Yuxarı

“İstiqrazlar effekt verməyəcək”

“İstiqrazlar effekt verməyəcək”

[caption id="attachment_3381" align="alignleft" width="361"]Fuad İbrahimov Fuad İbrahimov: “İnhisarçı komanda ilə islahat keçirmək mümkün olmayacaq”[/caption]

Azərbaycan hökuməti ölkədə maliyyə-iqtisadi problemlərini aradan qaldırmaq üçün bir sıra tədbirlərin icrasına başlayıb. Bank sektoruna və manata etibarın bərpa edilməsi məqsədilə beynəlxalq maliiyə qurumları vasitəsilə xarici borclanmaya gedilməsi, sığortalanmış əmanətlərə görə kompensasiyaların ödənilməsi, manat və dollar ifadəsində istiqrazların buraxılması əsas prioritet vasitələr kimi seçilib. Bu işlərin nə qədər səmərəli olacağını proqnozlaşdırmaq üçün Cebhe.info-nun suallarını iqtisadçı alim, YAP-ın və Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü Fuad İbrahimov cavablandırıb.

- Fuad bəy, Azərbaycanda əhali və biznes üçün yeni investisiya alətləri - dövlət istaqrazları buraxmağa başlayıb. Maliyyə Nazirliyi 250 milyonu ortamüddətli, 150 milyon manatı isə qısamüddətli olmaqla 400 milyon manatlıq 1500 000 ədə istiqraz buraxıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi artıq ümumi məbləği 500 milyon dollar olan 300.000 ədəd  qısamüddətli istiqrazlarını dövlət qeydiyyatına alıb. Sizcə, istiqrazların buraxılması maliyyə-bank sektorunda yaranmış problemləri aradan qaldıra biləcəkmi?

- İstiqrazların buraxılması təbii haldır. Sağlam inkişaf etmiş ölkələrdə normal hal kimi qəbul olunub. Bu istiqrazların buraxılması hazırkı vəziyyətə uyğun deyil. İstiqrazların buraxılması hansısa effekti əldə etmək məqsədi daşıyır. Ancaq indiki vəziyyətdə bu, mümkün olmayacaq. Bilirsiniz niyə? Ona görə ki, manatın özünün etibarlılığı  itib. Bu baxımdan itiqrazların buraxılması o effekti əldə etməyə şərait yaratmayacaq. Bankların vəziyyəti göz önündədir. Banklarla vətəndaşlar arasında çox ciddi mübahisə düşüb. O mübahisə bu gün həll olunmur. İlk növbədə, bu problem həll olunmalıdır və buna uyğun tədbirlər planı hazırlanmalıdır. Hələ indiyə qədər heç bir dövlət orqanı - Mərkəzi Bank, Maliyyə Nazirliyi, yaxud  Milli Məclis açıqlama vermir ki, bu problem necə həll olunmalıdır. Hansısa vətəndaş bilməlidir ki, dollarla götürdüyü kreditlərin geri qaytarılma mexanizmini əldə etməlidir. Bu axı fors-major halıdır. Vətəndaş dollarla krediti götürür, bir müddətdən sonra manatın devalvasiyası həyata keçirilir, Azərbaycan vətəndaşı da pulu manatla qazandığı üçün  10 ay ərzində dollar əldə etmək üçün geriyə düşür. Tənzimlənmə mexanizmi olmadığı halda  istiqrazlara etibar yarana bilərmi? Tutaq ki, sizin evdə 1000 dollar pulunuz var. Həmin pulu indi buraxılan istiqrazla əvəz edərsinizmi? Mən etmərəm. Düşünürəm ki, bunu heç kim etməz. Yəni bu ardıcıllığı düzgün aparmaq lazımdır. Əgər dövlət tərəfindən bu prosesin ardıcıllığı ilə bağlı açıqlama verilsə, o zaman insanlarda bir əminlik yarana bilər ki, birinci mərhələ həll olundu, indi keçək ikinci mərhələyə. Yəni, manatın güclənməsində istiqrazların buraxılması bir alət kimi istifadə oluna bilər.

- İnsanların istiqrazları almaq üçün gərək ona inamı olsun. Amma bu gün ilk növbədə, banklara inam itib. Sanki vətəndaşlar pullarının qaytarılmayacağından çəkinib istiqraz almaqdan ehtiyatlanır. İstiqrazlara etibarı necə bərpa etmək olar?

- İstiqrazlarlar vətəndaşları özünə cəlb etməkdə stimullaşdırıcı bir alət olduğuna görə bonus kimi verilən faizlərdən ibarətdir. Biz də üzən məzənnəyə keçdiyimiz üçün bu faizlər aşağı da düşə, arta da bilər. Amma indiki vəziyyət elədir ki, daha çox dəyərsizləşə bilər. Ona görə də insanlar  hesablayır və görür ki, istiqrazın üzərində 8-9 faiz bonus əldə edəcək, amma qısa müddət ərzində manatın dəyərsizləşməsi ilə həmin bonuslar itə bilər.

- Banklar istiqrazların emissiyası vətəndaşlara qoyulan vəsaitlərin təminatlı olacağına nə dərəcədə zəmanət verir?

- Bilirsiniz, zəmanət vermək bazar münasibətlərində bir alətdir. Kimsə iş görəndə demir ki, biz sizin malınızı batıracağıq. Bu nöqteyi-nəzərdən təminatın verilməsi önəmli məsələ deyil. Hazırda nəticə lazımdır. Nə isə görəcəyik, edəcəyik deməkdənsə, konkret nəticə göstərmək lazımdır.

- Maliyyə Nazirliyi bu təminatı istiqrazların faizlərinin yüksək olması ilə əsaslandırır. Nazir Samir Şərifov da bildirib ki, faizlərin yüksək olması vətəndaşlarda istiqrazlara marağı artıra bilər ki, bu da maliyyə-bank sektorunda sabitliyin bərpa olunmasına kömək edə bilər. Bu üsul yetərli deyil?

- Dünya təcrübəsində belə bir məqam var. Faiz yüksəlməsi daha çox risqli mühitə dəlalət edir. Bu metod  daha çox  kapital və investor cəlb etmək üçün istifadə olunur. Yəni müştərini şirnikləndirir. Hesab edirəm ki, indiki halda bu riskli bir addımdır. Bu gün maliyyə-bank sistemində başlıca problem qiymət əmələgəlməsi ilə bağlıdır. Belə ki, kredit sisteminin dayanması orta sahibkalıq sinfinə ciddi zərbə vurub. Digər tərəfdən,  problem əhaliyə kütləvi surətdə verilən kreditlərin geri qaytarılma mexanizmi ilə bağlıdır. Bankların fors-major bəndində qeyd edilir ki, tərəflərin münasibətlərini bilavasitə qanunvericilikdə dəyişdirən dəyişikliklər dövlət və yerli özünüidarəetmə orqanlarının o müqavilənin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətlərə və ya qəbul etdiyi aktlara aiddir.  Devalvasiyaya Mərkəzi Bankın üzən məzənnəyə keçmək barədə qərarından sonra reallaşıb. Yəni söhbət Mərkəzi Bankın - dövlət orqanının hərəkətindən gedir. Bir çox banklar da həmin o fors-major bəndinin təsiri altında qalıb və atacağı addımı bilmir. Fikrimcə, vətəndaşlar bu məsələyə hüquq müstəvisində yanaşsalar, fors-major halında qalmış kimi çıxış edə bilərlər.

- Maliyə Nazirliyi onu da bildirir ki, istiqrazların buraxılması banklardan çıxarılmış əmanətlərin də geri qaytarılmasına şərait yaradacaq.

- Bu, mümkün deyil. O alət deyil ki, bərpa edəsən. Həmin əmanətlərin qısa müddətdə geri qaytarılması üçün vaxt lazım olacaq. İtirilmiş etibarı qısa müddətdə bərpa etmək çətin olacaq. İstiqrazlar biz düşündüyümüz effekti verməyəcək.

- Azərbacanda qiymətli kağızlar bazarı ən zəif inkişaf etmiş sahələrdən biri hesab olunur. İndi bu sahə maliyyə-bank sektorunu dirçəltməyə qadirdirmi?

- Qiymətli kağızlar bazarı çox zəifdir. Amma bu bazara daxil olmaq da heç zaman gec deyil. Ancaq bunu bərpa etmək və iştirak etmək üçün qiymətli kağızlar infrastrukturunun formalaşması zaman tələb edir. Birdən-birə buna nail olmaq qeyri-mümkündür.

- Fuad bəy, ölkədə manatla yanaşı, banklara da etibarın  itirilməsi müşahidə olunur. Bu baxımdan, hökumət hesab edir ki, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin maraqlarını 100 faiz qorumaqla və dövlət ödənilməli olan kompensasiyaları öz üzərinə götürməklə banklara olan etimadı bərpa etmək olar.

- Əslində, banklara etibar itməyib. Sadəcə olaraq, əhali öz işlərini daha ehtiyatlı tutur. Yəni vətəndaş özü-özünü sığortalayır. Proseslər də bu istiqamətdə gedir. Hamı gözləyir ki, görək banklarla vətəndaşlar arasındakı problem necə həll olunur. Məsələ birmənalı şəkildə vətəndaşların da xeyrinə həll oluna bilməz. Bankların kütləvi vəsait itirməsinə yol vermək olmaz. Ortaq məxrəc tapılmalıdır.

- Bankların konsolidasiyası ortaq məxrəcin tapılmasına nə qədər yardımçı ola bilər?

- Hesab edirəm ki, müsbət təsir edəcək. Amma bu proseslər hamısı mövcud problemlərin həllinə yönəlik mexanizmlər əsasında aparılmalıdır. Hazırda bu təkliflər yoxdur.

-  Maliyyə naziri Samir Şərifov müsahibəsində deyib ki, əhali manatı dollara çevirir. İnsanlar anlayanda ki, dollardan mağazalarda istifadə etmək mümkün olmayacaq, valyutanı manata çevirəcək və alış-verişini manatla edəcək. Bununla da manata olan hörmət bərpa oluna bilər. Necə düşünürsünüz, bu mexanizm səmərəli olacaqmı və manata tələbin artması məzənnənin artmasına kömək edə bilərmi?

- Əhali dollarlaşmaya ona görə getmir ki, dükan-bazarda alver etsin. Bunlar fərqli məsələlərdir. Əhalinin dollara tələbatının artması bu valyutanı daha güvənli hesab etməsi ilə bağlıdır. Əhali istehlakçı kimi dollardan istifadə etməyi düşünmür də. Vətəndaşlar bilir ki, qanunvericilik ticarət obyektlərində manata alış-veriş edilməsini tələb edir. Lazım olanda gedib valyutadəyişmə məntəqələrində dolları manata çevirə bilər.

- Nazir Samir Şərifov təklif edib  ki, Azərbaycanın yeni iqtisadi inkişaf modeli yaradılmalıdır. Neftdən asılı olmayan bu modeli sizcə necə qurmaq olar?

- Azərbaycanın bütün iqtisadi göstəriciləri var ki, buna nail olsun. Mənim ümidim cənab prezident İlham Əliyevədir. Onun baxışlarında, fəaliyyətində, verdiyi qərarlarda bu istəyi görmək olur. Ancaq bunun nə dərəcədə həyata keçəcəyini gərək zaman və məkan çərçivəsində izləyək.

- Prezident 2015-ci ilin Sosial-İqtisadi Yukunlarına həsr olunmuş konfransda növbəti dəfə məmurlara xəbərdarlıq etdi. Bu da mövcud inhisarçı-məmur komandası ilə islahatlara getməyin mümkünsüzlüyü barədə qənaəti artırır. Ona görə də ekspertlər bu komandanın dəyişilməsinə dair təkliflər  verir.

- Aydın məsələdir ki, inhisarçı komanda ilə islahat həyata keçirmək mümkün olmayacaq. Çünki onlar özlərinin səhnəarxası gəlirlərini qoruyub saxlamaq üçün mühafizə etməyə çalışacaqlar. Ancaq qətiyyətli addımlar atılsa, mexanizmlər işləsə, buna nail olmaq olar.

- Prezident bölgələrdə yeni iş yerlərinin açılmasını, sərmayələrin cəlb olunmasını icra hakimiyyəti orqanlarına tapşırdı. Həmin hakimiyyət orqanları işin öhdəsindən gələ biləcəkmi?

- İnanmıram ki, öhdəsindən gələ bilsinlər. Gələ bilsələr bunu vaxtında edərdilər. Neftin qiyməti 130-100 dollar olanda bunu etmək daha rahat idi. Yəni vəsatlər, stimullaşdırıcı alətlər var idi. İndi neftin 30 dollara düşdüyü bir vaxtda bunu necə etmək olar?

- Ekspertlər narahatlıqla qeyd edir ki,  icra hakimiyyəti orqanları bu tapşırıqdan sonra “perepiskaya” yol versin və iş yerlərinin açılması, sərmayələrin cəlb olunmasına dair reallıqdan uzaq rəqəmlər təqdim etsinlər.

- Ola bilər. Bilirsiniz ki, cənab prezident islahatlar üzrə köməkçi təyin edib və islahatlarla bağlı tədbirlər planı hazırlanır. Düşünürəm ki, bu şişirtmənin qarşısının alınması həmin tədbirlər planında yer alacaq. Çünki başqa yol yoxdur.

- Hökumət çıxış yollarından biri kimi beynəlxalq maliyyə qurumlarımdan yardım almaqda, yəni xarici borclanmada görür. Bu borclanma maliyyə-bank sektorunda sabitliyi bərpa edə biləcəkmi?

- Biz ilk növbədə, yaranmış problemlərin bizdə olduğunu qeyd etməliyik. Ondan sonra beynəlxalq donorlara müraciət edə bilərik. İqtisadiyyatın elə bir nöqtəsi var ki, biz o nöqtəyə çatmışıq. İnkişaf etmək üçün əlverişli şərait də yarana bilər. Makroiqtisadi tarazlığı kompleks şəkildə qurub, iqtisaiyyatı inkişaf etdirə bilərik, nəinki hansısa bir sektoru.

Müşfiq Abdulla