Yuxarı

“İslahatlar olmasa, siyasi böhran başlanacaq”

“İslahatlar olmasa, siyasi böhran başlanacaq”

Natig Ceferli

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun və Milli Təhlükəsizlik Nazirliyinin bir çox generallarının istefaya göndərilməsinin parlament seçkilərindən əvvəl və sonra ölkədə siyasi böhrana səbəb olacağı barədə müzakirələr başlayıb. Cəmiyyət nümayəndələri ilə yanaşı, bəzi müstəqil ekspert və politoloqlar da yaxın gələcəkdə Azərbaycan hakimiyyəti üçün belə bir ehtimalı istisna etmirlər.

Cebhe.info-nun məlumatına görə, sabiq MTN əməkdaşı, politoloq Ərəstun Oruclu bu qərarın ölkədə siyasi böhran mühitinin yaradacağını ehtimal edir. O, siyasi hakimiyyətin MTN generalları ilə bağlı qərarını “tarixi səhv” adlandırıb. “Altısı general olmaqla bu qədər MTN rəsmisini qovasan. Təsəvvür edirsiniz ki, bunları hansısa müxalifət partiyası götürsə, cəmi 2-3 aya hakimiyyətə gələcək”, - deyə Ə. Oruclu qeyd edib. “Real” Hərəkatının icra katibi Natiq Cəfərli isə bildirib ki, hökumət iqtisadi böhrana hazırlıqsız yaxalanıb. İqtisadi böhrandan irəli gələn bəzi problemlərin siyasi sistemin özünün oyun qaydalarına da təsir etməyə başladığını deyən N. Cəfərlinin sözlərinə görə, hakimiyyət başa düşür ki, artıq bu sistemlə, bu idarəetmə fəlsəfəsilə ölkədə ciddi nailiyyətlər əldə etmək çətindir:

“Çünki ölkədə iqtisadi böhran hər gün getdikcə dərinləşir. İş yerlərinin bağlanması, insanların real gəlirlərinin azalması, ölkənin gəlirlərinin azalması, böyük enerji layihələrinin təxirə salınması ciddi problemlər yaradacaq. İqtisadi problemlər artdıqca, bu siyasi sistemin özündə də böhranı dərinləşdirə bilər. Ona görə də, siyasi böhranı önləmək üçün köklü islahatlara ehtiyac var. Söhbət təkcə isimlərin dəyişdirilməsindən, kimlərinsə həbs olunmasından, yaxud istefaya göndərilməsindən getmir, ümumiyyətlə, idarəetmə fəlsəfəsi və idarəetmə yanaşması dəyişdirilməlidir”.

Natiq Cəfərli bildirib ki, Azərbaycanda ciddi siyasi sistem dəyişikliklərinə ehtiyac var: “Hökumətin kiçik və çevik olmasına ehtiyac var. Çünki son illərdə hökumət idarələri və qurumları həddindən artıq şişirdilib. Büdcədən ayrılmış vəsaitlər hesabına çoxlu sayda ştatlar açılıb, lazımsız qurumlar yaradılıb. Bu qurumların da böyük əksəriyyəti iş adamlarına, biznesə müdaxilələr etməkdən başqa Azərbaycan iqtisadiyyatına heç bir köməyi dəymir. Ona görə də ciddi islahatlara ehtiyac var. Ümid edək ki, bunun arxası gələcək. Bu iş təkcə isimlərin yox, idarəetməyə yanaşmaya qədər gedib çıxacaq. İslahatlar olmasa, bizi həm iqtisadi, həm də siyasi sahədə çox ciddi problemlər gözləyəcək”.

Əfqan





Həftənin ən çox oxunanları