Yuxarı

"Azərbaycan iqtisadiyyatının məmur hegemonluğu problemi var”

rahib Haciyev

“Azərbaycanda heç bir sahədə rəqabət mühiti yoxdur. Rəqabətin olmadığı yerdə isə inkişafdan danışmaq yersizdir. Hər kəs yaxşı bilir ki, idxal olunan məhsulların ölkəyə keçirilməsi kimlərinsə razılığı olmadan mümkün deyil”.

Bunu Cebhe.info-ya AXCP üzvü Rahib Hacıyev bildirib. Partiya təmsilçisinin sözlərinə görə, ölkə iqtisadiyyatında rəqabət mühitinin yaranması hökumətdə təmsil olunan olliqarxlar üçün qəbuledilməz olduğundan bunun yaranmasına mane olur və beləliklə, bazarda qiymət diktə edən əsas gücə çevrilirlər: “Azərbaycan iqtisadiyyatında məmur hegemonluğu, biznesin olliqarxların monopoliyasında saxlanılması kimi böyük bir problem var. Bunun aradan qaldırılması üçün yüksək siyasi iradə və qanunverici baza lazımdır. Düzdür, Sahibkarlığa Kömək Milli Fondu yaradılıb, müəyyən işlər görülür, bölgələrdə sahibkarlara kreditlər verilir. Amma Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafında hələ də çox ciddi maneələr mövcuddur. Prezidentin monopoliya problemi ilə bağlı belə açıq mətnlə çıxış etməsi bu zərərli amillə mübarizə sahəsində ən yüksək siyasi iradənin mövcudluğundan xəbər verir. Ümumiyyətlə, son dövrlər ölkədə neqativ halların etiraf edilməsi, xüsusilə də azad sahibkarlığın çökdürülməsinin dilə gətirilməsi təsadüfi deyil. Bu hallar uzun illərdir davam edir və hamının bundan xəbəri var. Sadəcə olaraq, indi hakimiyyət böhran qoxusunu hiss edir və bu vəziyyətdən çıxmağın çətin olacağını bilir. Düşünürəm ki, prezidentin gömrük sahəsinə nəzarətin həyata keçirilməsi ilə bağlı  fərmanı biznes sferasına əhəmiyyətli təsir göstərməyəcək”. Vəziyyətdən çıxış yolunu rəqabətli investisiya mühütünin hökumət tərəfindən dəstəklənməsində görən AXCP təmsilçisinin sözlərinə görə, mövcud duruma yeganə alternativ iqtisadi azadlıq və sağlam rəqabətin yaradılmasıdır.