Yuxarı

Prezidentdən həyəcan təbili...

Prezidentdən həyəcan təbili...

pul Ölkə iqtisadi böhrana gedir?   Oktyabrın 12-də Azərbaycan  prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Prezident çıxışında bildirib: “İlin əvvəlindən neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi - 100 dollardan 50 dollara, ondan da aşağı səviyyəyə düşməsi, əlbəttə ki, bizim gəlirlərimizə mənfi təsir göstərmişdir. Ancaq buna baxmayaraq, aparılan islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edir.   Hesab edirəm ki, indiki şəraitdə 3,7 faiz ən gözəl göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatımız 6 faizdən çox artmışdır və bu da dediyim kimi, aparılan islahatların nəticəsidir”.   İqtisadi hesablamaları nə dərəcədə qənaətbəxş hesab etmək olar? İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev “Cumhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda alternativ hesablama imkanları məhdtuddur:  “Bu il Azərbaycanda iqtisadi gəlirlərin 3,7 faiz olması məsələsini statistik və rəsmi mənbələr məlumat verir. Buna görə də Azərbaycanda iqtisadi sahədə alternativ hesablamalar aparmaq imkanları məhduddur. Bunun reallığı nə qədər əks etdirdiyini söyləmək də çətindir. Ancaq görünən fakt odur ki, doğrudan da dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, o cümlədən Azərbaycanda neft hasilatının təqribən 1 milyon tona yaxın azalması ölkə gəlirlərini kəskin şəkildə azaldıb. Bu, öz təsirini həm iqtisadi inkişaf templərində, həm də dövlət büdcəsinin gəlir və xərcləmələrində göstərir. Son illər neft sektorunda artım templəri azalsa da, neftdən gələn gəlir öz hesabını dövlət büdcəsindən xərclər, bu sahədə yardımın əsas mənbəyini təşkil edir. Heç kəsə sirr deyil ki, son illər dövlət büdcəsinin təqribən 30-35 faizə qədərini əsas daxili büdcə xərcləri təşkil edir”.   iqtisadiyyatEkspertin sözlərinə görə, dövlət sifarişləri əsasında qeyri-neft sektorunun inkişafı üçün baza formalaşmayıb: “Dövlət xərcləmələri özü xüsusi çəkiyə malikdir. Ancaq neft gəlirlərinin azalması, istər-istəməz büdcə xərcləmələrini azaldır. Bu gedişlə gələn ildən həm büdcənin investisiya xərcləri, həm də dövlət sifarişləri azalır. Təbii ki, qeyri-neft sektorunun formalaşdığı şəraitdə bu sahədə də artım imkanlarını məhtudlaşdırır. Qeyri-neft sektorunda əsas hərəkətlilik sahibkarlar ola bilər. Azərbaycanda sahibkarlıq büdcəsi haqqında geniş danışmaq olar, ancaq bu barədə son müşavirədə prezident vurğuladı ki, sahibkarlar çox sayda qanunsuz yoxlamalara məruz qalır. Sahibkarları müxtəlif qurumlar soyurlar və bu neçə illərdir təkrar olunur. Ancaq hələ də bunun qarşısını ala bilməyiblər. Təəssüf ki, sahibkarların sıxışdırıldığı bir şəraitdə qeyri-neft sektorunun inkişafında və yaxud dövlət büdcəsinə ciddi gəlirlərin təmin edilməsindən danışmaq da çətindir. Özəl sektorun özü belə, rəqabətə tab gətirməyən məhsul istehsal etmək iqtidarında deyil. Bunun da səbəbi ölkədə ixracın olmamasıdır. Məmurların sahibkarlıqla məşğul olmasının qarşısı alınmalıdır”.   Azər Mehdiyev, dövlət başçısının ona verilmiş rəsmi məlumatlar əsasında çıxış etdiyi qənaətindədir: “Xüsusilə, possovet məkanında neft ölkələrində böhranın sürdüyü bir şəraitdə ölkədə hər hansı artım templərinin olması həmişə məqsədəuyğundur. Lakin bunun nə dərəcədə dayanıqlı olması önəmlidir. Prezident çıxışında 67 min yeni iş yeri yaradılması, eyni zamanda 30 min iş yerinin bağlanması haqqında da danışdı. Ancaq gələn məlumatlara əsasən, bağlanmış iş yerlərinin sayı daha çoxdur. Çünki bir çox böyük müəssisələr iş yerlərini tam bağlamasalar da, işçilərini öz hesablarına məzuniyyətə buraxırlar. Əslinə qalsa, bu da bağlanma ehtimalı yüksək olan iş yerləridir. 2008-ci ildə də neftin qiyməti aşağı düşmüşdü, indi də bu baş verir. Neftin qiyməti uzunmüddətli dövrdə sabit qalacaqsa, bağlanan iş yerlərinin sayı daha da çoxalacaqdır. İş yerlərinin bağlanmasının iki səbəbi var. Dövlət büdcəsindən sifarişlərin azalması və neft sektorunda sifarişlərin azalması, istər-istəməz müəssisələrin bağlanmasına və iş yerlərinin azalmasına səbəb olur”.   İqtisadçı alim Qubad İbadoğlu hesab edir ki, Azərbaycanda post neft dövrünün artıq başlandığını etiraf edən hakimiyyətin keçid dövrü üçün ilk addımlarından biri maliyyə amnitsiyası olmalıdır: “Ölkəyə neft gəlirlərinin sürətlə və iri həcmlərdə daxil olduğu son illərdə gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə edilmiş maliyyə resurslarının tam və ya qismən leqallaşdırılması, bəyan edilməyən aktivlərin repatriasiyasının stimullaşdırılması, xaricə aparılan kapitalın geri qaytarılması , getdikcə artan və kütləviləşən məhkəmə çəkişmələri ilə müşahidə olunan vergi borc öhdəliklərinin həlli üçün hazırkı şəraitdə maliyyə amnitsiyasının elan olunmasını zərurətə çevirib. Bu tədbir yeni iqtisadi situasiyada məlum çətinliklərlə üzləşən bazar subyektləri, biznes qurumlarının fəaliyyətinin təşviqinə xidmət edə və Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı üçün vacibliyi getdikcə artan investisiya qoyuluşları probleminin həllinə töhfə ola bilər. Hazırda Azərbaycanda büdcə gəlirlərinin formalaşmasında, ölkəyə xarici sərmayələrin cəlb olunmasında müşahidə olunan çətinlikləri nəzərə alaraq hökumətdə bu istiqamətdə müzakirələr başlanmalı, ümumi vergi amnistiyası elan olunmalı, vergi ödəyicilərinə münasibətdə “təmiz səhifə”dən başlanılmalı, bəyan edilməyən aktivlərin repatriasiyasının stimullaşdırılması üçün xüsusi proqram qəbul edilməlidir”   Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları