Yuxarı

“Yoxlamalar rüşvət almaq üçündür”

“Yoxlamalar rüşvət almaq üçündür”

[caption id="attachment_1200" align="alignleft" width="303"]nazim memmedov Nazim Məmmədov: “Bu yoxlamaların sahibkara heç bir köməyi yoxdur”[/caption]

Ölkə başçısının sahibkarların yoxlanılmasının dayandırılması ilə bağlı qərarı medianın gündəmini zəbt edib. Bu barədə fikirlər haçalanır. Ekspertlər nə düşünürlər, qərar bi sahədə olan problemlərin aradam qaldırılmasına yardımçı olacaqmı?

İqtisadçı ekspert Nazim Məmmədov prezident İlham Əliyevin sahibkarların yoxlanılmasını qadağan edən qərarını şərh edərkən bildirib ki, əslində, cənab prezident illər boyu bizim sadaladığımız problemlərin nə qədər aktual olduğunu bir daha isbatladı: “Prezident doqquz ayın yekununa həsr olunmuş toplantıda  həm istehsalda, həm idxalda israfçılığın olmasının və rəqabət mühitinin pisləşdirilməsi haqqında, həm də məmur özbaşınalığı eyni zamanda sahibkarların kifayət qədər yoxlamalara məruz qalmaları haqqında çox ciddi xəbərdarlıq etdi. Biz hər ay, hər il eyni mövzuda danışırıq ki, Azərbaycanda bir az imkanı olan, əlində dövlət səlahiyyəti olan şəxslər həm korrupsiya ilə məşğul olurlar, həm də Azərbaycan iqtisadiyyatını məhdudlaşdırırlar. İnhisarçılıqla məhdudlaşdırırlar. Ona görə də, Azərbaycan idxaldan asılı olan ölkə olaraq, vergi yığımları azalır, vergi bazası genişlənmir. Çox şükürlər olsun ki, Azərbaycanda artıq hakimiyyət, yəni prezident kifayət qədər məlumatlandırılıb və iqtisadiyyatında olan neqativ halları aradan qaldırmaqda əzmlidir. Bunun üçün müxtəlif islahatlar aparılmalıdır. Həm struktur, həm funksional islahatlar aparılmalıdır, çünki Nazirlər Kabinetinin tərkibində olan müxtəlif nazirliklər, komitələr əslində bir-birilərini təkrar edirlər. Əslində vergiyə qədər olan yoxlamalar rüşvət almaqdan ötrü keçirilir. Bu yoxlamaların sahibkara heç bir köməyi yoxdur. Ona görə də, mən çox müsbət dəyərləndirirəm ki, iki il ərzində bu yoxlamalar dayandırılır. Mən həmişə demişəm ki, cənam prezident sahibkara mənəvi, siyasi və maddi dəstək göstərir və bu gün də bunu sübut edir”.

O bildirib ki, istənilən yoxlamalar, hətta sahibkar düzgün işləsə belə, ona psixoloji təsirdir: “Çünki 16-dan yuxarı dövlət orqanı sahibkarla təmasda olur, yoxlamalar aparır və bu yoxlamaların mütləq əksəriyyəti rüşvət almaq üçündür, sahibkara fiziki, mənəvi və maddi təsir etmək üçündür...”

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli isə bildirib ki, dünya iqtisadiyyatının yarısı kiçik və orta biznesdən formalaşıb. Onun fikrincə, normal inkişaf edən ölkələrin də iqtisadiyyatını təhlil etsək görərik ki, bəzən Ümumi Daxili Məhsulun yarıdan çoxu kiçik və orta biznesin hesabına həyata keçirilir: “Azərbaycanda yol pulundan başqa heç nəyi olmayan insan gedib Rusiyada, Ukraynada, Qazaxıstanda, Avropa ölkələrində, Türkiyədə kifayət qədər uğur qazanır, milyonların sahibi olur. Deməli, bizim mentalitetimizdə sahibkarlıqla məşğul olmaq qabiliyyəti güclüdür. Çıxışlarımın birində qeyd etmişdim ki, maneələr aradan qalxsa, qısa müddətdə sahibkar özünün təşəbbüsü ilə kifayət qədər vəsait də tapacaq, iş də görə biləcək və təsərrüfat fəaliyyətinin nəticəsi kimi dövlətə bilavasitə vergi verməklə öz töhfəsini artıracaq. Digər tərəfdən, Azərbaycanda elə bir nəsil yoxdur ki, 1-2 istedadlı adam olmasın. Həmin istedadlı adama şərait yaradılsa, artıq onlar ailəsinin də, geniş mənada nəslinin də saxlanılmasına, hansısa tələblərin ödənilməsində rol oynayacaq. Beləliklə, dövlətin üzərinə düşən həqiqətən də ağır yükün bir hissəsini də onlar götürəcək. Belə adamlara aşağı faizlərlə kreditlər verilməlidir, əgər prioritet sahə ilə məşğuldursa, onlara vergi güzəştləri tətbiq edilməlidir və onların qarşısındakı bütün maneələr aradan qalxmalıdır. Prezidentin də son imzaladığı sənədlərdə bilavasitə bu məsələlər - fikirdə, əməldə sahibkarlara dəstək nümayiş olunur ki, bunu dəstəkləyirəm”.

Cavad