Yuxarı

Sosial partlayış ötüb keçən meteor kimidir

Sosial partlayış ötüb keçən meteor kimidir

obyekt baglanirPaytaxtda sahibkarlıq obyektləri durmadan bağlanır

“Yeni ildən sonra fəaliyyətimizi dayandıracağıq. Çünki müştəri yoxdur, ötən il bayramqabağı müştərilərin sifarişlərini çatdırmaq üçün 2 əlavə işçi gətirmişdik. 1 ay burda işlədilər. Amma indi nəinki əlavə işçi tutmağa, heç öz işçilərimizin maaşını verməyə pulumuz yoxdur. Ayın sonuna qədər dözək. Camaata bayramqabağı maaş verək, sonra bağlayacağam”. Bunu “Cumhuriyət”ə 6 işçisi olan paltar sexinin müdiri Elxan Əliheydərov deyib.

“Bağlayırıq”

Onun sözlərinə görə, 2015-ci il əvvəlki illərlə müqayisədə dözülməyəcək qədər ağır keçib. Əsas ağırlıq isə maliyyə məsələsində yaranıb: “Bu obyekti 2011-ci ildən işlədirəm. O zaman bura ayda 600 manat kirayə ödəməklə bağlı razılaşmışdıq. Hər iki tərəf razı idi. 1 il sonra kirayəni 700 manata qaldırdı. Yenə də razılaşdım, çünki sifarişlərimiz çox olurdu, burda bizi tanıyırdılar. Daimi müştərilərimiz vardı. Üstəlik də, bizdə qiymət çox münasibdir, əməkdşalarımız peşəkardır, eləsi var ki, sovet zamanı tikiş artelində işləyib. Amma bu il martdan işlər zəifləməyə başladı. Kirayə haqqını yenidən 600 manata düşürdük. Amma indi heç bu da sərf etmir”.

Həmsöhbətimiz deyir ki, 6 işçisini işsiz qoymaq onun da ürəyincə deyil, amma başqa çıxış yolu yoxdur: “Əksəriyyət elə düşünür ki, hazır paltar almaq çox sərfəlidir. Amma bizim elə müştərilərimiz vardı ki, il ərzində 20 dəfə bura gəlib paltar tikdirirlər. Xüsusən də məclis, ziyafət geyimləri. Başqa yerlə müqayisədə qiymətlərimiz çox münasibdir. 20 manata gündəlik iş donunu, 30-35 manata ziyafət geyimini 2 günə təhvil verirdik. Amma indi deyəsən, bunu da edə bilməyəcəyik. Çünki 2 aydır ki, qapıdan barmaqla sayılacaq qədər müştəri girir. Hamı da şikayətlənir ki, pul qazanmaq olmur. Tək mən deyiləm, bu sektorda olan dost-tanış hamısı bu vəziyyətdədir. Parça satışı ilə məşğul olan mağazalarda adam yoxdur. Onların da topdansatış müştərilərinin işi dayanıb”.

8 ailə yeni ilə çarəsiz qədəm basır

İşçilərə gəlincə, bir neçə illik iş yerlərindən ayırlmaq onlar üçün də çətindir. Üstəlik, işsiz qalmaq ehtimallı da yüksəkdir. Buna görə də, hətta sullara cavab verməyə də həvəsləri yoxdur. Üz-gözlərindən narahatlıq yağır. Dediklərinə görə, evdə dərziliklə məşğul olacaqlar. Amma bu gəlir stabil olmayacaq: “Burda aybay maaş alırdılar. Bundan sonra evdə ancaq tanış adamlar gələcək. Onların da nə qədər olacağını demək olmur. Onsuz da işsizlikdi, kişilər iş tapa bilmir, biz də bir tərəfdən, nə edəcəyimizi bilmirik”. İş yerinin bağlanmasından narahat olan digər tərəf isə obyektin sahibidir. O da aylıq 600 manat gəlirdən məhrum qalacaq. Obyekt sahibini tapmasaq da, yaşlı adam oldugu və təqaüdü ilə bərabər ancaq burdan əldə etdiyi gəlirlə dolandığı bildirilir. Deməli, eyni anda 8 ailədə yeni il bayram əhval-ruhiyyəsində qarşılanmayacaq.

Neft hamımızı böyrü üstə qoydu

Bu vəziyyət Bakıda son aylar çox tez-tez rastlanan mənzərədir. Kirayə ev və obyektlər boşaldılır, elanlar vurulur, mağazların bağlandığı barədə xəbərlər yayılır. Ev, obyekt alqı-satqısı ilə məşğul olan mərkəzlər də işin kasadlığından şikayətlənir. Real müştəri buralarda artıq ən əziz nemət kimi qarşılanır.  Yeni iş yeri, obyekt açmaq istəyənlərə demək olar ki rast gəlinmir, əvəzində, icarə götürdüyü obyekti təhvil vermək istəyənlər kifayət qədərdir. Mənzil. obyekt, daşınmaz dəllalı Novruz İbadov deyir ki, son 2 ayda cəmi 5 mənzil kirayə verib, onda da müştərilər yeni yox, köhnə müştərilər olub: “Onlardan ancaq biri yeni müştəri idi. 3-ü evi dəyişdirirdi, yəni daha ucuz ev axtarırdı. 1-i isə eyni qiymətə, amma başqa rayonda ev tutmaq istəyirdi. Yəni 4 müştəriyə evi əvvəl də mən vermişdim. İndi də onlara yeni ev verdik. Əvvəl ev sahibləri ilə qiymətdə razılaşmaq olmurdu, bahadan yapışıb dururdular. İndi razılaşmağa məcbur qalıblar. Çünki bilirlər ki, evdəki kirayəşin çıxsa, yeni kirayəşin tapa bilməyəcəklər. Əvvəl tikintilər vardı, iş yerləri çox idi, indi hanı o tikintilər? Fəhlələr əvvəl ailələrini də gətirib kirayə tuturdular, indi bir neçə fəhlə bir ev tutub qalmağa üstünlük verir. Ailələrini də rayona qaytarırlar. Çünki burda ailəni saxlayacaq qədər imkanları yoxdur. Rayonda da iş yerləri yoxdur ki, özləri də orda qazanıb ailəsini saxlasın. Neft hamımızı böyrü üstə qoydu”.

Yaxın gələcək üçün yaxşı olmayan vəd...

İqtisadçı ekspert Əkrəm Həsənov prosesin ölkə iqtisadiyyatındakı vəziyyətdən qaynaqlandığını deyir və bildirir ki, əhalinin gəlirlərinin azalması prosesinin davamlı olacağı gözənilir. Ekspert bildirir ki, vəziyyətin qısa zaman ərzində yaxşılığıa doğru dəyişməsinə ümid bəsləmək olmaz:  “Çünki ölkənin valyuta gəlirləri azalan xətlə davam edəcək. Səbəb aydındır: neft hasilatının həcminin düşməsi və neftin qiymətinin azalması. Qeyri-neft sektoru inkişaf etməyincə vəziyyət bu qaydada davam edəcək. Bu isə bir-iki ilin işi deyil. Vəziyyətin stabilləşməsi üçün uzun müddət tələb ediləcək”. Başqa sözlə desək, ekspert yaxın zaman üçün optimist danışmağa heç bir əsas görmür. Elə vəziyyətin müşahidəsi də optimistlik üçün heç bir əsas yeri qoymur. Əksəriyyət bir məsələdə yekdildir-2016-cı ilin Azərbaycan üçün sınaq ili olacaq.

Məmurlar sabotaj edir

Vəziyyətin yaxşılaşdırılması üçün görülməli olan tədbirlərə gəlincə, Əkrəm Həsənov ilk növbədə, sahibkarlığın inkişafına şərait yaradılmasını vacib hesab edir: “Çıxış yolu ancaq bundan keçir. Ölkə prezidenti də bununla bağlı göstərişlər verib. Amma məmurların bir qismi sabotaj edir. Sahibkarlığın inkişafı üçün şərait yaradılmasa, ölkədə vəziyyət pisləşəcək. Ümid edirəm ki, vəziyyət partlayış həddinə çatmaz”.

Sevil Ağazadə





Həftənin ən çox oxunanları