Yuxarı

Rusiya xərclərin altında "əzilir” - Moskva bu "yükü” çəkə biləcəkmi?

Rusiya xərclərin altında

Rusiya xərclərin altında

Pandemiya dünyanın bütün ölkələrinin - o cümlədən də Rusiya Federasiyasının iqtisadiyyatını daraldıb.

Hələ ötən ilin oktyabr ayında açıqlanan Dünya Bankının hesabatında 2020-ci ildə bu daralma 5 faiz proqnozlaşdırılıb ki, bu da son 11 ilin ən yüksək ressesiyası hesab olunub.

İstehlak qiymətləri indeksinə gəldikdə, Bank Rusiyada inflyasiyanın bu il 3,7%, gələn il isə 4% təşkil edəcəyi proqnozlaşdırıb. Dünya Bankı Rusiyanın dövlət borcunun ÜDM-ə nisbətinin bu il 22,9%-ə yüksələcəyini, 2022-ci ildə isə 23,7%-ə çatacağını gözləyir.

Ölkənin İqtisadi İnkişaf Nazirliyi bu il ölkədə ÜDM-in 3% və ya daha çox azalacağını proqnozlaşdırır. Rusiyanın neft istehsal edən ölkə olaraq gəlirləri azalıb. Digər tərəfdən Suriya və Qarabağda aparılan müharibədə tətbiq olunan yeni texnologiyanın Rusiyada istehsal olunan hərbi texnikaya təlabatı azaltdığı bildirilir.

Qeyd edək ki, hərbi sənaye də Federasiyanın iqtisadiyyatında mühüm yer tutur.

Mövcud şərtlər daxilində Feferasiyanın iqtisadiyyatını nə gözləyir?

İqtisadçı Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rusiya iqtisadiyyatı SSRİ dağılandan sonra uzun illərdir ki, enerji daşıyıcıları üzərində inşa edilmiş və dövlət xərcləmələri hesabına aktivlik yaradan bir sistemə bağlı idi:

"Son 4-5 ildə həm Avropa Birliyi, həm ABŞ tərəfindən kəskin sanksiyaların tətbiq edilməsi primitiv qaydada olsa da yerli istehsalın artımına səbəb olub. Sanksiyalar istehsalı qəliz olmayan sahələrdə artıma səbəb oldu, məcbur etdi ki, iqtisadiyyatda bəzi struktur dəyişikliyinə gedilsin. Amma bunlara baxmayaraq, Rusiya indiyədək neft və qaz gəlirlərindən - əsasən də qaz gəlirlərindən asılı olan bir ölkədir. Neftdən fərqli olaraq qazın hasilatı və xaricə satışı dövlətin əlindədir. Neft istehsalı sahəsində özəl şirkətlər də fəaliyyət göstərir. Neftdən büdcəyə vergiləndirmə dərəcəsinə görə gəlirlər daxil olur. Qiymətlər düşdükcə həmin vergilər də, ödənişlər də azalır və Rusiya iqtisadiyyatında müəyyən problemlər yaşanır”.

Natiq Cəfərli deyir ki, qazın qiymətinin dəyişməsi də Rusiya iqtisadiyyatına təsir edir:

"Dünyada qəbul olunmuş formulla qazın qiymətləri neftin qiymətlərinə bağlıdır - 3 və ya 6 ay gecikmə ilə neft qiymətləri qaz qiymətlərində öz əksini tapır”.

İqtisadçı deyir ki, bu amillərdən əlavə Rusiyanın öz üzərinə böyük yüklər götürməsi də onun iqtisadiyyatını zəiflədir:

"Post-sovet məkanında Abxaziya, Cənubi Osetiya kimi qondarma qurumların saxlanılması Rusiyanın hesabına baş verir. Bir çox ölkələrə - o cümlədən də Ermənistana və Belarusa dotasiyaların ayrılması da Rusiyaya əlavə yük gətirir. "Dnestryanı Respublika”- da müəyyən xərcləmələr var, Suriyada mövcudiyyəti Rusiyaya hər il 100 milyonlarla dollara başa gəlir. Keçmiş "Dağlıq Qarabağ” ərazisində də "sülhməramlı” missiya adı altında müx-təlif təmir-bərpa işlərinin də aparılması da Rusiya büdcəsinə yenidən əlavə xərclər gətirir, həmçinin1960 nəfər hərbçinin maaşları, digər xərcləri də büdcədən ödənilir. Yəni ətraf ölkələrində və dünyada apardığı siyasəyin maddi yükü də var. Uzun zaman Rusiyanın bu yükü çəkə bilməsi isə suallar yaradır”.

İqtisadçı bildirir ki, ölkənin daxilində olan federasiya subyektlərinin böyük əksəriyyəti dotasiya ilə yaşayır:

"Əsasən də Şimali Qafqaz respublikalarına dotasiyaların verilməsi məcburiyyəti yaranır. Bu da büdcəyə ağır yüküdür. Ona görə də Rusiya iqtisadiyyatında ciddi struktur dəyişikliyi olmasa və xarici siyasətdə aqressiv davranış qaydalarından əl çəkilməsə, bir müddətdən sonra bu yük çəkilməz hala gəlib çıxa bilər. Onu da qeyd etmək lazımdır ki, ABŞ-dakı hakimiyyət dəyişikliyindən - yəni Co Baydenin and içib vəzifələrnin icrasına başlamasından sonra Rusiyaya qarşı daha böyük və silsilə sanksiyaların tətbiq edilməsi də gözlənilir. Bu da Rusiya iqtisadiyyatına əlavə basqılar və dalğalanmalar gətirəcək”.

Xatirə Nəsirli





Həftənin ən çox oxunanları