərini bölüşəcək?

Yeni agentlik nazirliklərin səlahiyyətlərini bölüşəcək?

Xəbər verdiyimiz kimi, ötən gün prezidentin fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi təsis olundu. Artıq yeni qurumun əsasnaməsi də təsdiq olunub və səlahiyyət çərçivələri müəyyənləşib. Əsasnamə ilə agentliyin qarşısına ümumilikdə 46 vəzifə qoyulub. Fərmana əsasən, Qida Təhlükəsizliyi Agentliyinin 2018-ci il yanvar ayının 1-dən etibarən fəaliyyətə başlaması nəzərdə tutulub.

Əsasnaməyə görə, agentlik qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən, idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Qida Təhlükəsizliyi Agentliyi funksiyaları onu deməyə əsas verir ki, qurum əslində Azərbaycan üçün yenilikdən xəbər vermir. Çünki əsasnamədə agentliyin qarşısına qoyulan vəzifələr bu və ya digər formada fərqli qurumlar və nazirliklər tərəfindən həyata keçirilir. Paralel funksiyalı qurumun yaranması, dövlət büdcəsinin üzərinə düşən əlavə yükdən başqa bir şey deyil. Agentliyin qarşısına qoyulan vəzifələrdən biri də gömrük orqanları ilə birlikdə idxal olunan qida məhsullarının qida təhlükəsizliyini yoxlamaqdır.

Maraqlıdır, Qida Təhlükəsizlik Agentliyi yaranandan sonra paralel funksiyada fəaliyyət göstərən nazirlik və komitələrin həmin səlahiyyətləri qalacaqmı?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, bəlli funksiyaları olan, lakin öz vəzifələrinin öhdəsindən gələ bilməyən qurumlarda islahatlar aparmaq lazımdır: "Amma Azərbaycanda paralel qurumların yaranmasına üstünlük verirlər. ASAN xidmət bunun bariz nümunəsidir. Bu xidmət sektoru yaradıldı və çox da effektli oldu. Amma həmin funksiyaları daşıyan digər dövlət orqanları da yerində qaldı. Yəni, nə ləğvolma prosesi getdi, nə də ştatda ixtisarlar oldu. Paralel strukturların olması, doğru yanaşma deyil. Yeni agentlik yaranırsa və ona ciddi səlahiyyətlər verilirsə, o zaman digər dövlət qurumlarında olan eyni səlahiyyətlər onların əlindən alınmalıdır. Dövlət idarəetməsində paralel iş aradan qalxmadıqca, bu, həm iş adamlarının, həm biznesin, həm də vətəndaşın ziyanına olur. Görünən odur ki, yeni agentlikdə yoxlama və monitorinq funksiyaları olacaq. Həmin funksiyaları daşıyan digər dövlət orqanı da müraciət edib eyni obyektdə yoxlama keçirtmək istəsə, burada maraqların konflikti yaranacaq. Paralel strukturların yaranmasındansa, daha real addımlar atmaq lazımdır. Dövlətin daha çevik olmasına və idarəetməsinin təkmilləşdirilməsinə çalışmaq lazımdır. Hesab edirəm ki, köhnə qurumlarda islahat aparmaq mümkün olmadığı üçün yeni qurum yaradılır. İslahat aparılması mümkün olmayan qurumlar ləğv olunmalıdır ki, büdcənin yükü azalsın”.

İqtisadçı hesab edir ki, hökumət köklü idarəetmə islahatları aparmaq istəmir: "Obrazlı desək, heç kəsin xətrinə dəymək istəmir. Hökumət köhnə orqanların eyni funksiyaları daşımasında maraqlıdır ki, orada çalışan insanlar işsiz qalmasın və ya sosial vəziyyətlə bağlı sonradan problemlər yaşanmasın. Həmçinin, yeni struktur yaradaraq daha effektiv bir modelə keçməyi düşünür. Amma bu paralellik qaldıqca effektivlik azalır, büdcəyə əlavə yük düşür, eyni zamanda, iş adamlarının işi çətinləşir. Eyni funksiyanı bir neçə qurum yerinə yetirdikdə iş adamlarının yoxlamaları da artır. Bu isə biznes işinə mane olur. Əslində, bütün dövlət strukturlarının hədəfi o olmalıdır ki, biznes üçün münbit şərait yaransın. Çünki Azərbaycanın gələcək inkişaf modeli kiçik və orta sahibkarlığın inkişafından asılıdır. Paralel strukturlu qurumlar biznesə maneçilik törədir”.

Yoxlamalar qayıdır...

Natiq Cəfərli 2021-ci ilə qədər yoxlamaların dayandırıldığına diqqət çəkərək qeyd edib ki, bu qərar yeni strukturlara aid deyil: "Yoxlamaların dayandırılmasında köhnə qurumların adı çəkilib. Məntiqlə belə çıxır ki, yeni yaradılmış agentlik daha çox yoxlama aparmaq səlahiyyətinə malik olacaq. Bu da özünü aldatmaqdan başqa bir şey deyil. İş adamına fərq etməz ki, onun işinə hansı qurumun adı altında gəlib müdaxilə edirlər. Təbii ki, qida ilə bağlı ciddi nəzarət və yoxlamalar olmalıdır. Amma bunun hansısa funksional forması tapılmalıdır ki, iş adamlarına maneçilik törətməsin. İş adamlarına treninqlər, təkliflər yolu ilə müxtəlif məsləhətlər verilməlidir. Biznes üçün növbəti qorxu orqanı yaradılırsa, yaxud da yoxlamaların bu yolla sayı artırılacaqsa, bu, qeyri-effektivlikdir və gələcəkdə problemlər yaradacaq”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları