Yuxarı

Süfrəmizə uzanan "qara əllər” - İnhisar sağlam rəqabətə imkan vermir

Süfrəmizə uzanan

Süfrəmizə uzanan

Dünyada ərzaq bahalaşması hər gün daha da öz təsirini hiss etdirir.

Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) yanvar ayına aid Qlobal Qida Qiymət İndeksini açıqlayıb. Dekabr ayında 107,5% səviyyəsində açıqlanmış İndeks 108,6-ya dəyişdirilib, yanvar ayında isə 4,33% artaraq 113,3 səviyyəsinə yüksəlib. Beləliklə, qlobal ərzaq qiymətləri 2014-cü ilin İyul ayından bu yana ən yüksək səviyyəni görüb.

Fasiləsiz yüksəlişini səkkizinci ayda da davam etdirən indeksin son 6 ilin zirvəsini görməsinə buğda, şəkər və bitki mənşəli yağ qiymətlərinin kəskin artması səbəb olub. FAO Taxıl Qiymət İndeksi, beynəlxalq bazarlarda qarğıdalının bahalaşması ilə aylıq müqayisədə 7,1% artıb. Çinin yüksək idxal tələbi ilə Amerika Birləşmiş Ştatlarında gözləniləndən aşağı istehsal qiymətlərin artmasının əsas səbəbləri kimi göstərilir.

Azərbaycanda da vəziyyət fərqli deyil. Demək olar ki, hər ay qiymət artımı müşahidə olunur. Amma nədənsə, qiymət artımına təsir etmək üçün alternativ mexanizmlərin işlədiyini müşahidə etmirik. Bazar qaydalarının düzgün tənzimlənməməsi və ədalətli rəqabət mühitinin yox vəziyyətinə gəlməsi qiymət artımına meydan verir.

Digər tərəfdən inhisarçılıq və monopoliya məhsulları sadə vətəndaşlar üçün əlçatmaz edir.

İqtisadçı- ekspert Rəşad Həsənov "Cümhuriyət"ə açıqlamasında deyib ki, bizdə bazar iqtisadiyyatında liberal mühit olmadığı üçün qiymətlər tələb-təklif əsasında formalaşmır:

"Bazar iqtisadiyyatı olan ölkələrdə adminstrativ təzyiq yolu ilə qiymətlər nizamlanmır. Qiymətlərin nizamlanması bir neçə yolla həyata keçirir. Təbii inhisarçılıq olan sahələrdə qiymət tənzimlənməsinə ehtiyac var. Bizdə bu kifayət qədər çoxdur: dövlət müəssisələri və onların təşviq etdiyi xidmətlər (kommunal xidmətlər də bura daxildir- R.H). Yaxud zərurət olduğu təqdirdə hökumətin vəzifəsi inhisarın formalaşmasının qarşısının alınmasıdır. Lakin ola bilər ki, hansısa innovativ məhsul var və onu bir şirkət təklif edir. Deməli, o inhisarçıdır. Belə olan təqdirdə dövlətin qanunvericiliklə buna müdaxilə etmək hüququ var. Yaxud dövlət nə vaxtsa, müşahidə edirsə ki, bazarda karter sövdələşmələr, bilərəkdən qiymət artımı var, yaxud da hansısa şirkəti batırmaq üçün bir qrup şirkətlər arasında ucuzlaşma ilə bağlı karter sövdələşmələr var, dövlət müdaxilə etməlidir. Bizdə dərman preparatlarının qiymətinin məsələsi var. Məlumdur ki, burada da qiymət artımı var. Dövlət tərəfindən bu sahədə yuxarı hədd müəyyənləşdirilib. Antiinhisar və İstehlakçının Hüquqlarının Qorunması Agentliyi var. Amma bu qurumların başqa sahələrə müdaxiləsi qeyri-qanunidir. Bizdə bəzən müdaxilə olunur, amma bu yanlışdır".

Ekspert hesab edir ki, əgər bazarda qiymət artımının qarşısı xüsusi təzyiq mexanizmi ilə alınarsa, bu bazar iqtisadiyyatının məhvinə gətirir:

"Xüsusən, ərzaq məhsulları ilə bağlı çox ciddi inhisarçılıq formalaşıb. Burada həmin inhisarın formalaşmasının qarşısının alınması dövlətin marağında olmalıdır. Bazarda 30 faizdən artıq payı olan şirkətlərin fəaliyyətinə məhdudiyyətlər tətbiq edilməlidir. Yəni, "filan qiymətə sata bilməzsən"- deyə bir yanaşma yoxdur. Məsələ qiymət artımından daha çox inhisarçı vəziyyətin yaranmasına gəlinib çıxılmasıdır. Yəni əsas məsələ inhisarçı mövqeyin formalaşmasının qarşısının alınmasıdır. Əgər inhisarçı mövqe formalaşırsa bu dövlətin günahıdır. Məsələn, dövlət "Azərsun” şirkətinə bu şəraiti yaradıb. Hökumətin bazarda qiymətin optimallaşması siyasəti üçün kifayət qədər alətləri var. Yəni hökumət bu alətlərdən istifadə edib, inhisarlaşmanın qarşısını ala bilər. Bunlardan biri vergidir, ikincisi r%6uuml;sumlardır, üçüncüsü yeni təşviq mexanizmlərinin yaradılması imkanlarıdır, dördüncüsü inhisarçılıqla mübarizədir, beşincisi, karter sövdələşməsinə qarşı mübarizədir. Yəni hökumət qiymət diktə etməməli, əksinə qiymətlərin tənzimlənməsi və əlçatan olması üçün yuxarıda qeyd etdiyimiz alətlərdən istifadə etməlidir".

R.Həsənov qiymətləri əlçatmaz həddə gələn dərman preparatları məsələsində də inhisarçılığın gücləndiyindən danışıb:

"Bazarda rəqabət mexanizmi gücləndirməlidir. Xüsusən dərman preparatları məsələsində böyük inhisarlaşma var. Üç əsas şirkət ölkəyə idxal olunan və yaxud dövlət satınalmalarında təxminən 90 faiz gəliri özünə götürür. Onlar bazarda şərtləri formalaşdırırlar. Bizdə təəssüf ki, bazarda liberal davranışlar, ədalətli mühit olmasığı üçün bu kimi davranışlar son nəticədə bazarın strukturunu məhv edir. Təbii bir tərəfdən də əhali zərərçəkmiş vəziyyətə salınır".

Əli Bədir





Həftənin ən çox oxunanları