Yuxarı

Toyuğumuz ABŞ-dan, qatığımız Ukraynadan gəlir

Toyuğumuz ABŞ-dan, qatığımız Ukraynadan gəlir

 Akif Nəsirli:  "Tam yerli məhsullar əsasında istehsal isə cəmi 10-15 faiz civarındadır”

Azərbaycan ərzaq məhsullarının böyük hissəsini məhz idxal hesabına təmin edir. Yerli istehsal daxili bazarı təmin etmək gücündə deyil. "Neft bumu” bitdikdən sonra hökumət qeyri-neft sektorunun inkişafını prioritetlər sırasına salıb, ancaq istehsal səviyyəsi hələ də qənaətbəxş hesab edilmir. Doğrudur, hökumət bu istiqamətdə müəyyən addımlar atır və müxtəlif nəticələr əldə edilib. Ancaq ölkə iqtisadiyyatının, xüsusilə də ərzaq məhsullarının idxaldan asılılığı aradan qaldırılmayıb. Məlumatlara görə ölkənin ərzaq təhlükəsizliyi böyük ölçüdə, (təxminən 80 faiz) məhz idxal hesabına təmin edilir. Bu isə o deməkdir ki, ölkənin ərzaq istehsalı daxili bazarın yalnız 20 faizini təmin edir.

Bəs ölkəyə idxal olunan məhsullar hansı ölkədən gətirilir? Rəsmi statistikaya istinad etsək, Azərbaycanın ərzaq idxal etdiyi ölkələr sırasına keçmiş MDB ölkələri və Türkiyə başçılıq edir. Belə ki, rəsmi məlumatlara görə Azərbaycana ən çox ət və ət məhsulları daha çox Ukrayna, Hindistan, Braziliya, Moldova, Paraqvay, Hollandiya və ABŞ tutur. Qeyd edək ki, 2016-cı il üzrə ölkəyə adıçəkilən ölkələrdən ümumilikdə 5 milyon 257.9 min ton ət idxal olunub.

Quş əti və onun əlavə məhsullarında isə ilk yeri ABŞ tutur. Ardınca isə Braziliya, Ukrayna, Türkiyə, Kanada, Rusiya, Çin, Argentina və Macarıstan gəlir. Bu ölkələrdən 2016-cı ildə ümumilikdə 24 milyon 435.4 min ton quş əti idxal olunub. Ölkəyə daha çox balıq gətirilən ölkələr sırasında isə ilk üçlüyü İslandiya, Qazaxıstan və Vyetnam tutur. Rusiya, Çili, Farer adaları, İspaniya, Çin, Türkiyə, İrandiya, Polşa, Norveç, Almaniya, Litva, Malvin adaları, Luksenburq, Hollandiya və Fransadan da ölkəyə balıq əti idxal olunur ki, bunun da ümumi həcmi 9 milyon 371.1 min ton civarındadır.

Süd və süd məhsulları isə Azərbaycana daha çox Ukrayna, Rusiya və Türkiyədən idxal olunur. Kərə yağının idxalında isə ilk sıranı Yeni Zelandiya tutur. Almaniya və Belarusiya ilə yanaşı ölkəyə digər 14 ölkədən də kərə yağı gətirilir ki, bu da təxminən təkcə Zelandiyadan gətirilən yağın yarısına bərabərdir. Qeyd edək ki, 2016-cı ildə ölkəyə 14 milyon 365.1 min ton kərə yağı gətirilib ki, bunun da 11 milyon 910 min tonu məhz Yeni Zelandiyanın payına düşüb.

Pendir və kəsmik idxalında isə ilk yerləri Almaniya və Rusiya tutur. Danimarka, Litva, Ukrayna, Türkiyə, Belarus, Finlandiya, Fransa, Səudiyyə Ərəbistanı və Hollandiyandan da ölkəyə adıçəkilən məhsullar idxal olunur ki, bunun da ümumi həcmi 6 milyon 540 min ton civarındadır. 

Azərbaycan quş yumurtasını isə ən çox 3 ölkədən, Türkiyə, Bolqarıstan və Gürcüstan idxal edir ki, ötən il ölkəyə bu ölkələrdən 46 milyon 132.9 min ədəd yumurta gətirilib.

Azərbaycanın bölgələrində kartof istehsal olunsa da, görünən odur ki, bu daxili bazarı təmin etməyə yetərli deyil. Kartof idxalında isə ilk üçlüyü Rusiya, İran və Gürcüstan tutur. Belarus, Pakistan, Türkiyə, Hollandiya və Almaniyadan da ölkəyə kartof idxal olunur. Rəsmi rəqəmlərə görə isə adıçəkilən ölkələrdən ötən il ölkəyə 182 milyon 986.1 min ton kartof idxal olunub. Azərbaycan təzə tərəvəz və meyvəni isə daha çox Türkiyədən idxal edir. Şri-Lanka, Rusiya və Hindistandan isə Azərbaycana çay idxal olunur. Buğda isə Azərbaycana Rusiya, Qazaxıstan və Ukraynadan daha çox gətirilir. Buğda unu isə Rusiya, Ukrayna, Türkiyə, Almaniya və Fransadan idxal olunur ki, 2016-cı ildə ölkəyə gətirililən buğda ununun ümumi həcmi 3 milyon 658.4 min ton olub. Düyü idxalında isə Hindistan, Rusiya və Tayland Azərbaycanın ən çox müraciət etdiyi ölkələr sırasındadır. Rusiya, İndoneziya və ABŞ-dan isə ölkəyə daha çox bitki yağı gətirlir. Marqarin və qida üçün yararlı digər qarışıqların Azərbaycana idxalı isə daha çox Rusiya, Türkiyə və Ukraynanın payına düşür. Kolbasa və sosis məhsulları da ölkəyə daha çox Rusiya, Almaniya və Belarusdan gətirlir. Türkiyə, Polşa, Braziliya, ABŞ və Lüksemburqdan da ölkəyə kolbasa idxal olunur.

Azərbaycana xam şəkər və şəkər idxalında Braziliya, Ukrayna və Rusiya ilk sıraları tutur. Şəkərli qənnadı məhsullarında isə Rusiya, Ukrayna və İran ilk üçlüyü bölüşür. Şokalat məhsulları isə ölkəyə daha çox Rusiya, Ukrayna, Türkiyə və İrandan gətirlir. Makaron məmulatları isə Azərbaycana Türkiyə, Rusiya, Ukrayna, İtalya, Belarus, Almaniya və Polşadan idxal olunur. Çörək, unlu qənnadı məhsullarının Azərbaycana idxalına isə Rusiya, Türkiyə, Ukrayna və İran liderlik edir. Görünən odur ki, Azərbaycan bütün adda ərzaq məhsullarını ölkəyə idxal edir. Bu isə ölkə iqtisadiyyatının idxaldan asılı olduğunu göstərən əsas amillərdən biridir. 

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə şərhində deyib ki, Azərbaycan iqtisadiyyatının ən böyük problemi  idxaldan asılı olmasıdır:

"Azərbaycan ərzaq məhsullarını daha çox Avropa ölkələrindən və Türkiyədən idxal edir. Ərzaq məhsullarının az bir hissəsi isə ölkəyə Rusiyadan idxal olunur. İran, Gürcüstan və bir sıra digər ölkələrdən də idxal var. Hansı ölkədən nə qədər, neçə faiz məhsul idxal olunduğunu demək çətindir. Amma bunlar daha çox keyfiyyətinə görə çeşidlənir. Rusiyadan, hətta Türkiyədən nisbətən aşağı keyfiyyətli ərzaq məhsulları idxal olunur, amma daha yüksək keyfiyyətli ərzaq məhsulları Azərbaycana Avropadan gətirilir. Yeni demək olar ki, İran, Rusiya, Gürcüstan və Türkiyə bir qədər aşağı, Avropadan isə yüksək keyfiyyətli ərzaq Azrbaycan bazarına çıxır. 

Ümumi götürəndə Azərbaycanın daxili bazarında istehsal 10-15 faiz təşkil edir. Bu gün Azərbaycanın əsas problemi odur ki, daxili istehlak bazarı idxaldan asılıdır. Bəzən ölkəyə yarımfabrikatlar gətirilir və son istehsalı daxildə yekunlaşdırırlar. Amma bu yarımfabrikatların özü də idxal məhsulu olduğu üçün o istehsal da idxaldan asılı istehsal hesab olunur. Tam yerli məhsullar əsasında istehsal isə cəmi 10-15 faiz civarındadır. Ümumi götürsək, Azərbaycan iqtisadiyyatı idxaldan asılıdır, xüsusilə də ərzaq məhsulları. Azərbaycan iqtisadiyyatının ən böyük problemi də məhz budur. İqtisadiyyat idxaldan asılı olmasa, süni şəkildə qiymətə mindirməyə də ehtiyac duymarıq. Yəni, Azərbaycan iqtisadiyyatının ən böyük problemi idxaldan asılı olmasıdır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları