Yuxarı

Sərt qaydalar büdcəni dolduracaq? - "Daha çox sadə vətəndaşlar əziyyət çəkəcək”

Sərt qaydalar büdcəni dolduracaq? -

Sərt qaydalar büdcəni dolduracaq? -

Onlayn alış veriş üçün tətbiq olunan vergi qaydalarını sərtləşdirən hökumət indi daha bir sərtləşməyə gedir.

İdxal edilən aksizdən azad edilən malların sayı azaldılır. Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, fiziki şəxsin fərdi istehlakı üçün 1,5 litr alkoqollu içkinin, 200 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş çənindəki yanacaq aksizdən azaddır.

Layihəyə əsasən, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı siyahıdan çıxarılır.

İqtisadçı Razi Abbasbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, son günlərdə Gədəbəy qızıl yataqlarında aşkar edilən ehtiyatlar gözləntilərdən çox olub:

"Kəlbəcər qızıl yataqlarının işlənməsi və daxili istehsalının artrılması ilə bağlı Nazirlər Kabinetinin bir sıra qərarları var idi, eyni zamanda ötən ilin dekabr ayında Baş nazirin iştirakı ilə belə bir toplantı keçirilmişdi. Strateji proqram olaraq həm də qızıl ehtiyatlarının işlənilməsi, öyrənilməsi məsələləri gündəmdədir. Düşünürəm ki, bu qərar Azərbaycanda daxili bazarın tənzimlənməsi məqsədilə həyata keçirilir. Amma bu o qədər kiçik bir detaldır ki, bu zaman daxili istehsalın stimulaşdırılmasından çox sıravi vətəndaşlar əziyyət çəkəcəklər”.

İqtisadçı deyir ki, "Gömrük haqqında” Qanunda vətəndaşların şəxsi istehlak məqsədilə gətirə biləcəkləri yüklərin siyahısı var:

"Hansı ki, həmin məhsullar vergidən azad edilib. Dünyada qəbul olunmuş normadır ki, bir ölkədən digərinə gedən vətəndaşlar istehlak məqsədilə həm qızıl zinət əşyaları, həm ərzaq, həm geyim, həm də məişət avadanlığı apara bilər. Burada fərqli yanaşmalar, fərqli limitlər mövcuddur. İlk növbədə ölkənin daxili istehsal limitləri əsas götürülür. Məsələn, Türkiyə Cümhuriyyətində ümumilikdə tütün məhsullarının idxalına qadağa qoyulur, yəni vətəndaş hətta şəxsi istehlak məqsədilə tütün məhsulu gətirə bilməz. Bu, heç də o demək deyil ki, Türkiyədə tütün məhsullarının istehsalı yüksək səviyyədədir, sadəcə vətəndaşların sağlamlığı məqsədi ilə bu addım atılır”.

Razi Abbasbəyli deyir ki, bu baxımdan təklif olunan dəyişikliklər anlaşılan deyil:

"Çünki şəxsi istehlak məqsədilə gətirilən məhsullar heç bir halda daxili bazarda və ya Azərbaycanda qızılın istehsalının stimullaşdırılmasında hər hansı bir təsir gücünə malik deyil. Ölkənin ümümi ticarət dövriyyəsinin həcmi 21 milyard dollardır, onun 12 milyardı ixrac, 9 milyardı idxal əməliyyatlarının payına düşür. İdxal əməliyyatlarında tək tütün məhsullarının payı 10 faiz, təxminən 1 milyard dollara yaxındır. Azərbaycana gələn vətəndaşın şəxsi istehlak məqsədilə 20 qram qızıl, ondan hazırlanmış zərgərlik məmulatları gətirməsi o qədər kiçik göstəricidir ki, ölkəmizdə qızıl istehsalının inkişafına hansısa təsir göstərə bilməz. Bundan daha çox sadə vətəndaşlar əziyyət çəkəcəklər. Bunun dövlətin strateji proqramlarına xələl gətirə biləcəyi iddia olunur, amma bu yalnış iddiadır”.

Xatirə Nəsirli





Həftənin ən çox oxunanları