Yuxarı

Milyonlarla vəsait ölkədən "axır”: 5 ildə 5272 evi cəlbedici edən nədir?

Milyonlarla vəsait ölkədən

Milyonlarla vəsait ölkədən

Hər il Türkiyədə mənzil alan azərbaycanlıların sayı artır.

Türkiyə Statistika Komitəsinin xəbərinə görə, 2020-ci ildə azərbaycanlılar Türkiyədə 1279 mənzil alıblar. 2019-cu ildə isə bu rəqəm 1191 idi. Təkcə ötən ilin dekabr ayında həmvətənlərimiz arasında Türkiyədə mənzil alanların sayı 155 nəfərə çatıb.

2019-cu ilin müvafiq dövründə bu say 146 nəfər idi. Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 6-cı yeri tutub.

Sözügedən məsələdə son beş ilin statistikası isə belədir - 2016-da 610 mənzil, 2017-ci ildə 942 mənzil, 2018-ci ildə 1250 mənzil, 2019-cu ildə 1191 mənzil. Son 5 ildə (2016-2020) azərbaycanlıların Türkiyədə aldığı mənzillərin ümumi sayı 5272-yə çatıb.

Bəs azərbaycanlıların Türkiyənin əmlak bazarına üz tutması nə ilə bağlıdır?

Cebhe.info-nun araşdırmasına görə, azərbaycanlıların qardaş ölkənin daşınmaz əmlak bazarına üz tutmasının başlıca səbəbi Türkiyədə evlərin Azərbaycanla müqayisədə xeyli ucuz olmasıdır. Bakı və digər şəhərlərdə daşınmaz əmlak qiymətlərinin yüksək olması valyuta axınını digər ölkələrə, o cümlədən də Türkiyəyə yönəldir. Yerləşdiyi məkandan asılı olaraq Türkiyədə də mənzillərin kvadrat qiyməti dəyişilir. Ümumilikdə isə qiymətlər kvadrata görə, 2 430 - 12 000 TL kimi xarakterizə olunur ki, bu da 560-2767 manat manat ekvavalentindədir. Pandemiya müddətində qiymətlərdə 8-11 faizədək artım müşahidə olunub.

Ekspertlər İstanbulda kvadrata görə mənzillərin orta qiymətinin 950, Ankarada 493, İzmirdə 771, Antalyada 656 manata bərabər olduğunu bildirir. Türkiyədə mənzil alanlar burada sənədləşmənin daha asan başa gəlməsini də nəzərə alır. Belə ki, hətta tikilməkdə olan binalarda satılan evlər üçün çıxarışlar verilir. Qardaş ölkəyə kommersiya məqsədilə də üz tutanların sayı az deyil.

Mənzil alaraq kirayə verənlər də var. Eləcə də daşınmaz əmlaka yığım vasitəsi olaraq sərmayyə qoyanlar da var. Digər bir məsələ isə Azərbaycanlıların üz tutduğu turizm ölkələri arasında Türkiyənin ilk yerlərdə olmasındadır. Son aylar ərzində Türkiyəyə mənzil almaq üçün alanlara gəldikdə ehtimal etmək olar ki, ölkədə devalvasiyanın olacağı ilə bağlı ehtimallar da rol oynayıb. Belə ki, milli valyutanın dəyər itirəcəyi gözləntisi olarkən, vətəndaşların əlindəki vəsaiti daşınmaz əmlaka yatırım olaraq qoyması mümkündür. Amma onu da qeyd etmək yerinə düşərdi ki, qardaş ölkədə tikilən evlərin keyfiyyətləri eyni deyil. Bəzən ucuz qiymətin arxasında aşağı keyfiyyət də dayana bilir ki, bunu da ötən il İzmir və Elazığda baş verən zəlzələlər zamanı baş verən dağıntılar sübut etdi. Heç də təsadüfi deyil ki, İzmirdə baş verən 6,6 ballıq zəlzələ nəticəsində 5 bina tamamilə çökdü, onlarla binaya ziyan dəydi.

"Property” qiymətləndirmə şirkətinin direktoru Pərviz Qulami də "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ümumi götürdükdə Türkiyədəki qiymətlər Azərbaycana nisbətən ucuzdur:

"Amma bu ölkənin turizm bölgəsinə aid deyil. Bu bölgələrdə qiymətlər kifayyət qədər yüksəkdir, həmçinin Azərbaycanla müqayisədə yüksəkdir. Ölkənin şəhərlərində olan mənzillər Bakı ilə müqayisədə ucuzdur. Məlum olduğu kimi, Türkiyə həm də Azərbaycan əhalisinin turizm məqsədilə üstünlük verdiyi ölkələr arasındadır”.

Ekspert deyir ki, Türkiyədə mənzillər iki məqsədlə alına bilər: "Həm kommersiya məqsədilə - yəni daşınmaz əmlakı alaraq, onu icarəyə verirlər. Türkiyədə icarə ilə məşğul olan xüsusi şirkətlər var ki, məhz müqavilə əsasında icarəyə evlər götürürlər. Bu məsələ qaydalarla tənzimləndiyindən azərbaycanlılar orada ev alıb, onu həmin şirkətlərə həvalə edə bilirlər. Eyni zamanda Türkiyədə istirahət edənlər arasında da bu müddətdə öz evlərində qalmağa üstünlük verənlər var. Bu baxımlardan vətəndaşlarımızın Türkiyədə mənzil almasına təlabat yaranır”.

Pərviz Qulami deyir ki, Türkiyədə daşınmaz əmlak sahibi olanların vətəndaşlıq alması üçün qoyulan müddət 5 ildir: "İş izinin verilməsi isə əmlakın olub-olmamasına bağlı deyil”.

Xatirə Nəsirli





Həftənin ən çox oxunanları