Yuxarı

Kredit danışıqlarının pərdəarxası

Kredit danışıqlarının pərdəarxası

[caption id="attachment_3276" align="alignleft" width="299"]resad hesenov Rəşad Həsənov: “Hökumət BVF-nin şəffaflıq şərtini qəbul etməyib”[/caption] [caption id="attachment_3457" align="alignleft" width="198"]azer qasimli Azər Qasımlı: “ABŞ sanksiya tətbiq etsə, Azərbaycana 1 qəpik də verilməyəcək” [/caption]

Azərbaycan hökumətinin beynəlxalq maliyyə institutlarından kredit alacağı barədə xəbərləri təkzib etməsdinə baxmayaraq, bu məsələ hələ gündəmdə qalır. Ekspertlər hesab edir ki, Azərbaycan mövcud böhranlı vəziyyətdən çıxması üçün  xarici borclanmaya getmək məcburiyyətindədir. Lakin Beynəlxalq Valyuta Fondu ilə müzakirələrdə tərəflərin anlaşa bilməməsi kreditlərin ödənilməsinə mane olub. Daha dəqiq deyilsə, Azərbaycan tərəfi BVF-nin irəli sürdüyü şərtləri qəbul etməyib.

Xatırladak ki, maliyyə naziri Samir Şərifov Beynəlxalq valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycana 4 milyard dollar həcmində kreditin cəlb edilməsi barədə “Financial Times” qəzetinin məlumatının əsası olmadığını və bu  barədə danışıqlar getmədiyini bildirmişdi. "Vəziyyətimiz elə acınacaqlı deyil ki, qısa müddət ərzində kimdənsə kredit istəyək. Əksinə, biz özümüz digər ölkələrə kreditlər veririk"-nazir belə demişdi.

Ancaq maraqlıdır ki, Samir Şərifovun bu fikirləri mətbuat konfransında söyləməsindən əvvəl BVF nümayəndələri ilə görüşü keçirilmişdi. Mediada BVF-nin Azərbaycanın güclü maliyyə resursları olduğuna görə, kredit verməkdən imtina etməsi xəbər yayılsa da bəzi sualların cavabı açıq qalır. Birincisi, əgər kreditin alınması barədə müzakirələr aparılmayıbsa, o halda BVF rəsmilərinin Bakıya gəlişinin məqsədi nə olub? Maliyyə Nazirliyi bu səfərin illik müzakirələr çərçivəsində həyata keçirildiyini iddia edir. Ancaq onu da unutmaq olmaz ki, rəsmi Bakının beynəlxalq maliyyə qurumlarına müraciət edəcəyi xəbəri hələ “Financial Times” nəşri yazmazdan iki həftə öncə yayılmışdı. O zaman rəsmi qurumlar bu məlumatın dezinformasi olduğunu dilə gətirmədilər. İkincisi, nüfuzlu "Reuters" agentliyi də öz mənbələrinə istinadən Azərbaycan hökumətinin BVF-dən 3 mlrd. dollar, Dünya Bankından 1 mlrd. dollar cəlb etmək niyyətində olduğuna dair xəbər yaymışdı.

İctimai-siyasi çevrələrdə yayılan digər informasiyalara görə, danışıqların pozulmasına Azərbaycan hökumətinin BVF –nin irəli sürdüyü şərtləri qəbul etməməsi olub. Bu şərtlər isə veriləcək kreditlərin müqabilində siyasi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır.

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, bu məsələdə hakimiyyət rəsmilərinin mövqelərinin üst-üstə düşməməsi diqqət çəkir: “Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədr müavini, Vahid Əhmədov bu yaxınlarda belə bir açıqlama vermişdi ki, Azərbaycan Beynəlxalq Valyuta Fondundan 4 milyard dollar kredit götürür və vəziyyətin yumşalması üçün istifadə etməlidir. Amma bir neçə saat sonra Maliyyə Nazirliyi tam əks fikir söylədi. Mərkəzi Bankın da mövqeyi maliyyə nazirliyi ilə üst-üstə düşmür. Ona görə hesab edirəm ki, hökumətin mövqeyini ciddiyə almaq lazım deyil. Çünki hökumət mövcud situasiyaya uyğun olmayan davranışlar sərgiləyir. Maliyyə naziri bəyan edir ki, pulları banklara etibar etmirsinizsə, gətirin dövlət istiqrazlarına yatırın. Bu baxımdan, qəti fikir söyləmək çətindir. Görünən isə odur ki, Azərbaycanın valyutaya ehtiyacı var. Biz isə təklif etmişdik ki, Azərbaycanın xarici banklardakı valyuta ehtiyatlarının bir qismi ölkəyə gətirilsin. Ona görə ki, Azərbaycanın beynəlxalq donorlardan alacağı kreditlərin faizləri Dövlət Neft Fondunun aktivlərinin idarə olunmasından əldə olunan gəlirlərdən çoxdur. Nə üçün hökumət öz ehtiyatlarımızın istifadəsini həyata keçirməsin? Dövlət Neft Fondu böhranlı dövrlərdə iqtisadi tənəzzülün qarşısını almaq kimi məqsədlər üçün formalaşdırılıb. Bu baxımdan, indi sığorta yastığı deyilən vəsaitlərdən istifadə edilmir. Düşünürəm ki, Azərbaycanın valyuta ehtiyatları var. Əgər Neft Fondunun vəsaitlərinə qənaət etmək istəyirlərsə, o halda BVF və Dünya Bankı pis tərəfdaş deyil. Ancaq burada bir məsələ var. Beynəlxalq Valyuta Fondu hansı ölkəyə getmək istəyirsə, kredit verirsə, müəyyən şərtlər irəli sürür. Bunlar maliyyə intizamı, korrupsiyaya qarşı mübarizə, beynəlxalq hesabatlılıq, hökumətin şəffaflığı, xərcləmələrə nəzarətdir. Bu, BVF-nin funksiyasıdır. Ehtimallara görə, həmin şərtlər aparılan danışıqlarda Azərbaycan hökumətinin ürəyincə olmayıb. Amma bizdə olan məlumata görə Asiya İnkişaf Bankı ilə 500 milyon dollar kredit götürülməsi barədə razılaşma artıq əldə olunub. Çünki bu qurum heç bir şərt irəli sürmür”.

Ekspert hesab edir ki,  Maliyyə Nazirliyinin problemin həllini əhalidə olan manat və dollar kütləsini daxili  istiqrazlara yerləşdirmək təklifi istənilən nəticəni verməyəcək. Bu da banklara inamsızlığın olması ilə bağlıdır. Eyni zamanda, istiqrazların faizləri və gəlirliyi devalvasiya qarşısında çox aşağıdır. Digər tərəfdən, dövlət istiqrazlarına dair öhdəliklərin yerinə yetiriləcəyinə təminat yoxdur. Gələcəkdə istiqrazların geri qaytarılması problemlə üzləşə bilər. Amma xarici istiqrazlardan müəyyən qədər qazanc əldə etmək mümkündür.

Respublikaçı Altetrnativ Hərəkatının İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlının fikrincə, Azərbaycanın beynəlxalq maliyyə qurumlarının yardımına ehtiyacı var. Sadəcə olaraq, hökumət BVF-nin irəli sürdüyü şərtləri qəbul etmək istəmir: “Manatın məzənnəsini saxlamaq üçün Mərkəzi Bankın ehtiyatlarını transfert edəcəklər. Eyni zamanda, cari ili dövlət büdcəsindəki kəsirləri azaltmaq üçün transfertlər ediləcək. 2018-ci il üçün TANAP, TAP kimi layihələrinə görə Azərbaycan 11 milyard dollara qədər pul ödəməlidir. Bu ödəmələr hər il  həyata keçirilməlidir. Ehtimallara əsasən Neft Fondunun ehtiyatları 2018-ci ilin ortalarına qədər tükənə bilər. Dünya bazarında netfin qitməti qalxmasa, belə olacaq. Azərbaycan hökuməti cəmiyyətə açıqlamasa da xarici dövlətlərdən və təşkilatlardan kredit axtarışına çıxıb. İlk növbədə, Azərbaycan hakimiyəti bu məqsədlə ötən il Səudiyyə Ərəbistanına müraciət etsə də, müsbət cavab ala bilmədi. Ona görə də Beynəlxalq Valyuta Fonduna üz tutublar. Mən Samir Şərifovun çıxışını o qədər də ciddi hesab etmirəm. Çünki nazirin açıqlaması cəmiyyəti sakitləşdirmək məqsədi daşıyır. Ona görə də həm Samir Şərifov, həm Elman Rüstəmov bir-birini təkzib edən fikirlər söyləyir. Amma mən hesab edirəm ki, Azərbaycan hökuməti beynəlxalq maliyyə qurumlaına müraciət edib, danışıqlar da başlayıb. Məsələnin siyasi tərəfini də vurğulamaq istəyirəm. Beynəlxalq Valyuta Fondu ABŞ-a bağlı olan bir təşkilatdır. ABŞ-ın razılığı olmasa, BVF Azərbaycana kredit verməyəcək”.

Politoloq bildirdi ki, ABŞ insan hüquqları və demokratiya sahəsində yaranmış problemlərə görə, Azərbaycana sanksiyalar tətbiq etsə, bu vəsaitin ayrılmasına qadağa qoyulacaq. Çünki  Helsinki Komissiyasının rəhbəri Kristofer Smitin “Azərbaycanda Demokratiya Aktı-2015” qanun layihəsində   BVF və DB-nın Azərbaycana maliyyə sanksiyaları tətbiq edilməsinə dair bəndlər yer alır: “Bu yalnız iqtisadi deyil, həm də siyasi məsələdir. Beynəlxalq Valyuta Fondu monetarist bir təşkilatdır və tam azad iqtisadiyyatın tərəfdarıdır. Maksimal dərəcədə siyasətin iqtisadiyyata müdaxiləsinin əleyhinədir. Bu isə o deməkdir ki, ciddi şəkildə özəlləşdirməyə gedilməlidir, dövlət iqtisadi proseslərə maksimal dərəcədə müdaxilə etməməlidir, o cümlədən dövlət idarəçiliyi effektiv şəkildə həyata keçirilməlidir. Bu halda dövlət xərclərinin həcmi və dövlət işçilərinin sayı kəskin azaldılmalıdır. Azərbaycan hökuməti də buna hazır deyil. Çünki burada söhbət 4-5 nəfərin ixtisarından deyil, 100 minlərlə insanın işdən çıxarılmasından gedir. Bu da  Azərbaycan hakimiyyəti üçün ağır siyasi fəsadlara gətirib çıxara bilər. Eyni zamanda, hökumət BVF-nin təklifləri əsasında bir sıra sosial proqramları ixsisara salmalıdır. Siyasi məsələlərə gəlincə, burada insan haqları və demokratiya nəzərdə tutulmur. BVF-ni siyasi qərarların verilmə mexanizmi maraqlandırır. Azərbaycan hakimiyyəti bu mexanizmi şəffaflaşdırmalıdır. Tutaq ki, ali icra hakimiyyətinin tam üstünlüyünün azaldılması, parlamentin səlahiyyətlərinin artırılması və sairə. Bu da konstitusiya islahatları tələb edir.  Azərbaycan hökuməti də buna razı olmaz. Digər tərəfdən, ABŞ insan haqlarının vəziyyətinə görə Azərbaycana sanksiya tətbiq etsə, BVF bir qəpik də olsun kredit verməyəcək. Kris Smitin təqdim etdiyi layihənin mahiyyəti də vəzifəli şəxslərə, onlara yaxınlarının ABŞ-a getməsinə viza verilməməsi, ikincisi maliyyə sektoruna sanksiyaların tətbiq edilməsindən ibarətdir. Çünki dünya bazarında neftin qiymətinin qalxması ehtimalı yoxdur və Mərkəzi Bankın ehtiyatları tükənir. Aydın məsələdir ki, bu hökumətə maliyyə lazım olacaq. Ona görə də beynəlxalq təşkilatlara, o cümlədən BVF-yə təklif olunur ki, Azərbaycana yardım verməsinlər”.

Müşfiq Abdulla