Yuxarı

Arxasında böyük gücün dayandığı kiçik pul: Birjalarda paya sahib olan iqtisadçı qazanc yolunu göstərdi

Arxasında böyük gücün dayandığı kiçik pul: Birjalarda paya sahib olan iqtisadçı qazanc yolunu göstərdi

Arxasında böyük gücün dayandığı kiçik pul: Birjalarda paya sahib olan iqtisadçı qazanc yolunu göstərdi

Türkiyədə yerli kriptovalyuta yaranır.

Bitkoinin analoqu olacaq bu kriptovalyuta ilə bağlı Türkiyə Mərkəzi Bankında işlərin getdiyi bildirilir.

Kriptovalyutanın nə zaman istifadəsinin mümkün olacağı hələlik məlum deyil. Vaxtilə qeyri-ciddi yanaşılan kriptovalyuta biznesi dünya ölkələrində genişlənməkdədir. Azərbaycanda isə buna nəinki maraq yoxdur, hətta demək olar ki, rəqəmsal valyuta haqqında məlumatlar da azdır.

Ölkəmizdə bu sahəyə marağın az olmasının səbəbi nədir? Azərbaycan qanunvericiliyində kriptovalyutaların istifadəsi, onların nəğd pula çevirilməsi ilə bağlı məhdudiyyətlər varmı?

İqtisadçı Razi Abbasbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda qiymətli kağızlar bazarı formalaşmayıb:

"Ümumiyyətlə ölkədə azad iqtisadi münasibətlər, sahibkarlıq subyektləri və maliyyə kredit pul siyasətində daha sərbəst, strateji məqamlar seçilməyib. Ölkəmizin qiymətli kağızlar bazarı inzibati resurslar hesabına idarə edilir. Bir zamanlar SOCAR tərəfindən qiymətli kağızların dövriyyəyə buraxılması prosesi başlanmışdı, amma hazırda proses o qədər də uğurla davam etdirilmir. Azərbaycanda fond və birja münasibətləri ilə bağlı qanunlarda ciddi boşluqlar var. Azərbaycan iqtisadiyyatında iştirakçı olan investorlar, iş adamlarının dünya birjalarına çıxış imkanları məhduddur. Bundan başqa, Azərbaycanın sahib olduğu yerli markalar yoxdur ki, xüsusilə sənaye sektorunda rəqabət qabiliyyətinə malik olsunlar. Bütün bunlara görə də Azərbaycanda həm sahibkarların, həm də adi vətəndaşların dünya birjalarında baş verən proseslərə marağı yoxdur”.

Milli kriptovalyutanın olmadığını bildirən iqtisadçının sözlərinə görə, bununla bağlı bir il öncə yalnız kiçik təşəbbüslər olub:

"Kriptovalyutanın arxasında böyük səhmdar dayanmalıdır. Dünya iqtisadiyyatına təsir imkanı olan, arxasında əmtəə dayanan güc olmalıdır. Azərbaycanda belə bir güc yoxdur. Azərbaycan nəinki dünya, heç Qafqaz regionunda rəqabətə malik olan sənaye məhsulu istehsal edib, bazara çıxara bilmir. Bunu edə bilmirsə, birjalarda səhmlərimizin hər hansı dəyəri yoxdursa, adının nə qoyulmasından asılı olmayaraq bazara kriptovalyuta çıxarılması mümkün deyil. Azərbaycan kimi ölkələr üçün bu uyğun deyil”.

Azərbaycanda kriptovalyutanın alınıb, nəğd vəsaitə çevirilməsi ilə bağlı qanunvericiliyin tələbləri necədir?

Razi Abbasbəyli bildirir ki, bu məsələ ilə bağlı hər hansı məhdudiyyət yoxdur:

"Dünyanın istənilən ölkəsində istənilən ölkənin vətəndaşı dünya birjalarında iştirak edə bilər. Qeyd edim ki, mən özüm də London və Nyu-York birjalarında çox cüzi də olsa paya sahibəm. Birjalarda iştirak edirəm, bəzən kriptovalyutalar da alıb-sata bilirəm. Əlbəttə ki, biz burada marginal hesablar üzərindən kiçik məbləğlər qazanan sanki lotereya oyunçularına bənzəyirik.

Əlimizdə nə dünyaya, nə də Azərbaycana təsir gücü olacaq səhm payımız var. Hər bir adam iştirak etmək imkanındadır, amma bununla heç bir məsələyə təsir etmək mümkün olmur. Bunun üçün dövlətin nəzarətində olmayan Azərbaycan daxilində sərbəst, iri sahibkarlar olmalıdır. Bu gün bizdə onlar yoxdur, amma sadə vətəndaşların hər biri dünya birjalarında kriptovalyutanı ala da, sata da bilər. Bunun nəticəsində pul qazana və ziyana düşə bilər. Bunun üçün hər hansı məhdudiyyət yoxdur.

Birjaya əvvəlcə nəğd pulla daxil olunur, hətta minimal məbləğ olaraq 100 dollarla daxil omaq mümkündür. Kredit xətləri açılır. Burada normal analitik-iqtisadi təhlil qabiliyyəti, prosesləri dəyərləndirmək - kriptovalyuta ilə, neftlə bağlı vəziyyətin necə olmasını dəyərləndirmək qabiliyyəti lazım olur. Hansısa bir şirkətin hətta loqosunu dəyişməsi belə səhmlərin qiymətinə təsir edir. Ən xırda incəlikləri belə araşdırıb, oradan vəsait qazanıb və bunu nəğd pulla çevirmək mümkündür”.

İqtisadçı deyir ki, ümumiyyətlə birjalarda kriptovalyuta hərəkətlənmələri manipulyasiya xarakteri daşıyır:

"Daha çox iri səhmdarlar, dünya çaplı meqaholdinqlər bu şəkildə manipulyasiya edirlər. Pandemiyadan istifadə olunaraq, bu manipulyasiyalardan vəsait əldə etmək meyilləri daha çoxdur. Son dövrlər ABŞ dünya birjalarında kriptovalyutalarla bağlı bir sıra addımlar atır. Eləcə də, Asiya, Avropa, eləcə də Türkiyə birjalarının da dünya iqtisadiyyatına təsir imkanları var. Bu təsirlər zamanla dəyişir. Məsələn, "Brexit” anlaşmasından sonra London birjasının təsir imkanları zəifləyib, amma Nyu-York birjasında baş verən proseslər dünya iqtisadiyyatında ciddi rol oynamağa başlanıb.

Asiya birjalarında daha çox metal qiymətləri ilə bağlı hərəkətlənmələr var. İstanbul birjalarında da sənayye məsələləri ilə bağlı ciddi canlanma var. Xüsusilə də bu həftə biz açıq şəkildə müşahidə etdik ki, Çində yerləşmiş Avropa markaları öz istehsal müəssislərini Türkiyəyə daşımaq qərarı veriblər. Bu qərar İstanbul birjalarında 4 faizə qədər canlanmaya səbəb olub. Bu çox ciddi bir rəqəmdir. Əlbəttə ki, dünya birjalarında kriptovalyuta ilə bağlı baş verən dəyişikliklər İstanbul birjasına da öz təsirini göstərir. Türkiyə də öz kriptovalyutasını dövriyyəyə buraxaraq, İstanbul birlasının təsir imkanlarını artırmaq və baş verən proseslərlə ayaqlaşmaq istəyir”.

Xatirə Nəsirli





Həftənin ən çox oxunanları