Yuxarı

Əli Məsimli spirtli içkilərin kartla satışından danışdı

Əli Məsimli spirtli içkilərin kartla satışından danışdı

eli mensimliAzərbaycanda alkoqollu içkilərin və siqaretlərin nağd pulla satışı qadağan ediləcək və bu məhsullar kartla satılacaq. Siqaret və alkoqollu içkilərin nağd satışına görə cərimə, hətta cinayət məsuliyyəti nəzərdə tutulur. Alkoqollu içkilərin və siqaretlərin satışında tətbiq olunacaq yenilik başqa bir dəyişikliyə də səbəb olacaq. Belə ki,  alış üçün plastik kart tələb olunduğuna görə, bu məhsulların satış nöqtələrinin hamısında pos-terminallar quraşdırılmalıdır. Əks halda bu obyektlərdə alkoqollu içki və tütün məmulatlarının satışı ümumiyyətlə, mümkün olmayacaq.

İqtisadçı alim Əli Məsimli Cebhe.info-ya deyib ki, İnzibati Xətalar və Cinayət Məcəllələrinə ediləcək dəyişikliklər azyaşlı uşaqların alkoqollu içkilər almasının qarşısını alacaqsa, bu addım müsbət qiymətləndirilməlidir: “Əgər bu addım həmin orqanlar tərəfindən büdcəyə əlavə vəsait gətirəcəksə, azyaşlıların spirtli içkilərdən uzaqlaşmasına xidmət edəcəksə, müsbət dəyərləndirilməlidir. Yox, əgər bu dəyişikliklərin icra mexanizmi düzgün istiqamətdə tənzimlənməyəcəksə, cavabdeh qurumlar növbəti lazımi addımlar atmalıdır”. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə təklif edilən dəyişikliklərə görə, aksiz markası ilə markalanmalı olan məhsulların nağd qaydada alqı-satqısına görə cərimə tətbiq olunacaq. Həmin maddəyə 229.2 hissəsi əlavə ediləcək. Həmin hissəyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə 100 manat cərimə nəzərdə tutulub. Paralel olaraq Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə görə, nağd yolla alınıb-satılan aksiz markalı mallar xeyli miqdardadırsa, yəni, onların məbləği 50-500 manat arasındadırsa, min manatdan iki min manatadək cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları