Yuxarı

İran OPEC-i nəzərə almayacaq - Neft ucuzlaşa bilərmi?

İran OPEC-i nəzərə almayacaq - Neft ucuzlaşa bilərmi?

İran OPEC-i nəzərə almayacaq - Neft ucuzlaşa bilərmi?

İran neft istehsalı və ixracı ilə bağlı siyasətini OPEC-lə razılaşdırmayacaq.

İranın neft naziri Bijan Zənqane bu barədə açıqlama verib: "İran neft hasilatını artırmaq üçün OPEC-dən icazə almayacaq".

O qeyd edib ki, İran növbəti ildən gündəlik hasilatı 4.5 milyon barelə çatdırmağı planlaşdırır. Hasilatın bir hissəsi xam neft, bir hissəsi isə qaz kondensatı olacaq. Bu miqdarın yarısından çoxu ixracat, yerdə qalan hissəsi isə daxili ehtiyaclar üçün nəzərdə tutulur.

Məlum olduğu kimi, OPEC və müttəfiq ölkələr son bir neçə il ərzində neft qiymətlərinin ucuzlaşmasının qarşısı almaq məqsədilə neft hasilatında kəsintilərə getməklə bağlı razılığa gəliblər.

Cari ildə pandemiya şəraitinın neft və neft məhsullarına təlabatı kəskin azaltması bu razılığın qüvvədə qalmasını zəruri edib. Dekabr ayının əvvəllərində keçirilən OPEC və mütəfiq ölkələrin onlayn konfransında da razılaşmanın qüvvədə qalması ilə bağlı qərar qəbul edildi.

İran rəsmisi həmin konfransa OPEC-lə əməkdaşlığın davam etdiriləcəyini bəyan etsə də, indi əks bəyanatlar verilir və neft siyasətinin OPEC-lə razılaşdırılmayacağı bildirilir.

Belə olan halda , İran bazara yüksək neft həcmləri çıxararsa, bu qiymətlərə təsir edəcəkmi?

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev hesab edir ki, İran qısa müddətdə gündəlik neft hasilatını 4,5 milyon barelə çatdırmağa nail ola bilməz. O, "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, İranın maksimal neft hasilatı İran İslam İnqilabından əvvəl-1979-cu ildə, gündəlik 6 milyon barel civarında olub:

"İslam İnqilabından sonra İran bu günədək Rza şah Pəhləvinin hakimiyyət dövründəki hasilatını əldə etməyib. Bu da ABŞ-ın uzun müddət İranla siyasi və iqtisadi əlaqələrinin kəsilməsi ilə bağlıdır. Yüksək hasilata nail olmaq üçün yataqlara kifayət qədər investisiya qoyulmalı, infrastruktur layihələri həyata keçirilməli, neft kəmərləri çəkilməli, böyük neft həcmlərini qəbul etmək üçün terminallar yaradılmalıdır. İran Prezidenti də bəyan edib ki, qısa müddətdə İranda gündəlik neft və yüngül kondensant hasilatı 7 milyon barelə çatdırılacaq. Bunun üçün həm də İranın neft ixracına qoyulan məhdudiyyət də aradan qaldırılmalıdır”.

Zəfər Vəliyev qeyd deyib ki, İranın neft ixracı ilə məşğul olan bütün sahələrinə, eləcə də banklarına məhdudiyyət tətbiq olunub:

"İran uzunmüddətli neft müqavilələrinin icrasını yerinə yetirə bilmir, pul ötürmələri vaxtlı vaxtında baş tutmur. Bu məsələlər öz həllini tapmasa İranda neft hasilatını artırmağa nail olmaq mümkün olmayacaq. Hazırda müəyyən artm müşahidə olunsa da, İranın neft hasilatı heç 2 milyon barelə çatmayıb. Qlobal bazarlarda təlabat aşağı düşüb, eyni zamanda İrandakı mövcud neft emalı zavodları da layihə gücü ilə işləmirlər. Belə olduğu halda İranın beynəlxalq bazarlara böyük həcmlərdə neft ixrac etməsi, eləcə də bunu OPEC-in razılığı olmadan həyata keçirməsi İranın ziyanına olan məsələdir. OPEC-in toplantısında da İran Milli Neft Şirkətinin rəhbəri bəyan etdi ki, OPEC-lə əməkdaşlıq davam etdiriləcək, neft bazarlarında möhkəm balansın əldə olunmasında səylər davam etdiriləcək. Bu sözlərdən sonra İranın OPEC-in tövsiyyələrini nəzərə almaması doğru olmaz. Hesab edirəm ki, İran bu addımları atmayacaq. Çünki əgər İran ABŞ-la münasibətləri normallaşdırarsa, İran neft bazarına qayıtmaqla yanaşı, bazarın tənzimlənməsində mütəffiq ölkələrlə əməkdaşlıq etməlidir. İran da daxil olmaqla neft ixrac edən ölkələrin hər biri bazarda möhkəm balansın formalaşmasında maraqlıdırlar”.

Ekspert deyir ki, neftin qiymətini iki faktor müəyyən edir:

"Birinci faktor tələb-təklif balansı, ikinci maliyyə bazarlarındakı vəziyyət. Düşünürəm ki, ABŞ sanksiyaları aradan qaldırarsa, İranın neft hasilatında artım müşahidə olunacaq. Amma bu belə qısa müddətdə həyata keçirilə bilməz. İranın neft bazarına qayıtması ilk növbədə bazarda şəffaflığı təmin edəcək. Qeyri-leqal neft ixracı şəffaf, leqal ixraca çeviriləcək. Bu da bazarın düzgün tənzimlənməsində əsas şərtlərdən biridir. OPEC katibliyi dəqiq, statistik göstəricilərlə bazarı tənzimləyir. Qara bazarın mövcud olmaması o deməkdir ki, bazarın tənzimlənməsində ciddi problem olmayacaq. Həm də İran neftinin yenidən bazara qayıtması yüngül və ağır neftin balansının formalaşmasına səbəb olur. Pandemiyadan əvvəl bazarda ağır və orta ağır neft çatışmazlığı hiss olunurdu. İran, eləcə də Venesuela bazara qayıdarsa, bu qıtlıq aradan qalxacaq”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları