Yuxarı

Azərbaycanın valyuta ehtiyatı proqnozu üstələyib - Artım nəyin hesabınadır?

Azərbaycanın valyuta ehtiyatı proqnozu üstələyib - Artım nəyin hesabınadır?

Azərbaycanın valyuta ehtiyatı proqnozu üstələyib - Artım nəyin hesabınadır?

Bu ilin sentyabr ayının sonuna Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 41 aylıq mal və xidmət idxalına kifayət edib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu göstərici 2020-ci ilin ilk yarısı üzrə mal və xidmət idxalı götürülməklə hesablanıb.

Xatırladaq ki, "Moody’s" beynəlxalq reytinq agentliyi ilin əvvəlində Azərbaycanın strateji valyuta ehtiyatlarının ölkənin 30 aylıq idxalını ödəmək üçün kifayət edəcəyi səviyyəsində olacağını proqnozlaşdırmışdı. "Fitch Ratings" beynəlxalq agentliyinin proqnozlarına görə isə, 2020-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatlarının 38,3 mlrd. ABŞ dolları təşkil edəcək ki, bu da 23 aylıq idxalı ödəmək üçün kifayətdir.

Beləliklə, faktiki göstərici hər iki agentliyin proqnozunu üstələyib. Xatırladaq ki, bu ilin oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 49,780 mlrd. dollar təşkil edib.

Qeyd edək ki, ölkələrin valyuta ehtiyatları saxlamasının əsas məqsədi xarici borc öhdəliklərinin həyata keçirilməsi və valyuta məzənnəsinə təsirdir. Dünya bazarında idxal prosesi, o cümlədən də qızıl və neftin alınması xarici valyuta ilə həyata keçirilir. Hazırda ABŞ dolları müxtəlif ölkələrin Mərkəzi Bankları tərəfindən ehtiyat kimi saxlanılan ən əsas valyuta növüdür. Azərbaycanın valyuta ehtiyatlarının maksimal həddi 1 iyul 2014-cü il tarixində mövcud olub. Həmin dövrdə valyuta ehtiyatlarımızın həcmi 52 785,6 mln. dollara çatıb.

Ümumiyyətlə 2009-2014-cü illərdə Azərbaycanın valyuta ehtiyatları ancaq artıb. 2014-cü ildə dünya bazarında neftin qiymətinin azalması ilə əlaqədar olaraq valyuta ehtiyatları azalmağa başlayıb. Ən aşağı hədd 2017-ci ilin başlanğıcında mövcud olub. Həmin dövrdə ölkənin valyuta ehtiyatları 37 121,4 mln. dollara düşüb. 2018, 2019-ci illərdə və 2020-ci ilin müvafiq dövründə valyuta ehtiyatları artmaqda davam edib. Məlum olduğu kimi, valyuta ehtiyatları ölkəmizin "təhlükəsizlik yastığı” hesab olunur.

Hətta iqtisadi durğunluğun mövcud olduğu pandemiya dövründə bu ehtiyatlar ölkəmizi böyük miqdarlarda borc öhdəliklərinin yaranmasından xilas edib. Bəs, Azərbaycanın valyuta ehtiyatları necə formalaşır?

İqtisadçı alim Fuad İbrahimov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanın valyuta ehtiyatları ilk növbədə Dövlət Neft Fondunda toplanır:

"Məlumdur ki, Azərbaycanın ixrac potensialının 90 faizinə qədərinə karbohidrogen ehtiyatları təşkil edir. Əldə edilən valyutanın depolanması ilk növbədə Dövlət Neft Fondunda baş verir. Bununla yanaşı Mərkəzi Bankın özünün də ehtiyat fondu da var. Həmin fond tamam başqa gəlirlər hesabına yaranır. Amma daim istinad olunan, cənab Prezidentin də qeyd etdiyi valyuta ehtiyatlarımız neft fonduna məxsusdur”.

Valyuta ehtiyatlarından istifadə ilə bağlı hər hansı mexanizm, qayda mövcuddurmu? İqtisadçı alim belə bir qaydanın olduğunu deyir:

"Məlumdur ki, illik büdcə xərclərinin müəyyən hissəsini valyuta fondundan transfertlər təşkil edir. Azərbaycan büdcəsinin gəlirlərindən bir qismi müəyyən fiskal orqanlardan - vergidən, gömrükdən daxil olur, amma əsas hissəsi Dövlət Neft Fondundan daxil olmalar hesabına formalaşır. Xərclərin təşkili mexanizmi də burda ifadə olunur. Bu hər il aidiyyatı dövlət qurumları, o cümlədən də Milli Məclis tərəfindən təsdiq olunur”.

Fuad İbrahimov bildirib ki, heç də hər bir ölkə valyuta ehtiyatlarına malik deyil:

"Bu Norveç modeli hesab olunur. Demək olmaz ki, hər bir ölkənin valyuta ehtiyatları var. Bir sıra ölkələrin bu cür ehtiyatları var. Həmçinin Norveç də hazırkı dövrə qədər bu modeldən istifadə edir. Azərbaycanda belə bir fondun yaranması ulu öndər Heydər Əliyev tərəfindən təklif olunub. Valyuta ehtiyatlarımız həmin fondda toplanmağa başlanıb. Bu fond milli maraqlarımızın təmini, infrastruktur dəyişiklikləri, hər hansı bir qlobal layihələrin həyata keçirilməsi istiqamətində yaradılıb”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları