Yuxarı

Banklar 4 milyard zərərə düşəcək

Banklar 4 milyard zərərə düşəcək

bankAzərbaycan Naxçıvan modelini tətbiq etsə...

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçməklə bağlı qərar qəbul edərək, manatı ABŞ dollarına qarşı kəskin ucuzlaşdırması (təxminən, 50 faiz) təbii ki, hər bir vətəndaşımıza zərbə vurub. İl ərzində alınan 2 kəskin devalvasiya qərarı milyonlarla insanımızın real gəlirlərinin xeyli dərəcədə azalmasına (ən azı 60-70 faiz), həyat səviyyəsinin pisləşməsi səbəb olub.

Banklardan dollarla kredit götürən vətəndaşlar bu vəziyyətdən daha çox ziyan çəkməli olacaqlar. Qeyd edək ki, bu günlərdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən «Naxçıvanbank» müştərilərindən kredit ödənişlərini dolların əvvəlki kursu ilə alacağı barədə açıqlama verdi. “Naxçıvanbank”ın nümunəsindən yararlanaraq Azərbaycanın digər banklarında da həmin sistemin tətbiq ediləcəyi bildirilir. Ekspertlər isə hesab edirlər ki, həmin təcrübənin digər banklarda reallaşması bankların gəlirlərinə müəyyən ziyan gətirə bilər.

İqtisadi ekspert Rəşad Həsənov “Cumhuriyət” qəzetinə deyib ki, “Naxçıvanbank”a tətbiq edilən metod oradakı kreditləşmənin faiz dərəcəsinin nisbətən az olmasından asan başa gəlir: “Azərbaycanda təxminən, 7 milyard dollarla olan kredit var. 7 milyard dollar olan kreditə “Naxçıvanbank”dakı qaydanı tətbiq edirik və bankları 4 milyarda yaxın zərərə salırıq.

Bu banklar son 10 ildə 4 milyard gəlir əldə etməyiblər. Beləliklə də, biz bank sektorunu tamamilə çökdürürük. Burada məsələ ondan ibarətdir ki, bu, banklar hesabına baş verməməlidir. Banklar da proseslərdə iştirak edərək öz güzəştlərindən istifadə etməli, şərtləri ortaya qoymalı və müəyyən dərəcədə faiz gəlirlərini ixtisara salmalıdır. Amma paralel olaraq da bu məsələdə əsas aktyor dövlət olmalıdır. Hökumət əhalinin itkilərini konpensasiya etməlidir.

Digər ölkələrdə olduğu kimi, bu yaxınlarda analoji təcrübə Qazaxıstanda da tətbiq olundu. Ukrayna buna bənzər addımı 2014-cü ildə atmışdı. 2014-cü ilin yanvarına qədər xarici valyuta ilə əldə edilmiş kreditlərin həmin dövrə olan məzənnə ilə geri qaytarılması dövlət tərəfindən hansısa konpensasiyanın ödənilməsi ilə təmin olundu”. Ekspert hesab edir ki, burada bu günə qədər banklar çox bahalıq siyasətini həyata keçirib. Analoji təcrübənin Azərbaycan üzrə banklarda tətbiqi mütləq iştirakçılıq hökumət tərəfindən olunmalıdır və bu istiqamətdə vətəndaşın itkisi konpensasiya edilməlidir.

Həmçinin banklara vəsaitlər verilməlidir ki, bunun qarşılığında da vətəndaşlara banklar hansısa formada güzəştlər etsin. Amma bunun işi çox ağırdır və hökumətin bu barədə qərar verməsi düşündürücü məqamdır.

Hazırda hökumətin maliyyə vəziyyətini göz önünə gətirdikdə ciddi xərclər yaradan sosial addımlar atmasını düşünmürəm.

Banklar da, vətəndaşlar da, hökumət də bu riskləri paylaşmaqla yaranmış çətin vəziyyəti hec olmasa, idarə olunana qədər həyata keçirə bilər”.

 Alçina Amilqızı





Həftənin ən çox oxunanları