Yuxarı

"Neft divarı” xərclərə 23 ay davam gətirəcək: Bəs sonra?

Beynəlxalq Enerji Agentliyinə görə, pandemiyanın yenidən sürətlənməsilə tələbin artması yavaşlayıb və qlobal neft bazarlarının görünüşü get-gedə daha da kövrəkləşir.

Təşkilat ilin geri qalanındakı yanacaq istehlakı üzrə proqnozunu salaraq, anbarlardakı neft ehtiyatlarının düşünüldüyü qədər tez azalmayacağını bildirib. Agentlik hesabatında "Neftə tələbin 2020-ci ilin ikinci yarısında sürət itirəcəyini düşünürük. Koronavirusa yoluxanlar dünyanın bir çox bölgəsində artarkən bizi gözləyən yol son dərəcə təhlükəlidir" deyilir.

Agentlik bu il neftə olan gündəlik tələbatın 91,7 milyon barel olacağını proqnozlaşdırıb ki, bu da 2013-cü ilin səviyyəsinə bərabərdir. Ötən ilə nisbətən gündəlik tələbat üzrə proqnoz 8,4milyon barel azaldılıb. Onu da qeyd edək ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, xam neft ixracından Azərbaycana daxil olan valyuta 3 milyard 665 milyon 501 min dollar azalıb. 2020-ci ilin 8 ayı ərzində Azərbaycandan 6 milyard 793 milyon 284 min dollar dəyərində 20 milyon 746 min 772 ton xam neft ixrac edilib. Ötən ilin 8 ayında Azərbaycandan 10 milyard 458 milyon 785 min dollar dəyərində 21 milyon 452 min 779 ton xam neft ixrac edilib. Beləliklə, xam neft ixracı miqdar ifadəsilə 3,3%, dəyər ifadəsilə 35% azalıb. Məlum olduğu kimi, Maliyyə Nazirliyi tərəfindən hazırlanan ilkin büdcə proqnozlarına görə, gələn il neft qiymətləri 35 dollardan götürülüb. Büdcə gəlirlərinin isə 57,2 faizinin neft gəlirlərindən formalaşması nəzərdə tutulub. Neft qiymətlərinin bundan aşağı olacağı gözlənilən olmadığı üçün büdcənin icrasında problemlər yaranacağı gözlənilmir.

Bununla belə aşağı neft qiymətləri ölkə iqtisadiyyatına hansı fəsadlar vurur?

İqtisadçı Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, büdcədə neft qiymətlərinin aşağı götürülməsi yalnız Dövlət Neft Fondunun xərclərinə təsir edən faktordur:

"Rəqəmsal olaraq, büdcədə neftin qiymətinin necə götürülməsi əhəmiyyətli deyil. Əhəmiyyətli olan ölkəyə gələn valyuta gəlirlərinin həcmidir və burda da ciddi azalma var. Rəqəmlərlə oynamaq reallığı dəyişdirmir. Reallıq odur ki, Azərbaycanın valyuta gəlirləri kəskin şəkildə azalmağa başlayıb və gələn il də azalacaq. Bəlkə də tariximizdə ilk dəfə olaraq bu il Dövlət Neft Fondunun qazandığından iki dəfə artıq vəsait xərcləməyə məcbur olacaq. Gələn il də büdcədə neftin qiyməti 35 dollardan götürülsə belə, bu büdcə transfertlərinə təsir etməyəcək. Çünki, büdcə parametrləri onsuz da Neft Fondundan transfertlərdən asılıdır. Yəni, bu il də, gələn il də Neft Fondunun büdcəsi ciddi kəsirlə formalaşacaq. Bəzən ictimaiyyət tərəfindən yalnışlığa yol verilir - bizdə büdcənin formalaşmasına neftin qiyməti birbaşa təsir etmir. Neftin qiyməti 50, 40, hətta 20 dollar olsa belə, Neft Fondundakı ehtiyatlar hesabına transferlər həyata keçiriləcək. Necə ki, bu il yanvar ayında büdcənin ilk versiyasında transfertlərin həcmi 48 faiz idi, avqust ayında isə əlavə vəsaitə ehtiyac yarandığı üçün büdcə dəyişdirildi və transfertlərin həcmi 58 faizə qaldırıldı.

Bu o deməkdir ki, Azərbaycan büdcəsinin gəlirlərinin təxminən 60 faizi birbaşa Neft Fondundan daxil olub”.

İqtisadçı deyir ki, gələn ilin icmal büdcəsində neftin qiymətinin hansı səviyyədə olması yalnız Neft Fondundan daxil olan vəsaitin həcmində özünü göstərəcək: "Neft Fondunu "divar”-a bəzətmək olar ki, biz ölkə olaraq ondan tutaraq gedirik. Amma bu daim davam edə bilməz. Bir müddətdən sonra Neft Fondunun ehtiyatlarında da ciddi azalmalar müşahidə olunacaq ki, bu da bizim ümumi makroiqtisadi göstəricilərimizə, iqtisadi dayanıqlığımıza, götürdüyümüz kreditlərin zəmanətinə ciddi təsir göstərə bilər”. Bəs aşağı neft qiymətləri şəraitində Dövlət Neft Fondu hansı müddətdə ölkə iqtisadiyyatını dəstəkləmək gücündədir? Natiq Cəfərli deyir ki, Mərkəzi Bankın hesablamalarına görə, valyuta ehtiyatları ölkəni tam təmin etmək üçün 23 ay bəs edir: "Yəni heç nə istehsal etməsək belə, bu gündən sonra Neft Fondundan hesabına 23 ay yaşaya bilərik. Hər halda, biz nəsə istehsal edirik və neft, qaz ucuz olsa da, satılır. Digər tərəfdən isə DNF-in vəsaitləri hamısı likvid də deyil ki, biz istədiyimiz zaman ordan götürüb xərcləyə bilək. Neft Fondunda olan vəsaitlərin 65 faizə yaxını likvid olmayan vəsaitlərdir - yəni qiymətli kağızlarda, daşınmaz əmlakda, qızılda, səhm bazarında yerləşdirilmiş vəsaitlərdir. Bu vəsaitlərin müəyyən öhdəlikləri, müqavilə müddətləri var. Düşünə bilərik ki, Neft Fondu bizə 3-5 il kömək edə bilər. Amma sonra nə olacaq? Heç bir zəmanət yoxdur ki, 3 ildən sonra neftin qiyməti yenidən 80-100 dollara qalxacaq.

Əksinə. iki gün əvvəl BP-nin maraqlı bir hesabatı yayıldı. Bu hesabatda artıq neft erasının geridə qaldığı, 3 ssenari ilə hesablamaların aparıldığı göstərilirdi. Hesablamalarda neftin qiymətinin ən yaxşı halda, 50 dollar ola biləcəyi qeyd olunur. 2025-30-cu illərdə neftin aktuallığının azalacağı və qiymətlərin aşağı olacağı proqnozlaşdırılır. Hətta 30-cu ildə dünyada neft istehlakının kəskin azalacağı - alternetiv enerjidən daha çox istifadə olunacağı bildirilir. Bu baxımdan da biz 2021-ci ili deyil, 25-ci, 30-cu illəri düşünməliyik. Problem ondan ibarətdir ki, biz neftdən asılı olan bir dövlətik. Büdcənin 60 faizinin Dövlət Neft Fondundan birbaşa asılı olması ciddi bir təhlükədir”.
Xatirə Nəsirova





Həftənin ən çox oxunanları