Bu şirkətləri inflyasiyadan qurtarmaq üçün dövlət hər zaman bir əlini onların çiynindən çəkmir. Problem isə həmin şirkətlərin dövlətə arxayınlığı ucbatından rəqabətə maraqlarının olmamasıdır. Bu şirkətlərdən bəziləri xüsusi əhəmiyyətli olsa da, az əhəmiyyətli olanları da var. Bu şirkətlərdən biri də "Şahdağ Turizm Mərkəzi"dir. Xəbər verildiyi kimi, Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC 2019-cu ili 20 milyon 431 min manat zərərlə başa vurub.
Bununla belə, səhmdar cəmiyyətinin yığılmış zərəri 17,9% artaraq 65 milyon 290 min manata çatıb. Onsuz da zərərlə işləməyə vərdiş etmiş bu şirkətlərə ayrılan vəsaitləri Qarabağ Dirçəliş Fonduna, YAŞAT Fonduna, Koronavirusla Mübarizəyə Dəstək Fonduna, hətta vətəndaş cəmiyyətinin maliyyə mənbələrinin gücləndirilməsinə yönəltməklə, nəticədə ölkənin daha da inkişafına nail oluna bilər. Ekspertlərin bir qrupu bu kimi şirkətlərin özəlləşdirilməsini, digərləri isə uzunmüddətli icarəyə verilməsini vəziyyətdən çıxış yolu kimi dəyərləndirirlər.
Maraqlıdır, bu şirkətlərlə bağlı hansı addımlar atıla bilər ki, dövlət büdcəsi əlavə yükdən xilas olsun?
İqtisadçı- eskpert Natiq Cəfərli "Cümhuriyət”ə açıqlamasında çıxış yolunu həmin obyektlərin uzunmüddətli icarəyə verilməsində gördüyünü deyib:
"Dövlət əlində olan aktivlərin optimallaşdırılması ilə bağlı strateji və ciddi bir qərar verməlidir. Çünki dövlət büdcəsində olan və dövlətin nəzarətindəki biznez fəaliyyəti, iqtisadi fəaliyyətlə məşğul olan strukturların böyük əksəriyyəti az qala tamamən zərərlə işləyir. O cümlədən, "Şahdağ Turizm Mərkəzi" də ziyanla işləyən obyektlərdən biridir. Dövlət ora investisiya olaraq külli miqdarda vəsait yatırıb, hətta həmin obyekti özəlləşdirməyə çıxarsa da, sərf etdiyi vəsaitin geri dönüşü mümkün olmayacaq.
Ona görə də dövlət ən azından ilkin mərhələdə idarəetmə ilə bağlı qərar verə bilər. Yəni mülkiyyətçi dövlətin özü və ya strukturları qalmaqla, idarəetmə biznes strukturlarına verilə bilər. Bu, uzunmüddətli- 20 və ya 25 illik icarə müqaviləsi ilə mümkün olar. Bunun nəticəsində ən azından dövlət büdcəsindən ayrılan dotasiyalara son verilər. Bir müddətdən sonra da həmin biznes strukturları həm icarəhaqqı ödəməklə, həm də vergi verməklə dövlət büdcəsinə yük olmaqdan çıxıb, gəlir gətirən quruma çevrilə bilər. Bu, həm də həmin mühitdə idarəçilik rəqabətini artıra bilər. Ona görə də dövlət bununla bağlı strateji qərarlar verməlidir”.
Ekspert hesab edir ki, bu obyektlərin özəlləşdirilməsindən də əvvəl onları uzunmüddətli icarəyə verməklə büdcəni əlavə yükdən xilas etmək və gəlir götürmək olar:
"Bununla bağlı müəyyən danışıqlar olub. Prezident İlham Əliyev özü də çıxışlarında bu məsələyə toxunub. Hətta İnvestisiya Holdinqinin yaradılmasının əsas qayəsi də dövlət şirkətlərində idarəetmənin optimallaşdırılmasını bir məqsəd kimi qarşıya qoyub. Amma çox təəssüf ki, praktiki addımlara gəldikdə vizion problemi görünür. Yəni hansı yolla bu işlərin görülməsi ilə bağlı nə hökumətin, nə də İnvestisiya Holdinqinin hələ ki, ciddi yol xəritəsi elan edilib. Bu tipli obyektlərin özəlləşdirilməsindən daha əvvəl uzunmüddətli icarəyə verilməsi məsələsi gündəmə gəlməlidir.
Hesab edirəm ki, bu məsələyə bir çox şirkətlər maraq göstərə bilər və həmin kompleksin idarəolunmasının optimallaşdırılması, gəlirlə işləməsi istiqamətində addımlar ata bilər. İndiki halda bu tipli obyektlərdə hətta çevik davranışları da görmürük. Çevik davranış turizmdə o deməkdir ki, mövsüm endirimləri olur, öncədən planlaşmada ciddi endirimlər olur, əgər otellərdə rezervasiya çox aşağıdırsa, kəskin endirimlərə gedilir. Bunların heç biri yoxdur.
Oteldə neçə ailənin qalmasından asılı olmayaraq, eyni qiymət saxlanılır. Bu, doğru yanaşma deyil, biznesdə belə yanaşma ilə gəlir əldə etmək olmaz. Əgər ziyanı dövlət ödəyirsə, idarəçilərin ziyanla, ya xeyirlə işləməsi üçün heç bir maraqları qalmır. Ona görə də bu məsələyə çox ciddi yanaşılmalıdır. Hesab edirəm ki, artıq strateji hədəflərə çatmaq üçün bununla bağlı ciddi qərarların verilməsinin zamanı yetişib”.
Əli Bədir