Yuxarı

Rusiya iqtisadiyyatı çöküşə doğru: Ölkəni nə gözləyir?

Rusiya iqtisadiyyatı çöküşə doğru: Ölkəni nə gözləyir?

Rusiya iqtisadiyyatı çöküşə doğru: Ölkəni nə gözləyir?

Rəşad Həsənov: "Rusiya iqtisadiyyatı Krım böhranında belə, indiki kimi böyük risklə üz- üzə qalmamışdı”

Rusiyanın neft- qaz gəlirləri ciddi şəkildə azalıb. Rusiyanın "Ali İqtisadiyyat Məktəbinin” Milli Tədqiqat Universitetinin "Dövlət və Biznes haqqında şərhləri” bülletenində deyilir ki, ölkənin federal büdcəsinin neft-qaz gəlirləri bu ilin 3 rübü ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 36% azalıb. Belə ki, bu ilin yanvar-sentyabr ayları ərzində neft və qazın satışından əldə edilən daxilolmalar 6 trilyon rubl təşkil edib.

Federal büdcənin xərcləri isə 15 trilyon rubla bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25% çoxdur. Xərclərin artmasına səbəb koronavirus pandemiyası ilə mübarizə üçün maliyyələşmənin artması ilə bağlıdır. Bununla belə, gəlirlər 12% azalaraq 13,2 trilyon rubl təşkil edib. Eyni zamanda büdcə kəsiri 1,8 trilyon rubl təşkil edib. Mütəxəssislər qeyd edirlər ki, illik xərclərin təxminən 40%-i isə IV rübə düşəcək.

İqtisadçı- ekspert Rəşad Həsənov "Cümhuriyət”ə açıqlamasında deyib ki, bu ilin sonunadək Rusiyanın federal büdcəsininin neft-qaz gəlirlərinin 41-47 faiz arasında azalacağı proqnozlaşdırılır:

"Rusiya iqtisadiyyatını digər bir sıra neft ölkələrinin iqtisadiyyatı ilə müqayisə edərkən görürük ki, iqtisadiyyatda və ixracda neft- qazın payı digər ölkələrə nisbətdə daha yaxışıdır. Yəni burada göstəricilər təxminən 40- 55 faiz arasında dəyişir. Bu Rusiya iqtisadiyyatını digər ölkələrlə müqayisədə daha üstün mövqeyə gətirir. Rusiyanın digər sənaye sahələri də iqtisadiyyata dəstək göstərir. Amma məsələ odur ki, Rusiya iqtisadiyyatı kifayət qədər böyük və dövlət xərcləmələrindən asılı iqtisadiyyatdır. Dövlət xərcləmələrindən asılı olduğu üçün bu iqtisadiyyatda və sosial müdafiə mexanizmlərinin dayanıqlılığının təmin edilməsində neft faktorunun rolu çox böyükdür. Eyni zamanda Rusiya üzən məzənnə rejimini tətbiq edib. Neftin qiyməti ilə rublun məzənnəsi arasında da bir asılılıq var. Bütövlükdə götürəndə, pandemiyanın təsirləri və dünya bazarlarında neftin qiymətinin azalması son nəticədə Rusiya iqtisadiyyatını çox dərin bir resesiyaya(daralma) məruz qoyub. Hətta 2014-2015- ci illər Krım böhranında Rusiya iqtisadiyyatı bu qədər böyük bir risklə üz- üzə qalmamışdı. Bir çox beynəlxalq qurumlar ilin sonunadək Rusiya iqtisadiyyatında 4.3-dən 11 faizədək resesiyanın olacağını bildirirlər. Aparılan hesabatlar onu göstərir ki, ilin sonunadək büdcə daxilolmalarında da 12-17 faiz azalma baş verəcək. Bu da Rusiyada irihəcmli büdcə kəsri formalaşmasına səbəb ola bilər. Hazırda qeyd olunan proqnozlarda Rusiyanın federal büdcəsinin neft- qaz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz azaldığı qeyd olunursa, bəzi hesablarda ilin sonunadək bunun 41-47 faiz arasında dəyişəcəyi bildirilir. Baxmayaraq ki, Rusiya digər ölkələrlə müqayisədə neftdən asılılıq parametrlərində nisbətən üstün mövqeyə malikdir, amma faktiki olaraq bu gün o, baş verən proseslərdən ciddi təsirlənən ölkələr sırasına daxildir”.

Ekspert əlavə edib ki, Rusiyanın büdcəsi neft sektorunun gəlirləri hesabına formalaşdığı üçün, bu gəlirlərin 36 faiz azalması böyük riskdir:

"Rusiya iqtisadiyyatı Azərbaycanla müqayisədə fərqli qurulub. Neft sektorunun əhəmiyyətli hissəsi özəl şirkətlər tərəfindən idarə olunur. Büdcəyə birbaşa daxilolmalar vergi yolu ilə həyata keçirilir. Əgər gəlirlər, daxilolmalar azalıbsa, təbii ki, vergi ödənişləri də azalıb. Çünki vergi mənfəətdən hesablanır. Bizdə isə fərqli olaraq, həm büdcəyə Neft Fondundan birbaşa transfer var, həm də neft sektorundakı fəaliyyətdən vergi daxilolmaları var. Hazırkı şəraitdə bizim özümüzdə də neft sektorundan vergi daxilolmaları azalır. Amma bizdə nisbətən dayanıqlılığı təmin edən faktor birbaşa transferlərdir ki, onlar dəyişməyə bilir. Hətta neft ucuzlaşdığı təqdirdə belə biz onu artırdıq. Çünki o rezervlər üzərində qurulmuş bir mexanizmdir. Yəni biz bu il nefti çox ucuz da satsaq və ya heç satmasaq, Neft Fondunun gəliri olmasa da bunun birbaşa transerlərə təsiri olmayacaq. Yəni Neft Fondu il ərzində üzərinə düşən öhdəlikləri həmin rezervlər sayəsində yerinə yetirir. Rusiyada isə mexanizm fərqlidir. Orada bu sistem dinamikdir. Yəni verji nə qədər artırsa, daxilolma da o qədər artır. Ona görə də bu il Rusiyanın dövlət büdcəsinin gəlirlərində əhəmiyyətli azalma baş verəcək. Orada neft vəsaitlərinin yığılıb istifadə edilməsi mexanizmləri də fərqlidir. Orada böyük özəl şirkətlərdir ki, onlar müxtəlif vergilər şəklində dövlət büdcəsinə qatqı göstərirlər. Yəni onların gəlirləri aşağı düşürsə, vergilər də azalır. Avtomatik olaraq da büdcə gəlirləri azalır”.

Əli Bədir





Həftənin ən çox oxunanları